Frensis Skot Fitscerald
İmkanlı bir irland ailəsində dünyaya göz açan Frensis Skot Fitscerald XX əsrin ən məşhur amerikan yazıçılarındandır. Gecə həyatına meyilli olan yazıçının erkən ölümü də məhz bu səbəbdən baş vermişdir...
Tanınmış amerikan yazıçısı Skot Fitscerald hələ məktəb illərindən içkiyə qurşanıbmış. Əsərlərinin ona gətirdiyi pul və şöhrət onun əyləncə həyatını da dəyişib. İçkiyə o qədər aludə olub ki, ürəyi zəifləməyə başlayıb və bu səbəbdən də 44 yaşında həyatını itirib. Yazıçı elə bil taleyindən xəbərdarmış kimi içki alışqanlığına həmişə haqq qazandıraraq belə deyirmiş: "Əvvəlcə bir içki alırsan, sonra bir içki digərini alır, daha sonra isə içki səni alır". Yeri gəlmişkən qeyd edək ki, ən tünd alkoqol hesab edilən, yüksək spirt tərkibli "cin riki" sevimli içkisi olub.
Dünya ədəbiyyatında "itirilmiş nəslin" ən görkəmli nümayəndəsi kimi tanınan yazıçı hələ Priston Universitetində oxuyarkən müxtəlif müsabiqələrin qalibi olmuş, hekayə və pyeslər yazmış, musiqili komediya müəllifi olmaq arzusu ilə yaşamışdır. Frensis Skot Fitscerald müasirlərinin şüurunda təkcə yazıçı kimi deyil, həm də öz dövrünü təcəssüm etdirən canlı əfsanə kimi qalmışdır.
Tələbəlik illərində varlı bir ailənin - Zelda Seyr adlı gözəl qızına vurulan yazıçı, uzun müddət həyatını sevgi iztirabları ilə keçirməli olur. Qızın atası onların evlənməsinə razılıq vermədiyi üçün Skot sarsıntıdan içkiyə qurşanır.
Lakin bir xeyli müddətdən sonra populyarlıq qazanan və varlanan yazıçı sevdiyi qızla evlənir. Ancaq sonralar artıq şöhrətin ən uca zirvəsinə çatmış yazıçı gecə əyləncələrinə daha çox zaman ayıraraq həddindən artıq içməyə başlayır. Bəlkə də bu, həmin zamanlarda xanımı Zeldanın şizofreniyadan əziyyət çəkməsi ilə bağlı idi.
Xanımının ruhi xəstələr üçün olan stasionara yerləşdirilməsindən sonra isə ər-arvad arasındakı münasibətlər daha da gərginləşərək boşanma ilə nəticələnir. Bundan sonra Skot Fitscerald həyatının sıxıntılı anlarını yaşayarkən "Nəvazişli gecə" (Tender is the Night) romanını yazır. ABŞ-a gələn yazıçı Hollivudda ssenarist kimi fəaliyyət göstərməyə başlayır. Burada isə o, icmalçı Şeyla Qrem ilə tanış olur və həyatının son illərini onunla birlikdə keçirir. Lakin bu da onu içkidən uzaqlaşdırmağa mane olmur. Günü-gündən daha çox içən 44 yaşlı yazıçı elə Hollivudda da ürəktutması - infarktdan vəfat edir.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.