10 aprel, 2023
Paylaş:

Fris Haber

Yəhudi əsilli alman kimyaçısı, Nobel mükafatı laureatı Fris Haber... Haqqında bəhs edəcəyimiz bu elm adamı sözün əsl mənasında qaranlığın və aydınlığın tək bədəndə təzahürünün mümkün olduğunu göstərən yeganə sübutdur. O, həm insanların aclıqdan ölməsinin qarşısını alıb, həm də kütləvi qırğına səbəb olan kimyəvi silahların hazırlanmasında mühüm rol oynayıb. Bu səbəbdən onu çox vaxt "kimyəvi müharibənin atası" adlandırırlar...

Alim Prusiyada Breslau şəhərində ziyalı bir yəhudi ailəsində doğulsa da, bütün həyatı boyunca özünü qatı alman millətçisi kimi aparmışdır. Universitetdə kimya təhsili alan Haber təhsilini bitirdikdən sonra doktorluq dissertasiyasını müdafiə etmiş, onun əsas fəaliyyəti isə azotun təsbit edilməsinə imkan verən kəşfi olmuşdur. Haberin ixtira etdiyi aparat azotu ammonyaka çevirirdi. Haberdən əvvəl alimlər ammonyak istehsal etməyi bacarmırdı. Ancaq onun ixtirası bu məsələni kökündən həll etdi. Əslində, bu zaman Haberin məqsədi heç də dünyadakı aclıq probleminə təsir etmək deyildi. O, müharibə üçün zəhərli qazlar yaratmağa çalışırdı. Çünki ammonyak partlayıcı maddələrin başlıca elementlərindən biri idi. Bununla belə, onun sənaye sahəsində gübrə istehsal etməyə imkan verən ixtirası milyonlarla insanın qidalanması üçün gərəkli olan məhsulların çoxalmasına və ucuzlaşmasına səbəb oldu. Məhz bu ixtiradan sonra Haber Nobel mükafatına layiq görüldü.

Bəlkə də alim Nobel mükafatını aldıqdan sonra araşdırmalarını eyni istiqamətdə davam etdirsəydi, o zaman bəşəriyyət tarixinin ən böyük xilaskarı kimi xatırlana bilərdi. Lakin I Dünya müharibəsinin başlaması ilə birlikdə onun üçün də qaranlıq dövr başlandı. Alman Müdafiə Nazirliyi ona o dövrdə "kimyəvi müharibənin atası" adını verməklə bir missiya da vermiş oldu. Buna səbəb müharibə dövründə işlədiyi qrup ilə birgə ixtira etdiyi xlor qazı idi. Həmin dövrdə Haber yəhudilikdən də imtina etmişdi, çünki artan antisemitist təzyiqlər onun akademik mövqeyinə zərər verirdi.

Müharibə dövründə geri dönüşü mümkün olmayan bir yola girən Haber daha sonra Almaniya üçün gizli kimyəvi silahlar hazırlamağa davam etdi. Nəticədə Almaniya onun vətəni idi və vətənini qorumaq üçün bütün biliyindən istifadə edirdi. Almanlar onu Kaiser Wilhelm İnstitutunun rəhbəri təyin etdi.

Alimin şəxsi həyatı da gərginliksiz ötüşməyib. Həyatı boyu 3 dəfə ailə quran Haberin birinci evliliyi şəkər fabrikinin sahibinin qızı Klara adlı kimyaçı xanımla olub və bu izdivac faciəvi sonluqla bitib. Belə ki, evləndikdən və karyerasını itirdikdən sonra getdikcə depressiya halları ilə üzləşən Klara Haber ilə olan mübahisədən sonra özünü ürəyindən vuraraq intihar edib. Qeyd edək ki, bu evlilikdən cütlüyün bir oğlu dünyaya gəlib. Alimin digər 2 evliliyi isə boşanma ilə nəticələnib.

Sağlamlığı ilə bağlı ciddi problemlər yaşayan Haber 65 yaşında ürək çatışmazlığı səbəbindən vəfat edib. Fris Haber bəşəriyyət tarixində öz imzasını qoymağı bacarsa da, ölümündən sonra indiyə qədər cavabsız qalan bu sualı miras qoyub getdi: Haber qıtlığın qarşısını alan bir dahi idimi, yoxsa milyonlarla insanın ölümünə səbəb olan canimi?..

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()