Gənclər Kitabxanasında Zəfər Gününə həsr olunmuş tədbir

05 noyabr, 2026
Paylaş:

Gənclər Kitabxanasında Zəfər Gününə həsr olunmuş tədbir

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsində qazanılmış tarixi Qələbəyə həsr olunmuş “8 Noyabr – Zəfər Günü” tədbir təşkil edilib.

Tədbirdə Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova,  “Türk Dünyası Şair Qadınlar Şurası”nın sədri Xuraman Muradova, Müdafiə Nazirliyinin sektor müdiri Zümrüd Səmədova, Müharibə, Əmək və Silahlı Qüvvələrin Veteranlar Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov, UNESCO və Azərbaycan Rəssamlar Birliyinin üzvü Nigar Helmi, Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva,  filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, “Azərnəşr”in rəhbəri, Əməkdar Jurnalist Əlövsət Ağalarov,   tarixi romanlar müəllifi Yunus Oğuz,  yazıçı, publisist, tərcüməçi, tədqiqatçı, jurnalist Elşad Qoca,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilpar,  Baki-baku.az saytının redaktoru, yazıçı, şair Xanım Aydın və Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəxriyyə Lilparın aparıcılığı ilə keçən tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 8 noyabr tarixinin Azərbaycan tarixində müstəsna əhəmiyyət daşıdığını, xalqımızın milli birliyinin, dövlətimizin qüdrətinin və Azərbaycan ordusunun qəhrəmanlığının təntənəsi olduğunu söyləyərək, Zəfərin Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində yeni bir səhifə açdığını bildirdi.

Akademik Nizami Cəfərov çıxışında bu Qələbənin milli özünüdərkin, vətənpərvərlik ruhunun və dövlətçilik düşüncəsinin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edərək, Zəfər Gününün milli yaddaşımızın qorunması və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətindən danışdı, bu gün gənclərin Vətən müharibəsi həqiqətlərinin, qəhrəmanlıq tariximizin və şəhidlərimizin əziz xatirəsinin yaşadılmasında mühüm missiya daşıdığını vurğuladı.

Polkovnik Cəlil Xəlilov çıxışında qazanılmış tarixi Zəfərin qorunması, onun mahiyyətinin və əhəmiyyətinin gələcək nəsillərə çatdırılması istiqamətində qarşıda hələ mühüm vəzifələrin dayandığını bildirərək, postmüharibə dövründə hərbi və informasiya təhlükəsizliyinin gücləndirilməsinin, ideoloji işin daha sistemli və məqsədyönlü şəkildə qurulmasının xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Əməkdar Jurnalist Əlövsət Ağalarov tarixi Qələbənin sənədləşdirilməsi, arxivləşdirilməsi vacibliyini diqqətə çatdıraraq, bu istiqamətdə kitabxanaların elmi və maarifləndirici fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını söylədi. Ə. Ağalarov “Azərnəşr” tərəfindən bu günlərdə çap edilmiş “İlham Əliyev. İnkişaf-məqsədimizdir. Zəfər. Tam və qəti qələbə” adlı kitabı kitabxanaya hədiyyə etdi.

“Türk Dünyası Şair Qadınlar Şurası”nın sədri Xuraman Muradova Zəfərin Azərbaycan xalqının milli qürur və ləyaqət tarixinin parlaq təzahürü olduğunu bildirərək,  Qarabağın azadlığının yüzlərlə qəhrəman şəhidimizin canı və qanı bahasına əldə edildiyini, bu torpaqların hər qarışının böyük fədakarlıq və mübarizənin nəticəsində əldə edildiyini qeyd etdi. Yaddaşında dərin izlər buraxan Şuşa səfərindən söz açan Xuraman xanım bu qədim şəhərin hər daşında, hər divarında Vətən uğrunda canından keçən şəhidlərimizin ölməz ruhunun yaşadığını, onların Vətən sevgisinin və müqəddəs amalınının  duyulduğunu söylədi və çıxışının sonunda Şuşa fatehlərinə həsr etdiyi “Şuşam” şerini səsləndirdi.

UNESCO və Azərbaycan Rəssamlar Birliyinin üzvü Nigar Helmi Abbasbəyli çıxışında müəllifi olduğu və əsas məqsədi Qarabağın zəngin tarixi-mədəni irsini, qədim memarlıq abidələrini, milli-mənəvi dəyərlərini təsviri sənətin dili ilə yaşatmaq və bu irsi beynəlxalq ictimaiyyətə çatdırılması olan “Qarabağ mirası” layihəsi çərçivəsində yaratdığı əsərlərdə Qarabağın tarixi abidələri, Şuşanın memarlıq nümunələri, dağıdılmış mədəniyyət ocaqları və xalqımızın yaddaşında xüsusi yeri olan məkanların əks olunduğunu bildirdi. Onun sözlərinə görə, hər bir rəsm əsəri yalnız bir məkanın təsviri deyil, həm də xalqımızın tarixi yaddaşını, yaşadığı ağrıları və torpaqlarımıza bağlılığını ifadə edən sənət nümunəsidir.

Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi Azər Turan çıxışında 8 Noyabr Zəfərinin tarixi köklərinin ötən əsrin əvvəllərində baş verən milli istiqlal hərəkatı, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və türk dünyasının həmrəyliyi ilə sıx bağlı olduğunu vurğulayaraq, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin türkçülük və Turan ideyalarının formalaşmasındakı müstəsna rolundan, bu ideyaların xalqımızın milli düşüncəsində, istiqlal mübarizəsində və dövlətçilik təfəkküründə dərin izlər buraxmasından bəhs etdi. Azər Turan bu qələbənin ideya və mənəvi təməllərinin türkçülük məfkurəsindən, milli birlik və Turan düşüncəsindən qaynaqlandığını söylədi.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayaraq, bu tarixi Qələbənin əldə olunmasında Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirərək həyata keçirdiyi məqsədyönlü siyasətin mühüm rolundan bəhs etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, diplomatik məharətinin və strateji rəhbərliyinin tarixi Qələbənin əldə olunmasında müstəsna əhəmiyyət daşıdığını diqqətə çatdıraraq, Şanlı Zəfərin xalqın birliyinin, dövlətin gücünün və Azərbaycan Ordusunun qəhrəmanlığının nümunəsi olduğunu bildirdi.

Müdafiə Nazirliyinin sektor müdiri Zümrüd Səmədova, filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili, tarixi romanlar müəllifi Yunus Oğuz, yazıçı, publisist, tərcüməçi, tədqiqatçı və jurnalist Elşad Qoca, Nizami rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva Azərbaycan xalqının qəhrəmanlıq tarixinin əsrlər boyu formalaşdığını və Zəfərin bu tarixin davamı olduğunu bildirərək,  Zəfər Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi, şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı, milli birlik və həmrəylik mövzuları ətrafında çıxışlar etdilər.

Tədbirin sonunda xatirə şəkli çəkdirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()