"Heç olmazsa bizi xatırlayın" (2ci hissə)
Gizli təşkilatın qurucularından və rəhbərlərindən olan Allahverdi Qurbanovun 1965-ci ildə 25 yaşı vardı, Biləsuvar (ovaxtkı Puşkin) payonunun Qriboyedovka kəndindən idi, Bakı Neft və Kimya Texnikumunun axşam şöbəsinin 3-cü kursunda oxuya-oxuya Leytenant Şmidt adına Maşınqayırma Zavodunda çilingər işləyirdi və həmin zavodun Çapayev küçəsindəki yataqxanasında qalırdı. Komitənin ayrı-ayrı üzvlərinin məşvərətə, məsləhətə toplaşdığı gizli görüş yerlərindən biri elə onun otağı idi.
İlk müzakirələri və mübarizələri Azərbaycan dilinin dövlət dili kimi respublikada geniş və azad tətbiqi ətrafında isə, tədricən məqsədlərinin dairəsi genişlənmişdi, Güney Azərbaycan da, Azərbaycanın SSRİ-dən ayrılaraq müstəqil dövlətə çevrilməsi fikri də onların uğrunda çalışdıqları başlıca istiqamətlər arasında yer almışdı.
Gün yetişdi ki, Güney mövzusunun Azərbaycan sovet mətbuatında toxunulmaz həddə çatdırıldığı çağlarda həmin yataqxanadakı balaca otaqda Allahverdi və dostlarının bu haqdakı qızğın, bir qədər də inqilab romantikası qovuşmuş söhbətləri, o dövrdə hətta əlçatmaz sayıla biləcək diləkləri onların artıq ahıllıq vaxtlarında gerçəyə çevrildi.
Çapayev küçəsi dönüb oldu Təbriz küçəsi, Şmidt zavodu da Səttarxan zavoduna çevrildi.Bunlar baş verəndə, həmin baş verənləri yaxınlaşdıran 1980-1990-cı illərin xalq hərəkatı dönəmində 1965-ci ildəki mübarizlərin təqribən heç biri meydanda deyildi. Ancaq bütün bunlar baş verdisə, arzular həyata qovuşdusa, bunda həmin köhnə dil müdafiəçilərimizin də xidmətinin olması heç vəchlə hesabdan çıxarılmamalıdır. Dama-dama göl olar. Sonrakı seli yaradan həm də Allahverdi və məsləkdaşları kimi igidlərin daha qəliz dövrlərdəki qorxmaz çalışmaları idi.
Rafael Hüseynov
"525-ci qəzet"