“Görürəm, Heydər Əliyev səni çoxdan bu vəzifəyə hazırlayır...”
"Xalq qəzeti"
Heydər Əliyev Moskvaya gedəndən sonra Həsən Həsənovu ideoloji katib vəzifəsindən niyə uzaqlaşdırdılar?
Redaksiyamızın qonağı Həsən Əziz oğlu Həsənovla ikinci söhbətimiz də ümummilli lider Heydər Əliyev haqqındadır.
II söhbət
– Həsən müəllim, Sovet İttifaqında xalqların bərabərliyindən nə qədər danışsalar da, velikorus şovinizmi hakim bir irs kimi beyinlərdə qalırdı. Birinci katib olanda Heydər Əliyevin milli-mənəvi dəyərlərin, adət-ənənələrin bərpası, milli kadr siyasəti İttifaq rəhbərliyi tərəfindən necə qarşılanırdı?
– Heydər Əliyev Moskva, Kreml isteblişmenti tərəfindən ilk əvvəl Azərbaycanda qanun-qayda yaratmağa potensialı olan, bunu bacaran bir şəxsiyyət kimi qəbul olunurdu. O, bu posta iqtisadi cəhətdən geridə qalan əyalət respublikasında modernləşməni həyata keçirməyi bacaracaq, neqativ hallara və özbaşınalığa qarşı mübarizə aparacaq cəsarətli bir rəhbər kimi təyinat almışdı. İlk növbədə, Sov.İKP MK-nın Baş katibi Brejnev onu belə görürdü və imkanlarını yüksək dəyərləndirirdi. İnsafən, Brejnev özü respublikadakı milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsinə millətçilik kimi yanaşmırdı. Amma ətrafında olan və rus şovinizmindən qurtula bilməyən adamlar orda-burda Əliyevin milli əhval-ruhiyyəsini millətçilik kimi yozur və dedi-qodu ilə məşğul olurdular. Brejnev isə, ilk növbədə, istəyirdi ki, SSRİ-nin bir üzvü kimi Azərbaycan inkişaf etsin, əhalinin güzəranı yaxşılaşsın.
Baxın, Heydər Əliyev respublika rəhbəri seçilənə qədər SSRİ-də üç respublika – Tacikistan, Türkmənistan və Azərbaycan sosial-iqtisadi göstəricilərə görə daim sonuncu üç yeri 13, 14 və 15-ci yerləri bölüşürdülər. Gah Tacikistan 13-cü, Azərbaycan 14-cü, Türkmənistan 15-ci olurdu, gah da əksinə. Heydər Əliyev hakimiyyətə gələndən sonra bu vəziyyət çox qısa bir zamanda tamamilə dəyişdi.
Məsələn, 1970-ci illərdə SSRİ-də bəzi iqtisadçılar və yüksək çinli məmurlar təklif irəli sürdülər ki, Azərbaycan neft sənayesinə yatırım etmək lazım deyil. Bu ideyanın əsas müəllifi məşhur Aqanbekyan idi. Bu o Aqanbekyan idi ki, bir müddət sonra Qarabağda separatizmi alovlandırmağa və Azərbaycanı parçalamağa çalışacaqdı. O təklifini belə əsaslandırırdı ki, Azərbaycanda neft ehtiyatları tükəndiyindən oradakı neft sənayesinə vəsait yatırmaq düzgün deyil. Bundan sonra əsas vəsaiti Sibirə və Tatarıstana yönəltmək lazımdır. Əslində, Heydər Əliyev hakimiyyətə gələndə neft sənayesində vəziyyət, həqiqətən, çox ağır idi. Pambıq planımız 400 min ton idi, lakin 200-250 min ton ancaq toplaya bilirdik. Üzümçülükdə, vəd edilmişdi ki, böyük inkişaf olacaq, lakin bu sahədə də vəziyyət ürəkaçan deyildi, cəmi 100-150 min ton üzüm yığılırdı. Ola bilsin, rəqəmlər bir qədər dəqiq olmasın, amma hər halda respublikada iqtisadi vəziyyət ürəkaçan deyildi. Ona görə də başqa respublikalarla müqayisədə əhalinin sosial durumu çox aşağı idi.
Heydər Əliyev respublika rəhbəri kimi fəaliyyətə başlayandan sonra kənd təsərrüfatı, xüsusilə üzümçülük və pambıqçılıq sürətlə inkişaf etməyə başladı. Üzümçülük deyirəm, bəlkə də çoxları buna dodaq büzər, amma bu çox gəlirli və faydalı bir sahə idi. Bilirsiniz ki, üzüm texniki kənd təsərrüfatı məhsulu olduğu üçün onun həm də emal sənayesinə ehtiyac var idi. Ona görə üzümçülük rayonlarının hamısında üzüm emalı zavodları tikilməyə başlandı. Bunun hesabına rayon və kəndlərimizdə mühəndislər təbəqəsi yarandı. O zaman kəndlərimizdə mühəndisləri, demək olar ki, barmaqla saymaq olardı. Yalnız çilingərlər vardı, onlar da ancaq traktorlar təmir edirdilər. Az bir zamandan sonra rayonlarımızda mühəndislərin sayı artdı. Beləliklə, kənd rayonlarında ziyalılar yalnız məktəb müəllimlərinin hesabına deyil, mühəndislər hesabına da artmağa başladı. Bu ilk baxışdan əhəmiyyətli görünməyə bilər, lakin respublikada ziyalı təbəqəsinin sayı sürətlə artırdı, gənclərdə texniki sahəyə meyl yaranırdı.
İkinci vacib məsələ əhalinin gəlirlərinin artması idi. O zaman kəndlərimizdə əhali əsasən çiy kərpicdən tikilmiş birmərtəbəli, darısqal evlərdə yaşayırdı. Heydər Əliyevin islahatlarından və iqtisadiyyatı, kənd təsərrüfatını inkişaf etdirməyə başlamasından sonra hətta kəndlərimizdə belə əhəng daşından iki mərtəbəli, yaraşıqlı və geniş evlər ucalmağa başladı. Əslində bu, SSRİ qanunlarına zidd idi. Heydər Əliyev buna göz yumurdu və milli məmur kadrlarına deyirdi, mane olmayın, qoy tiksinlər. Çünki SSRİ-də qərar qəbul edilmişdi ki, kənd evi neçə kvadratmetr olmalıdır. Baltikyanı respublikalardan fərdi tikililəri əsas götürüb əhali üçün ümumi standart qəbul edilmişdi . Həmin respublikalarda da ailələrdə bir, maksimum iki uşaq olurdu. Bizdə isə ailədə 10, bəzən 15 uşaq olurdu. Heydər Əliyevin Moskvanın verdiyi bu qanunu dəyişməyə imkanı yox idi, amma respublikamızda tikilən fərdi evlərə göz yummağı bacarırdı. Bu da onun cəsarətindən irəli gəlirdi. Əlbəttə, şikayətlər, donoslar var idi, lakin Heydər Əliyevin arqumentləri qarşısında Moskva məcbur olub onunla hesablaşırdı.
Milli-mənəvi dəyərlərin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə tanıdılmasına gəldikdə isə, əlbəttə Heydər Əliyev bu sahədə misilsiz işlər görməyi bacarırdı. O istəyirdi Moskva, Rusiya və onların xalqları Azərbaycan millətinin maddi-mənəvi dəyərləri ilə tanış olsun. Etiraf edək ki, ona qədər bizi bir millət olaraq yaxından tanımırdılar və qiymətləndirmirdilər. Erməniləri, gürcüləri tanıyır və dəyərləndirirdilər. Gürcülərə hələ Stalinin vaxtından münasibət formalaşmışdı. Ermənilərə də ki, onların o milli xüsusiyyətləri – riyakarlıq, özlərini gözə soxmaq və s. sayəsində münasibət yaranmışdı.
Azərbaycanlıları Moskva tanımırdı, bizim milli dəyərlərimizdən xəbərləri yox idi. Tariximizi, mədəniyyətimizi, adət-ənənələrimizi, folklorumuzu, incəsənətimizi bilmirdilər və bu üzdən də milli mənliyimizə lazımi dəyər vermirdilər. Heydər Əliyev millətçiliklə deyil, xalqımızı, onun tarixi, mədəniyyəti, ədəbiyyatı, musiqisi ilə tanıtmağa başladı. Məsələn, Fikrət Əmirovun “Min bir gecə” baleti səhnələşdirildi və SSRİ-nin 20-30 şəhərində nümayiş etdirildi. Azərbaycan İttifaq miqyasında saysız-hesabsız mədəni kütləvi tədbirlər, festivallar, simpoziumlar keçirirdi. Təkcə Rusiyanın deyil, dünyanın bir çox ölkələrindən alimlər, yazıçılar, incəsənət və mədəniyyət xadimləri gəlib bu tədbirlərdə iştirak edir və Azərbaycanla, xalqımızın mədəniyyəti, maddi-mənəvi dəyərləri ilə yaxından tanış olurdular. Təsəvvür edin, Heydər Əliyev Azərbaycan KP MK-nın rəhbəri ola-ola gedib Moskvada Memarlar İttifaqının qurultayında çıxış etdi.
Təbiii ki, Moskva, ilk növbədə, bunu qəbul edirdi. Yəni Heydər Əliyev Azərbaycanı ən yaxşı şəkildə tanıtmağı bacarırdı. Bu da onun istedadından, cəsarətindən, müdrikliyindən irəli gəlirdi. Heydər Əliyevin daxilində millətinə, xalqına sevgisindən irəli gələn, təbii ki, yaxşı mənada millətçilik vardı. Ona görə də Heydər Əliyev Moskvaya yüksək dövlət vəzifəsinə gedəndən sonra bu məsələlər yavaş-yavaş şişirdilməyə başlandı. Bunun ilk zərbəsi də mənə dəydi. Məni ideoloji katib vəzifəsindən uzaqlaşdırıb ilk təhsilimə uyğun olaraq tikinti sahəsinə keçirdilər. Heydər Əliyevin vaxtında buna cəsarət etmirdilər, amma o gedən kimi buna nail oldular. Birinci katib Kamran Bağırov məni yanına çağırıb bildirdi ki, Moskvadan deyiblər, sizi başqa sahəyə keçirək...
– 1981-1983-cü illərdə Siz artıq ideoloji məsələlər üzrə katib idiniz. Həmin illərdə Heydər Əliyevlə aranızda milli mövzuda hansısa isti və gizli söhbətlər olurdumu?
– Sözsüz ki, olurdu. Heydər Əliyev tərəfindən mən Azərbaycan KP MK-ya katib təyin olunanda təsdiq üçün Moskvaya getdim. Orada Suslov məni qəbul etdi. Həmin illərdə “boz kardinal” ləqəbi almış Suslov SSRİ-nin əsas ideoloqu idi. O, mənim bir səhifəlik anketimi bir neçə dəfə oxudu. Sonra gözümün içinə baxıb çox ciddi şəkildə dedi:−Görürəm, Heydər Əliyev səni çoxdan bu vəzifəyə hazırlayır axı...
Dediyim kimi, Heydər Əliyev 1971-ci ildə məni işə qəbul edəndə, demək olar ki, 1974-cü ilə qədər məni qiyabi tanıyırdı. Yəni mənə rəhbərlik edən adamların rəyini əsas götürürdü. Tapşırıq verirdilər və necə yerinə yetirirdimsə, onu da Heydər Əliyevə çatdırırdılar. 1974-cü ildən sonra artıq bilavasitə birbaşa əlaqələrimiz başladı. Bu vaxtlar Mərkəzi Komitədə şöbə müdirinin müavini işləyirdim. Məni yaxından tanıyandan sonra 26 Bakı Komissarı – indiki Səbail Rayon Partiya Komitəsinin katibi vəzifəsinə təyin etdi. Əslində birbaşa əlaqələrimiz müntəzəm şəkildə oradan başladı. Sonra Sumqayıt PK-da, daha sonra o zamankı Kirovabad şəhər PK-nın birinci katibi vəzifələrində çalışdığım zaman daha sıx ünsiyyətdə olurduq. 6-7 illik birbaşa əlaqələrimiz sayəsində artıq onun haqqımda kifayət qədər təsəvvürü və məlumatı var idi.
Namizədliyimi MK katibliyinə irəli sürəndə isə artıq mənə tam inamı vardı. Bu vəzifəyə təyin olunanda mənə dedi: −Həsən, mən hiss edirəm ki, bu vəzifə sənin canında, qanındadır, inanıram bu sahədə potensialını ortaya qoya bilərsən. Sən burda bizim xəttimizi davam eləməlisən...
Çünki məndən əvvəl olan katiblərdən biri Azərbaycan dilində düz-əməlli danışa bilmirdi və Heydər Əliyevin içindən keçən əvvəl söylədiyim məsələlərə çox da baş qatmırdı. Sonrakı katiblər də bu işlərə elə maraq göstərmirdilər. Azərbaycan tarixini, mədəniyyətini, incəsənətini, adət-ənənələrini elə də yaxşı bilmirdilər.
Heydər Əliyev sözünə davam edərək dedi: − Sən Azərbaycan dilində sərbəst danışırsan, tariximizi, ədəbiyyatımızı, adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizlə bağlı məsələləri bilirsən.
Heydər Əliyev bu keyfiyyətlərimi mən, Səbaildə, Sumqayıtda, Gəncədə işləyəndə sınamışdı. Gəncədə işlədiyim illərdə üç dəfə ora səfər etdi. Hər dəfə gələndə də bütün günü bir yerdə olurduq. Söhbətlərimiz olurdu, gördüyüm işlərlə maraqlanırdı, suallar verirdi, məram və məqsədimi dərhal duyurdu. Ona görə münasibətlərimiz elə idi ki, ürək sözlərimizi bir-birimizə deyə bilirdik...
Heydər Əliyev: “Vaqifin məqbərəsi bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzidir”
– Bilirəm ki, Heydər Əliyev kimi siz də Vətənə, onun tarixinə, ədəbiyyatına, milli-mənəvi dəyərlərinə bağlı bir adamsınız. Daha çox nə barədə danışırdınız, nələri müzakirə edirdiniz?
– Heydər Əliyevin Vətəninə cani-dildən bağlılığına şübhə ola bilməzdi. O olmasaydı, Həsən Həsənov da o dövrün Həsən Həsənovu olmazdı. Bilmirəm mən o vəzifəyə təyin olunardım, ya olunmazdım. Olunsaydım belə, fəaliyyətim necə olacaqdı, demək çətindir.
Sizə Gəncədə işlədiyim dövrdən bir xatirə danışım. Az bir müddət burada çalışandan sonra bir gün də viranə qalmış, bəziləri dağılmış, bəziləri isə tam uyğun olmayan məqsədlər üçün istifadə olunan məscidlərə rast gəldim. Bakıda heç kimə demədən məscidləri təmir etdirdim. Açığı, bilmirdim Heydər Əliyevin münasibəti necə olacaq? Ancaq qəlbimin dərinliyində bir arxayınçılıq var idi ki, pis qarşılamayacaq.
Bir gün də Heydər Əliyevin köməkçisi Arif Mustafayev mənə zəng edib dedi: --Heydər Əliyeviç Gəncəyə səfərə gəlməyə qərar verib, sən bir proqram hazırla göndər. Mən də dərhal bir proqram düzəldib göndərdim. Bir saat sonra Arif Mustafayev təkrar mənə zəng vurub dedi: “Həsən, sən orda məscidləri təmir etdirmisən, onları nə üçün proqrama salmamısan?” Dedim: “Mən, axı məscid təmir etdirməmişəm”. Dedi: “Necə etməmisən, hamı deyir, təmir etdirmisən axı. Bəs təmir etdirdiyin nədir?” Dedim: “Memarlıq abidələridir”. O, güldü və dedi: “Həsən, qorxma, Heydər Əliyev bilir və bu işə müsbət baxır. Sal proqrama, gələndə özü baxacaq”. Mən də iki təmir olunmuş məscid binasını proqrama saldım. Səfərə gələndə ikisinə də baxdı. Onların birində kitabxana, o birisində isə aptek təşkil etmişdik. Onu da deyim ki, ikisini də təmir edərkən malalanmış hissələri sökəndə altından Quran ayələri yazıları üzə çıxırdı. Göstəriş vermişdim ki, yazılar olduğu kimi saxlansın.
Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi, bugünkü düşüncə ilə desək, yəni Heydər Əliyevin elm, mədəniyyət, ədəbiyyat, mətbuat üzrə müavini deməkdir. Məni bu vəzifəyə təyin edərkən o özü mənə dedi ki, Səbaildə, Sumqayıtda, Gəncədə necə işləmisənsə, o xətti də davam etdir. Bu o demək idi ki, mən arxandayam.
Günlərin bir günü də Heydər Əliyev gözlənilmədən məndən soruşdu:
“Həsən, Vaqifi tanıyırsan?” Soruşdum: “Hansı Vaqifi?” Dedi: “Molla Pənah Vaqifi”. Dedim: “Tanıyıram, Azərbaycan şairi kimi tanıyıram”. Dedi: “Tək şair kimi tanıyırsan? Vaqif tək şair olmayıb”... Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur.
Heydər Əliyev sözünə davam edərək dedi: “Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.
Təsəvvür edirsiniz də, bütün bunları Kommunist Partiyasında ən yüksək vəzifələrdən birini tutan insan deyirdi. Çaşıb qalmışdım. Keçirdiyim hissləri təsəvvür belə edə bilməzsiniz. Sovet İttifaqının respublikalarından birinin partiya rəhbəri əgər bu sözləri sənə deyirsə, demək onun böyük etimadını qazanmısan. Çünki bu, qətiyyən məni sınamaq deyildi. Heydər Əliyevin mənə bu münasibətindən təsviredilməz dərəcədə qürur hissi keçirirdim.
Məqbərənin tikintisi başa çatmağa yaxınlaşırdı. Yayda abidənin açılışını etmək, bu hadisəni Vaqif Poeziya Günləri ilə eyni vaxta salmağı planlaşdırmışdıq. Heydər Əliyev bu ideyaya düzəliş etdi: “Məqbərəni onun tikintisi başa çatandan dərhal sonra açacağıq, poeziya bayramını isə yayda da keçirmək olar”. Məhz buna görə, məqbərənin açılışı Şuşanın qarlı-günlərinə təsadüf etdi, poeziya bayramının isə yayda keçirmək qərara alındı. Yəni Heydər Əliyevin Vaqifin məqbərəsinin açılışını tez keçirməsi Qarabağ xanlığına ehtiram əlaməti idi, poeziya bayramı isə Azərbaycan dilini şərəfləndirmək məramı ilə keçirildi...
Müsahibəni qələmə aldı,
İlqar RÜSTƏMOV