Gənclər Kitabxanasında kitab təqdimatı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Rafiq Ələkbərin “Fəlsəfəm mənim” adlı kitabının təqdimat mərasimi təşkil edilib. Tədbirdə yazıçı, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli, “Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə Kərimova, tibb elmləri üzrə fəlsəfə doktoru Alim Şıxəliyev, şair, yazıçı Hikmət Məlikzadə, “Çapar” nəşriyyatının baş redaktoru Dilqəm Əhməd, “Söz” qəzetinin baş redaktoru, şair Arif Musa, müxtəlif elm, mədəniyyət və mətbuat sahəsinin nümayəndələri iştirak edirdi.
Tədbirin aparıcısı Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə Xatirə Fərəcli Rafiq Ələkbərin həyat və yaradıcılığı, müxtəlif illərdə işıq üzü görən kitabları, layiq görüldüyü təltif və mükafatlar haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Ötən əsrin 80-ci illərindən bədii fəaliyyətə başlayan Rafiq Ələkbərin yaradıcılığının ana xəttini Türkçülük və Turançılıq, Vətənə, torpağa bağlılıq, ilahi mövzuların, fəlsəfi-ideoloji mükalimələrin təşkil etdiyini söylədi.
Tədbirdə şair Rafiq Ələkbərin poetik yaradıcılığı, sənət özəllikləri, tərcümə edilən yaradıcılıq nümunələri haqqında müzakirələr aparıldı, yaradıcılığı müxtəlif aspektlərdən geniş təhlil olundu.
Tədbirin sonunda şair Rafiq Ələkbər müəllifi olduğu şeirlərdən nümunələr səsləndirdi, onun üçün yaradılan şəraitə görə kitabxana əməkdaşlarına öz dərin minnətdarlığını bildirdi.
Kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova şair Rafiq Ələkbər tərəfindən kitabxanaya hədiyyə edilən kitablara görə müəllifə öz təşəkkürünü bildirdi, bu kitabların yetişməkdə olan Azərbaycan gəncliyi üçün əsl vətənpərvərlik, Vətənə, doğma yurda bağlılıq nümunələri olduğunu söyləyərək, müəllifə gələcək yaradıcılıq işlərində uğurlar arzu etdi.
Tədbirin sonunda xatirə şəkli çəkildi.














