Gələcək nəslə "xəstə" ekologiya ötürmək olmaz
COP29 məhz bu problemi çözəcək
Hazırda "yaşıl enerji"nin inkişafı və dünya bazarına çıxışı Azərbaycanın enerji siyasətinin əsas prioritetidir.
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim dəyişikliyinə yeni yanaşmalar ortaya qoyacaq, maraqlı tərəflər arasında əməkdaşlığa imkan və şərait yaradacaq. Dünya Azərbaycanın gündəliyinin "yaşıl enerji" olduğunu görəcək.
Bu gün Azərbaycan COP29-la bağlı üzərinə düşən vəzifəni ən yüksək səviyyədə yerinə yetirir, hazırlıq işləri layiqincə görülür. Bunun üçün ilk gündən Təşkilat Komitəsi yaradılıb, əlaqədar qurumlar səfərbər edilib. Müntəzəm olaraq Avropa, Asiya, ABŞ-dən Bakıya səfərlər edilir, eləcə də Azərbaycanın əlaqədar şəxsləri xaricə gedib görüşlər keçirirlər. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu günlərdə Çin səfərini bu qəbildən saymaq olar. O, səfər çərçivəsində yerli "Phoenix" televiziya kanalına verdiyi müsahibəsində COP29-a da toxunub, ötən konfransda irəliləyiş əldə olunmayan iqlimin maliyyələşdirilməsi məsələsinin Bakı konfransında əsas mövzuya çevriləcəyini vurğulayıb. Hikmət Havcıyev deyib: "Yaşıl enerji"yə keçid bizim prioritetlərimizdən biridir. Biz COP29 və ondan sonrakı mərhələdə çinli dostlarımızla fəal işləməyi səbirsizliklə gözləyirik". COP29-un Azərbaycanın qazıntı yanacağına sahib olan ölkə kimi qətiyyətini, eyni zamanda diplomatik və siyasi cəsarətini nümayiş etdirdiyini söyləyən Prezidentin köməkçisi qeyd edib: "Bu, həmçinin bizim güclü və qəti iradəmizi göstərir. Azərbaycan göstərdi ki, biz qərarlıyıq, karbohidrogen ehtiyatları ilə yanaşı, həm də "yaşıl enerji"nin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya töhfə verməyə hazırıq".
Bəs, görəsən COP29 niyə bu qədər vacibdir? Bəşər yaranandan dünya çoxlu sayda təbii və süni fəlakətlərlə üz-üzə gəlir. Amma bunun ən dəhşətlisi insanın öz əli ilə yaratdığı fəlakətlərdir ki, bu da iqlim dəyişikliyini qaçılmaz edir. Bu fəlakət canlı aləmin məhv olmasına yol açır. Faciələrin qarşısını almaq bəşəriyyətin bir nömrəli borcudur, özünün yaratdığı fəlakətdə boğulmamaq üçün təcili tədbirlər görməlidir. Qütb buzlaqlarının əriməsi nəticəsində orda yaşayan suitilər, pinqvinlər, qütb ayıları və canavarları yerlərini dəyişməyə məcburdurlar. Buzlaqların tamamən yox olması həmin canlı aləmin yoxa çıxmasına səbəb ola bilər. Üstəlik də dəniz səviyyəsi qalxa bilər ki, bu da sahil bölgələrdə yaşayan milyonlarla insanı fəlakətlə üz-üzə qoyar. Eləcə də dənizlərə tökülən tullantı və çirkli sular bir çox dəniz canlılarının həyatı üçün böyük təhlükə yaradır.
Mərcanlar, dəniz tısbağası, balina və delfin kimi canlılar iqlim dəyişikliyinin təsirləri səbəbindən daimi yaşayış yerlərini itirirlər.Meşə yanğınları, quraqlıq və digər bənzər fəlakətlər iqlim dəyişikliyinin fəsadlarına yol açır. Nəticədə meşələrdəki canlı aləm məhv olur, nəsli yoxa çıxır. Hələ onu demirik ki, saysız-hesabsız bitki növlərinin kökü kəsilərək ətraf mühitin oksigensiz qalmasına səbəb olur, təbiətin "yaşıl ciyər"i nəfəssiz qalır. Bir sözlə, iqlim dəyişikliyi bütün dünyada insanları, flora və faunanı təhdid edir. Bu gün bu fəlakətlərlə "müharibə"yə qalxıb onun aradan götürülməsinə nail olunmasa, sabahkı nəsil xəstə bir dünyanın xəstə sakini olacaq. Onlara sağlam yaşamaları üçün daha gözəl, daha normal dünya buraxmaq şansını əldən vermək olmaz.
Bütün bu sadalananların aradan qaldırılması, planetin ölü məzarlığna çevrilməməsi üçün COP29 vacibdir, faydalıdır, gərəklidir. Bakının COP29-a evsahibliyi etmək öhdəliyi Azərbaycanın qlobal nüfuzunun artmasını sürətləndirir. Bu, həm də o deməkdir ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizəyə sadiqdir, əlindən gələni etməyə hazırdır, təkcə ənənəvi enerji resursları ilə deyil, həm də artan "yaşıl texnologiya"lar sahəsində regional liderdir. Prezident İlham Əliyevin 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etməsi də Azərbaycanın qlobal səviyyədə strateji addımıdır.
COP29 müasir texnologiyalardan maksimum istifadəyə yol açaraq, Azərbaycanda bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı kimi sahələrdə innovasiyaların tətbiqi prosesini dəstəkləyə bilər. Bu tədbir Azərbaycana "yaşıl infrastruktur" layihələrini və turizm imkanlarını nümayiş etdirmək şansı verəcək və regional əməkdaşlığı gücləndirəcək. Ekoloqların fikrincə, COP29 tədbirləri "yaşıl enerji" ilə bağlı sazişlərə əhəmiyyətli dərəcədə iqtisadi imkanlar açacaq, bazara çıxış üçün şərait yaradacaq. Üstəlik "yaşıl enerji" təşəbbüsünün COP29-la kəsişməsi Azərbaycanın öz iqtisadi mövqeyini gücləndirməsi üçün bir fürsət olacaq.Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov COP29-un iqtisadi imkanlarından söz açaraq deyib: "Əvvəla, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstəklənib və təsdiqlənib. Nəzərə çatdırım ki, Azərbaycan regionda "yaşıl enerji"nin inkişafına ən çox investisiya qoyan ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda "yaşıl enerji" sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir". Vuqar Bayramov onu da qeyd edib ki, eyni zamanda Azərbaycan, həm də Gürcüstan və Qara dəniz vasitəsilə Avropaya öz "yaşıl enerji"sini ixrac etmək niyyətindədir. Bu da ondan xəbər verir ki, 2026-cı ildən sonra Azərbaycan Avropa İttifaqının "yaşıl enerji"yə olan tələbinin ödənməsində xüsusi paya malik olacaq. COP29 Azərbaycanın potensialının və iqtisadi imkanlarının daha yaxından təqdim edilməsinə şərait yaradacaq ki, bu da çox vacib amillərdəndir. Çünki belə tədbirlər bir tərəfdən turizm-xidmət sektorunun dəstləklənməsi və inkişafına xidmət edir, digər tərəfdən isə ölkənin iqtisadi potensialı ilə daha yaxından tanış olmağa fürsət yaradır.
Bütün bunlar onu deməyə əsas verir ki, COP29 iqlim dəyişikliyinin fəsadları nəticəsində yaranan fəlakətlərdən dolayı planetin başı üzərində dolaşan kabusun məhvində mühüm rol oynayacaq ki, bu da qlobal tədbirin nə qədər vacib olduğunu sübut edir.
Züleyxa Əliyeva
"Azərbaycan" qəzəti