Fridrix Şiller
Dövrünün ən vacib simalarından biri olan Fridrix Şiller də öz qəribəlikləri və qeyri - adi vərdişləri ilə seçilən məşhurlar sırasındadır. Bir az qeyri – adi səslənsə də, çürük almalar Şillerin ilham pərisi idi. Belə ki, şairin yazı masasının üstündə mütləq çürük alma olardı. Soruşanlara isə bu almanın onu başqa aləmlərə götürdüyünü, özünü təbiətin qoynunda hiss etdiyini deyərdi. Təbiət təsvirləri ilə zəngin şeirlərin müəllifi olaraq tanınan Şillerin bütün əsərlərini üstünə milçəklər qonan bu almadan ilhamlanıb yazdığını düşünmək doğrudan da gülüncdür. Əgər onun bu “ sirri”ni ən yaxın dostu Höte ağzından qaçırmasaydı , bəlkə də “ Estetik tərbiyə haqqında məktublar əsərinin müəllifinin ” “ ilham mənbəyindən ” heç xəbər tutmayacaqdıq. Şillerin dostu Höte belə nağıl edərdi: “ Bir dəfə Fridrixə baş çəkməyə getmişdim, amma o, harasa çıxmışdı və həyat yoldaşı iş kabinetində gözləməyimi xahiş etdi. Elə kürsüyə əyləşmişdim ki, birdən öyüməyə başladım. Hətta açıq pəncərəyə yaxınlaşıb hava uddum. Əvvəlcə bu qəribə halımın səbəbini anlamasam da, sonra başa düşdüm ki, məsələ otaqdakı kəskin iylə əlaqəlidir. Tezliklə onun qaynağı üzə çıxdı: Şillerin masasının üstündə çürük almalar var idi. Qulluqçunu çağırdım ki, bu biabırçılığı yığışdırsınlar, amma mənə dedilər ki, almalar ora bilə - bilə qoyulub, çünki, sahib başqa cür işləyə bilmir. Fridrix qayıdanda bütün bunları təstiq etdi ”.
Amma hələ bu harasıdır?! Məşhur şairə yazmaq üçün təkcə alma kifayət etmirmiş. O, hamamda, su ilə dolu vannanın içində oturub ilham pərilərinin gəlməyini gözləyirdi. Suyun rahatladıcı xüsusiyyətini bilirdik. Çürük almalarla müqayisədə sizi bəlkə də Şillerin digər vərdişi daha az heyrətləndirəcək. Deyilənlərə görə , o, kabinetində al qırmızı pərdələr asırmış, məktub yazanda isə ayaqlarını buzlu suya qoyurmuş. Bunlar da onu ruhlandırırmış...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.