13 yanvar, 2025
Paylaş:

Hacıbaba Bağırov

Fərariliyə görə həbs edilən, özündən 37 yaş kiçik xanımla evlənən, həkim səhlənkarlığının qurbanı olan, teatrda yaşayan, Biləcəridə maşinist köməkçisi işləyən məşhur aktyorumuz, Xalq artisti Hacıbaba Bağırov... Teatr və kino sənətinin korifeylərindən olan sənətkar genişşaxəli yaradıcılığı ilə yanaşı, maraqlı, eyni zamanda təzadlı şəxsi həyatı ilə də seçilib...

Hacıbaba Ağarza oğlu Bağırov Bakının Maştağa kəndində dünyaya gəlib. Atası Ağarza "Passaj" bazarının müdiri olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kəndindən olan Cəlal bəyin qızıdır. Deyilənə görə, sənətkarın ana nənəsi polyak imiş.

Komediya ulduzu Hacıbaba Bağırov çoxcəhətli aktyor idi. Gözəl səsi və rəqs etmək qabiliyyəti olan sənətkar istər tamaşalarda, filmlərdə, istərsə də konsertlərdə özünəməxsus şövqlə mahnılar ifa edərdi. Xüsusilə də məzəli və lirik nəğmələr onun ifasında mükəmməl alınırdı. Rəqs kompozisiyaları da maraqlı olurdu.

Aktyor 5 dəfə rəsmi nikahda olub. Bu nikahlardan 3 övladı dünyaya gəlib. Hacıbaba müəllim ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və bu nikahdan bir qızı dünyaya gəlib. Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan Almaz adlı həkim xanımla evlənib. Deyilənə görə, bu qadın Qanköçürmə institutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın birlikdə evdə yaşayıblar. Maraqlıdır ki, xalq artistinin bu nikahdan övladı olmayıb. Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən öz övladı kimi qəbul edib və "Bağırov" soyadına keçirib. "Şirbalanın məhəbbəti" filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Çox güman ki, bu uşaqların həmin filmdə rol almaları aktyorun öz ideyası olub. Sənətkarın sonuncu evliliyi isə özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən Şölə adlı qızı dünyaya göz açıb. Maraqlı burasıdır ki, aktyorun ilk övladı son övladından 50 yaş böyükdür.

Hacıbaba məllimin həyatında olan daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. Qeyd edək ki, o, Azərbaycan Dəmiryol Məktəbini bitirib. Deyilənə görə, uzun illər dostluq etdiyi Siyavuş Aslanla sonradan küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Sonra Hacıbaba Bağırov direktor olub, Siyavuş Aslan isə bədii rəhbər. Siyavuş Aslan bu səbəbdən küsüb Akademik Milli Dram Teatrına gedir. Bir müddət sonra Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstərirlər. Burada küskünlüyə son versələr də, ömürlərinin sonuna qədər onların ulduzları barışmır.

Hacıbaba Bağırov müxtəlif dönəmlərdə teatrda gecələməli olub. Qısaca desək, bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Deyilənə görə, Almaz xanımla ailəli olanda o həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb. Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin ovaxtkı sədri Aydın Məmmədovun yanına gedib xahişindən sonra aktyora birotaqlı mənzil verilir və o bu evdə Almaz xanımla yaşayır. Onunla ayrılanda isə heç bir ev iddiası qaldırmır və yalnız pencəyini götürərək evi tərk edir. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış.

Aktyorun şəxsi həyatı barədə danışanlar onun mərhum aktrisa Lütfiyyə Səfərova ilə də eşq macərası yaşadığını bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edir ki, bu, yalandır və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər: "O, iki şeyi çox sevirdi: Qadınlarla münasibət qurmağı və gözəl geyinməyi...".

Hacıbaba Bağırov bir çox komediya aktyorları kimi həyatda xarakter baxımından ciddi şəxsiyyət olub. O, teatra daxil olan kimi əməkdaşlar qeyri-iradi olaraq özlərini yığışdırırmışlar. Buna baxmayaraq, rəhbəri olduğu teatrın aktyorlarına ən yaxın olan da H.Bağırov imiş. Hətta bəzən aktyorun probleminə görə səlahiyyət sahiblərinə zəng vurub xahiş edərmiş. Yəqin Hacıbaba Bağırovun əllərindəki "nakolka"ları görmüşdünüz. Çoxları bilmir ki, aktyor ömrünün 4-5 ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son "tanışlığı" olub.

Sənətkar kollektivlə sonuncu görüşündə "ölüm-itim dünyasıdı, birdən görüşmərik..." deyib. Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə bir müddət xəstəxanada yatan Hacıbaba müəllim 74 yaşında dünyasını dəyişib. Lakin deyilənə görə onun ölümünə səbəb yalnız bu xəstəlik olmayıb. Ömrünün sonlarına yaxın həkimlər ona müxtəlif diaqnozlar qoyublar. Ona elə dərmanlar yazıblar ki, 60 yaşdan sonra qəbul etmək olmazmış. Doza həddi aşılandan sonra isə aktyorun həzm orqanlarında qanaxma başlayır və bu səbəbdən də dünyadan köçür...

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()