06 may, 2025
Paylaş:

Fuad Poladov

Atasının direktor olduğu məktəbdən qovulan, əzizinin dəfn edildiyi gün səhnəyə çıxan, həmkarı ilə sevgi əfsanəsinə çevrilən eşq yaşayan Xalq artisti Fuad Poladov...

Fuad Ağarəhim oğlu Poladov Bakıda Sovetski məhəlləsində müəllim ailəsində dünyaya gəlib. Anası Hənifə xanım ibtidai sinif müəllimi, atası Ağarəhim Poladov isə kimya-biologiya müəllimi olub. Atası həm də məktəb direktoru və maarif şöbəsinin müdiri idi. Deyilənə görə, Fuad çox şuluq, ipə-sapa yatmayan, tez-tez dərs buraxan şagird imiş. Atası həddindən artıq ciddi, zəhmli adam olduğundan şuluqluq edəndə onu məktəbə dayısı aparırmış. Hətta iş o həddə çatıb ki, dərsə davamiyyəti az olduğundan onu məktəbdən xaric ediblər, atası isə bu narazılığını bildirməyib. Valideynləri onun aktyor olmasına qətiyyən razı olmayıblar. Atası onu həkim, anası isə hüquqşünas görmək istəyib. Doqquzuncu sinifdə oxuyanda ilk dəfə "İstintaq davam edir" filminə çəkilib. Bundan əvvəl isə Adil İsgəndərovun ikiillik kinoaktyorluq kurslarına gedib.

On altı yaşı olanda Fuad Poladov bir gün evə gəlir, görür ki, atası onun filmlərdən olan şəkillərinin hamısını cırıb. Sən demə, həmin ərəfədə Fuad yanındakı qıza söz atan oğlanla dalaşdığı üçün polisə düşüb. Bundan sonra polislər onun yaşadığı evə gəlib. Polislər gedəndən sonra isə Poladovun atası əsəbindən onun şəkillərini doğrayıb. Azdramada "Təhminə və Zaur" hazırlananda Fuad Poladov Zaur, Amaliya Pənahova isə Təhminə roluna dəvət alır. Lakin hər iki aktyor bir-biri ilə küsülü olurlar. Kişi olaraq məsələni öz üzərinə götürən aktyor Amaliya xanımla barışır və rollarını ifa edirlər. "Təhminə və Zaur" tamaşası teatr tarixinin ən uğurlu tamaşalarından birinə çevrilir.

Aktyor hərbi xidmətini Azərbaycanda çəkib. Həmin ərəfədə Heydər Əliyev teatra gəlir. Teatrda partkom olan İsmayıl Dağıstanlı Heydər Əliyevə deyir ki, Fuadı əsgər aparmaq istəyirlər, repertuarın da az qala yarısı onun çiyinlərindədir. Heydər Əliyev mədəniyyət şöbəsinin müdiri Azad Şərifova göstəriş verib deyir ki, bu məsələni həll elə. Aktyoru Bakıda saxlayırlar. O, gündüzlər hərbi hissədə olur, axşamlar isə gəlib tamaşalarda çıxış edir. Ancaq bu da uzun çəkmir, bir müddət sonra aktyor bir rus serjant ilə dalaşır. Bu hadisədən sonra başını qırxdırıb Sumqayıta göndərirlər, tamaşalara da buraxmırlar. Ümumilikdə əsgərliyi 7-8 ay çəkir.

Deyilənlərə görə, aktyor hər dəfə premyera günü otağına gələndə stolunun üstündə gül görürmüş. Kostyumerdən içəri kimin girdiyini soruşsa da o, cavab vermirmiş. Amma o, bir dəfə ağzından qaçırır ki, otağa gül qoyan qadın aktrisa Sofa Bəsirzadədir.

35 yaşı olanda atası şəkərdən dünyasını dəyişir. Həmin axşam Fuad Poladovun tamaşası olduğu üçün atasını dəfn edib məzarlıqdan səhnəyə gəlir, tamaşanın təxirə salınmasına, tamaşaçının geri qaytarılmasına razı olmur. Aktyor həyatının sonuna kimi yalnız bir qadını sevib. Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə yaşadığı sevgi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası Hökümə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.

Zaur, Valeh, Bunin, Hamlet, Timon, Ferdinand, Şah Qacar, Müsyö İbrahim kimi yadda qalan rolları ilə sevilən aktyorun həyatında iki əlamatdar hadisə olub. 20 il işlədiyi Akademik Mili Dram Teatrını tərk etməsi yalnız özünü deyil, tamaşaçılarnı da təəssüfləndirib. Gənc həmkarına qarşı haqsızlıqlara etiraz edib işdən çıxan aktyorun səsi batıb. Daha sonra səhhəti kəskin şəkildə pisləşib. Bir müddət sonra isə həkimlər aktyorda xərçəng xəstəliyi aşkar ediblər. Uzun müddət bu xəstəlikdən əziyyət çəkən aktyor 69 yaşında vəfat edib və "Qurd qapısı"nın yanındakı qəbiristanlıqda dəfn olunub.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()