Guccio Gucci
"Gucci" dedikdə bir çox geyim və ətriyyat markasını geridə qoyan brend yada düşür. Bu məqamda yəqin onun yaradıcısının həyat hekayəsi də çoxlarına maraqlıdır. Qadınlar modanın əsas təyinedicisi hesab olunsalar da, sözügedən markanın yaradıcısı Guccio Gucci istisnadır. İtalyan əsilli bu şəxs İngiltərədə dünyaya gəlib. Modelyerlik ona irsən keçib. Belə ki, atası hazırladığı şlyapaların satışı ilə məşğul olub. Guccio gənc ikən bir müddət İngiltərədə yaşayıb və orada böyük oteldə liftçi işləyib. İşini itirdikdən sonra isə vətəninə dönmək qərarına gəlib. Həmin ərəfədə Anda Kalvelli adlı xanımla evlənib. Bu izdivacdan çütlüyün altı övladı dünyaya gəlib.
İlk olaraq dəri çamadanların istehsalı ilə məşğul olmağa başlayan modelyerin açdığı kiçik mağaza qısa zamanda bütün Avropada məşhurlaşır. Florensiyalı dizaynerin hazırladığı aksessuarlar çox keçmir ki, keyfiyyət rəmzinə çevrilir. "Gucci" şirkəti sonradan jokeylər üçün modellər hazırlamağa başlayır. Bunun səbəbi isə şirkətin daimi müştərilərinin çoxunun at sürmələri ilə bağlı idi. Müşətərilər brendə ata aid müəyyən detallar əlavə edilməsini istəmişdilər. Gucci də onların fikrini nəzərə alıb atın yüyənini detal kimi öz məhsullarına əlavə edir. Guccinin loqosuna fikir versəniz onun at nalına bənzədiyinin fərqinə vararsınız. Loqo həm də Guccio Guccinin baş hərflərini ifadə edir. 71 yaşında həyatla əbədi vidalaşan modelyer təəssüf ki, öz adını daşıyan loqonun rəsmi şəkildə ictimaiyyətə təqdim olunduğunu görə bilmir. Onun yaratdığı moda evi isə oğlanları Aldo, Vasko, Uqo və Rodolfa miras qalır. Övladları atalarının yolunu davam etdirərək Paris, London və Tokioda mağaza açırlar. Həmin illərdə "Gucci"nin Odri Hepbern, Piter Sellers, Sofi Loren, Ronald Reyqan və onun həyat yoldaşı kimi məşhur pərəstişkarları vardı. 1960-cı ildə artıq dünya moda aləmində populyarlıq qazanan "Gucci"nin adı "şık" sözünün sinonimi kimi səslənirdi. Ronald Reyqan ABŞ prezidenti olana kimi hər yerdə fəxrlə "Gucci" firmasının ayaqqabılarını geydiyini deyirdi. Kürsüyə qalxdıqdan sonra isə ölkə prezidenti kimi o, artıq yerli malları tərifləməyə məcbur idi. İtaliyada Qreys Kellinin şirkətlə münasibətləri barədə də maraqlı əhvalatlar danışılırdı. Deyilənlərə görə, Qreys Kelli bir dəfə Romaya gəlmiş və üzərində "Gucci"nin markası olan güllü ipək şərfə sahib olmaq arzusunu bildirmişdi. Amma o, burada xoşuna gələn model tapmır. Şirkət rəhbərliyi dərhal dizaynerlərə sifariş verir. Kelli öz sifarişini alanda şərfin üzərindəki zərif çiçəklərə heyran qalır. Həmin şərf sonradan kütləvi satışa çıxarılır. Monaka knyazı Renye buna bənzər şərfləri Qreys Kelli ilə toy mərasimlərindən sonra bütün qonaqlara hədiyyə verir. Bununla da "Gucci" artıq meşşan saray xadimlərinin markası statusunu itirir. 60-cı illərdə yaxşı ailələrdən olan qızlar ən çox "Gucci"nin xəz mantoları, mirvari zinyət əşyaları, əl çantaları, saç sancaqları, dəsmallar və ayaqqabılarına müraciət edirdilər.
1980-ci ildə Gucci ailəsində baş verən xoşagəlməz söz-söhbətlər brendə də təsirsiz ötüşməmişdi. Lakin sonralar şirkətin idarəsini ələ alan Tom Ford tez bir zamanda markanı dirçəldə bilmiş və 5 il ərzində Gucci brendinin dəyəri 4 milyarda çatmışdı. Hətta Gucciyə aid cinslər 1988-ci ildə Ginnesin Rekordlar kitabına düşmüşdü. Bu cinslərin qiyməti 3,134 dollar təşkil edirdi. Gucci öz məhsullarında zamanla fərqli materiallara üstünlük verib. Bunlar içərisində bir çoxlarımıza tanış olan bambuk da yer almaqdadır. Hazırda "uniseks" adlandırılan stilin də yaranma tarixi məhz "Gucci" moda evinin adı ilə bağlıdır.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.