12 oktyabr, 2022
Paylaş:

Fransisko Xose de Qoyya

Böyük ispan rəssamı Fransisko Xose de Qoyya yaradıcılığı ilə yanaşı,  faciəvi həyatı ilə də yaddaşlarda qalıb. Adı daim dava-dalaşda, duellərdə hallanan bu rəssamın  qeyri-adi dəliqanlılığı haqqında dolaşan əhvalatların sayı-hesabı olmayıb. Fələyin zərbəsindən heç kəs sığortalanmadığı kimi, qismətinə yazılan acı həyat onun  da taleyindən yan ötməyib...

Mehrablara zər vuran yoxsul bir kişinin ailəsində dünyaya göz açan Fransiskonun istedadı çox kiçik yaşlarından yaşadığı evin divarlarına donuz şəkli çəkməklə özünü büruzə verirdi. Yoldan keçən bir nəfər bu uşaq rəsmində həqiqi istedadı sezmiş və Fransiskoya təhsil almağı tövsiyə etmişdi. Sonralar saray rəssamı təyin olunan Fransiskonun rəsmləri kilsə, saray kimi əzəmətli tikililərin divarlarını bəzəyirdi.

Həyatı boyu kasıbçılıqdan əziyyət çəkən rəssam işə düzəldikdən sonra öz qohumlarından olan bir xanımla evlənmiş  və yaradıcılığında qazandığı uğurlar da elə bu dövrdən başlamışdı.

Lakin xoşbəxt həyatı çox da uzun sürmür. Ard-arda arvadını və övladlarını (oğlu Xavyerdən başqa) itirən rəssam üstəlik səslər aləmindən də təcrid olunur. Belə ki, ağır xəstəlik nəticəsində nəinki iki il yaradıcılıqdan uzaq düşür, həm də eşitmə qabiliyyətini tamamilə itirir.

Həm xəstəliyi, həm çətinliklə yaşadığı həyatı, həm də ailəsindəki faciə artıq Qoyyanın yaradıcılığının sonu demək idi. Bu qədər  ağır imtahanlar qarşısında qalan rəssam üstəlik psixologiyası və yaradıcılığında dərin izlər açmış tarixi hadisələrin də  şahidi olmuşdu. Yaşadığı dövrdə Avropaya dərindən təsir edən Fransa inqilabı baş vermiş, vətəni İspaniya işğal edilmiş və ölkəsində monarxiya rejimi qurulduqdan sonra vətəndaş müharibəsi başlamışdı. Bunlarla yanaşı, inkivizasiya məhkəmələrində baş verən qanlı olaylar Qoyyanın psixologiyasını alt-üst etmişdi, zorakılıqlarla dolu bir dünyada yaşamağa məcbur olmuşdu. Habelə üzləşdiyi iki ölümcül xəstəliyin eşitmə qabiliyyətini itirməsinə yol açması isə bu qaramat basmış dünyanın rənglərini bir qədər də tündələşdirdi. Pessimist və özünə qapanmış bir insana çevrilən rəssam melanxolik ruhunun sərxoşluğu altında yaşadığı evin divarlarına  türkürpədici  rəsmlər çəkməklə hisslərini ifadə edirdi. Lakin kətana köçürmədiyi bu rəsmlərin hər biri gələcəkdə sənət tarixinin şah əsərlərindən biri olacaqdı.

Onun evini “Karın evi” adlandırırdılar. Əslində evin belə adlandırılmasının səbəbi Qoyyanın yox, evin əvvəlki sahibinin kar olmasından qaynaqlanırdı. Necə bir təsadüfdür ki, Qoyya da bu evdə eşitmə qabiliyyətini itirmişdi. Rəssam 22 rəsmdən ibarət “Disparates” (cəfəngiyyat, sərsəmlik) silsilə əsərlərini məhz bu "lənətlənmiş" evdə yaratmışdı. Evinin divarlarına dəhşətli kabusu xatırladan rəsmlər çəkən Qoyya ətraf gerçəkliyi məhz bu şəkildə görmüş, amma əslində, içini göynədən hisslərini ifadə etməyə çalışmışdı. 

Ömrünün son illərini yaşayan rəssam adı belə məlum olmayan xəstəlik ucbatından 82 yaşında  vəfat etmişdir. Qoyyanın dostu, fransız biblioqraf Antuan de Bril onun ölümündən sonra belə demişdi: “Sən bütün zəmanələrdə bənzərsiz olacaqsan, çünki heç vaxt özün olmaqdan qorxmamısan...”.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()