Gündüz Abbasov
Çoxlarımız onu yalnız istedadlı kinoaktyor kimi tanıyırıq. Amma o, həm peşəkar yazıçı, tərcüməçi, həm də jurnalist olub. Üstəlik, özünü rəssam və idmançı kimi də sınayıb... Bu sahələrdə fəxri ada layiq görülməsə də, ən əsası, tamaşaçıların və oxucuların sevgisini qazana bilib... Söhbət kitabların köməyilə heyvanların və quşların dilini öyrənərək Göygöz Kosaya qalib gəlib sevgilisi Mətanəti xilas edən, Həkim babanın qollarını açan, dağları yaran Elşən kimi tanıdığımız, xarizmatik aktyorumuz, dağlı balası Gündüz Abbasovdan gedir...
Aktyor Bakının məşhur Dağlı məhəlləsində, tanınmış yazıçı, jurnalist, Azərbaycan radiosunun ilk sədri, Bakı kinostudiyasının direktoru Şəmsəddin Abbasovun və böyük dramaturq Cəfər Cabbarlının qardaşı qızı Mələk xanımın ailəsində dünyaya gəlib.
Valideynləri onun adını "Sevil" pyesindəki Balaşın oğlu Gündüzün şərəfinə qoyublar. Uşaqlıqdan sənətə böyük maraq göstərən Gündüz Bakı Rəssamlıq Məktəbini, daha sonra isə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
İmkanlı ailədə böyüyən Gündüz yaraşıqlı olduğundan və zövqlə geyindiyindən, onu elə küçədə görüb filmə dəvət ediblər. Elə o vaxtdan ard-arda filmlərə çəkilməyə başlayıb. "Onun böyük ürəyi", "Bir qalanın sirri" filmləri ilə Azərbaycan kinosuna öz möhürünü vuran aktyor "Mozalan"da da 20-dən çox müxtəlif obrazları canlandırıb. Bundan əlavə, o, "Aygün", "Bizim küçə", "Leyli və Məcnun", "Telefonçu qız", "Dədə Qorqud", "İşarəni dənizdən gözləyin", "Babək" və digər filmlərdə də bir-birindən yaddaqalan obrazlar yaradıb.
Aktyor iki dəfə ailə həyatı qurur. Dövrünün ən qalmaqallı sevgi hekayəsini yaşayan Gündüz Abbasovun birinci evliliyi özündən doqquz yaş kiçik, məşhur və zabitəli aktrisa Ofeliya Məmmədzadə ilə olur. Lakin bu ailə bir müddət sonra Gündüz Abbasovun xəyanəti ucbatından dağılır. Xoşbəxt bir evlilik bir dedi-qodunun qurbanı olur. Qürurlu Ofeliya xanım eşidir ki, onun canından çox sevdiyi həyat yoldaşı başqa bir məşhurla eşq yaşayır. Əvvəl bunu şayiə hesab edən aktrisa sonradan məsələnin gerçək olduğunu anlayır. Həmin qadının dövrünün ən sevilən və prestijli aktrisası Hökümə Qurbanova olduğundan xəbər tutur. Çünki o vaxt 2 həyat yoldaşından da ayrılmış həmin məşhur qadının özündən 17 yaş kiçik aktyor sevgilisi haqqında bütün Bakı danışırdı. Ofeliya Məmmədzadə boşandıqdan az sonra, bəlkə də qisas səbəbi ilə, elə o "dedi-qodu"nun geniş yayıldığı ərəfədə "sevgililəri" "yandırıb- yaxmaq" üçün daha tez addım atır. Hər iki xəyanətkardan intiqamını belə alır: O, ailəsini dağıtmış Hökümə Qurbanovanın 25 illik həyat yoldaşı olmuş, tanınmış teatr rəssamı Nüsrət Fətullayevlə ailə qurur. Baxmayaraq ki, cütlüyün arasında 26 yaş fərqi vardı. Gündüz Abbasov isə bir müddət sonra ikinci dəfə ailə qurur. Lakin 10 ildən sonra bu evlilik də ayrılıqla nəticələnir. Bununla da aktyor "evlilik kitabını" birdəfəlik bağlayır, ömrünün son günlərinə qədər tək yaşayır.
Deyilənə görə, Gündüz universitetdə oxuduğu müddətdə bir qızı sevibmiş. Ondan yaşca böyük olan sevgilisi onunla eyni kursda oxumaq üçün bir il kursda qalıb. Lakin qızın valideynləri ayrıldığı üçün anası onu Gündüzə almayıb. Onlar ayrılmalı olublar. Sonralar taleyi gətirməyəndə aktyor anasını günahlandırıb deyirmiş: "Məni sən bədbəxt elədin". Uzun müddətdən sonra başqa adama ərə gedən həmin qız öz oğluna Gündüzün ən məşhur obrazlarından olan Elşən adını verib...
Sağlamlığı barədə heç vaxt şikayəti olmayan aktyorun ölümündən iyirmi gün əvvəl ayaqları tutulur, yatağa düşür. İlkin həkim müayinəsindən sonra məlum olur ki, o sirrozdur. Vəziyyəti getdikcə daha da pisləşir, komaya düşür. 65 yaşlı aktyorun ölüm yatağında dediyi son sözləri belə olur: "Peşman olmuşam"...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.