Gülxar Həsənova
Milli opera səhnəmizin təkrarsız Ərəbzəngisi Gülxar Həsənova... Təvəllüdü dəyişdirilən, atasının ölümünü oğlundan gizlədən, tərk etdiyi ərini ömür boyu sevən Xalq artistinin çox keşməkeşli həyatı olub...
Gülxar Həsənova Şəmkirdə dünyaya göz açıb. Atası İbrahim kişi, anası Nabat xanım tanınmış bəy nəslindən olublar. Deyilənə görə, 7 yaşlı Gülxar məktəbə getməzdən əvvəl sərbəst oxumağı və yazmağı bacardığı üçün yeddiillik məktəbin birbaşa ikinci sinfinə qəbul edilib.
Səhnə fəaliyyətinə gənc yaşlarından başlayıb. Gənc Tamaşaçılar Teatrının solisti olub. Üzeyir Hacıbəyov Gülxar xanımın səsini çox sevirmiş. Bir dəfə "Şah İsmayıl" operasına tamaşa edən zaman Üzeyir bəy başını bulayıb deyir: "Bu qız Ərəbzəngini necə oynayırsa, mən onun Gülxar olmasını unuduram. Elə bilirəm ki, hansısa bir kişi müğənnidir. Halal olsun ona".
Klubda özündən 11 yaş böyük olan aktyor Ağadadaş Qurbanovla tanış olur. Bir müddət sonra aktyor ona evlənmək təklif edir. Lakin aktrisanın yaşı nikaha düşmədiyi üçün onlar dini kəbin kəsdirirlər. Gülxar xanım həmin gündən sonra tamaşalarda həyat yoldaşı ilə birgə çıxış etməyə başlayır.
Ağadadaşı sevən qadınlar çox olub. Onlardan biri isə vaxtilə Gülxarla Tibb İnstitutunda oxuyub. Aktyorun bütün tamaşalarına gül-çiçəklə gələn həmin qadın Gülxara nifrət edirmiş. Bir gün isə o, belə qərara gəlir ki, Gülxar tamaşadan çıxanda daş atıb onun gözünü kor etsin. Lakin bu məsələdən xəbər tutan Ağadadaş Gülxarın ondan tez teatrdan çıxmasına icazə vermir. Beləliklə, aktrisa böyük bir bəladan xilas olur. Hətta bir gün həmin qadın düz onların evinə qədər gəlir və onunla görüşüb Ağadadaşla bir-birlərini sevdiklərini deyir. Bu sözdən məyus olan Gülxar bir yaşı yenicə tamam olan oğlu Hamleti da götürüb evindən həmişəlik çıxır. Həmin məqamda Ağadadaş Qurbanov evdə yatılı olur.
Ömrünün son günlərinə qədər ilk sevgisinə sadiq qalan xanəndə müsahibələrin birində deyir: "Məhəbbət indiyə qədər öz yerində qalıb. O, öldü getdi, amma mən sağam. Bu günə kimi məni nə qədər adamlar istədi, getmədim. Yüksək vəzifəli insanlar da məni sevib, amma mən demişəm ki, Ağdadaşdan ayrı olsam da, o, başqası ilə evlənsə də, mən onu sevirəm, həmişə də sevəcəyəm".
Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da, bir-birləri ilə küsülü olublar. Amma bu küsülülük ailə məsələlərinə görə yox, teatrdakı problemlərlə bağlı olub. Ağadadaş Qurbanov rəhmətə gedən ərəfədə Gülxar xanım oğlu Hamletlə birgə Moskvaya gedir. Hamlet rejissorluq ixtisasından imtahan verir. İkinci imtahan ərəfəsində Gülxara Ağadadaşın ölüm xəbərini çatdırırlar. Xəbəri eşidən aktrisa ağlayır, Hamlet anasının səsini eşidib gələndə, o, ərinin ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin elə həmin gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet ona zəng vurub ağlaya-ağlaya deyir: "Ana, axı sən niyə belə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onu yola salardım".
Yeganə övladı Hamlet mədə xorası xəstəliyindən əziyyət çəkirmiş. Oğlunun səhhətinin pisləşdiyini görən aktrisa onu həkimə aparır. Həkimlər Hamleti Moskvaya aparmağı təklif edirlər. Maddi vəziyyəti yaxşı olmayan aktrisa səhiyyə nazirliyinin xətti ilə oğlunu Moskvaya aparır. Lakin oradakı xəstəxanada təmir getdiyindən onlara altı aydan sonra gəlməyi tapşırırlar. Altı aydan sonra isə aktrisa oğlunu yenidən ora aparmaq üçün pul tapmır. Bir çox yerlərə müraciət edir, yalvarır, kömək olmur. Göz yaşları içində küçədə gedərkən bir nəfər onu tanıyıb saxlayır, ağlamağının səbəbini biləndən sonra onlara kömək edəcəyinə söz verir. İkinci dəfə həmin adamın köməkliyi ilə Hamlet Moskvada əməliyyat olunur. Lakin bu əməliyyatın da ona köməyi olmur və bir müddət sonra vəfat edir.
Aktrisanı sevənlər, onunla ailə qurmaq istəyənlər çox olub. Bir gün gözlənilmədən aktrisanın evinə altı qadın gəlir. Onlar ağlayıb evin tək oğlu olan qardaşlarının Gülxarı sevdiyini və ondan başqa heç kimlə ailə qurmayacağını deyirlər. Gülxar qadınlara deyir ki, oğlana deyin mənim yanıma gəlsin. Oğlan onlara gəlir. Aktrisa onunla birgə güzgünün qarşısına keçib deyir: "Özünə də bax, mənə də. Mən sənin müəllimən yaşındayam, adam da müəlliməsinə aşiq olar? Get, toy elə, mən heç bir toya getməsəm də sənin toyuna gəlib oxuyacam". Gənc oğlan onu dinləyir və başqa qadınla evlənir. Gülxar Həsənova vədinə əməl edir. Hədiyyə alaraq oğlanın toyuna gedir.
Oğlu Hamlet öləndə anasına iki şeyi vəsiyyət edir. Heç vaxt ağlamamasını və atasının yanında dəfn edilməsini. Bəzi rəsmi məsələlər isə Hamletin vəsiyyətinə mane olub. Hamlet Qurbanov Rübabə Muradovanın yaxınlığında dəfn olunub. Bu səbəbdən Gülxar Ağadadaş Qurbanovun məzarını ziyarət etməyə gedə bilmirmiş. Hər dəfə ora gedəndə oğlunun yerinə yetirə bilmədiyi vəsiyyəti yadına düşürmüş.
Oğlunun vaxtsız ölümündən sarsılan aktrisa ömrünün son günlərinə qədər onun xatirəsi ilə yaşayır. Hətta onun üçün "Gülü budağında xar olan Gülxar" adlı şeir də yazır. Mənzilinin bir otağını başdan-başa Hamletin fotoları ilə bəzəyir. Hər dəfə oğlunun məzarı üstündən qayıdandan sonra halı pisləşən, ürəyi gedən Gülxar Həsənova 87 yaşında dünyadan köçür...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.