Frans Yozef Haydn
Vyana klassik məktəbinin nümayəndəsi, Avstriyanın məşhur bəstəkarı, simfoniya və simli kvartetin "atası" hesab edilən Frans Yozef Haydn haqqında vaxtilə Pyotr Çaykovski belə deyərdi: "O olmasaydı, nə Motsart, nə də Bethoven olardı". Haydnın taleyi sənətinin vurğunu olduğu, özünə kumir hesab etdiyi böyük bəstəkar İohann Sebastyan Baxın taleyinə çox bənzəyir...
Məşhur kareta ustası Mattias Haydnın ailəsində dünyaya göz açan bəstəkar ailənin on yeddinci övladı olub. Atası musiqini sevir, arfada çalır, anası isə aşbaz olsa da, yaxşı oxuyurdu. Çətinliklə dolanan ailə birtəhər balaca Yozefi bütün musiqi alətlərində çalmaq üçün məktəbə qoymuşdular.
Pul qazanmaq üçün özünü oda-közə atan Yozef gənc ikən bir müddət Müqəddəs Stefan kilsəsinin kapellasında işləsə də sonralar "tam peşə yararsızlığına görə" oradan qovulmuşdu. Küçələrdə musiqi ifa etməklə pul qazanan bəstəkar bəzən evlərin çardağında, bəzən də sadəcə parkda, skamyada gecələyirdi. Amma bəstəkarın həyat eşqi və nikbinlik kimi gözəl keyfiyyətləri vardı. Ən yoxsul vaxtlarında belə tez-tez zarafatla deyərdi: "İstedadlı olsaydım, məni tanıyardılar. Dərd burasıdır ki, mən, görünür, dahiyəm. Dahilərinki də belə gətirib: gərək, səbir edəsən".
Varlı əyanlardan birinin yanına işə düzəlmək Haydn üçün səfalətdən qurtulmağın yeganə yolu idi. Dahi bəstəkar Bax kimi onun da köməyinə dostları gəlir. Belə ki, əvvəlcə qraf Morsinin yanında işə düzəlir və ilk simfoniyasını yazır. Simfoniyada böyük uğur qazanan bəstəkar knyaz Esterhazinin diqqətini cəlb edir. Haydn əvvəlcə knyazın orkestrinin vitse-kapelmeysteri, beş il sonra isə baş kapelmeysteri olur. Otuz il knyaza xidmət edən bəstəkar bu müddət ərzində çoxsaylı, böyük əsərlər yaradır.
Yaratdığı əsərlərdən bir neçəsinin maraqlı tarixçələri də var. Belə ki, Haydn Londonda konsertlər verərkən müşahidə edir ki, Britaniya paytaxtının sakinlərinin çoxu incəsənəti sevdikləri üçün yox, məlum olduğu kimi, İngiltərədə çox güclü olan ənənələrə hörmət xatirinə musiqi dinləməyə gəliblər. O, salona göz gəzdirib bəzi sıralarda şirin-şirin yatan tamaşaçıları görür. Bəstəkar özünəməxsus yumor hissi ilə vəziyyətdən çıxış yolu tapır. O, məxsusi olaraq simfoniyanı rəvan və asta tempdə başlayır, elə bil qəsdən tamaşaçılara lay-lay çalır, lakin qəfildən sanki göy guruldayır, ildırım çaxırmış kimi musiqinin tempini qaldırır. Zərb alətlərinin qulaqbatırıcı səsi salonu silkələyir. Təbii ki, şirin yuxuda olanlar hövlnak ayılırlar. Sonra həzin musiqi süzülür, ardınca yenə də barabanlar guruldamağa başlayır. Bir sözlə, bəstəkar bu üsulla heç kəsi yatmağa qoymur. Sonralar onun bu simfoniyası "Sürpriz", yaxud "Zərb alətləri ilə simfoniya" adlandırılır.
Bəstəkar Napoleon ordusunun Vyanaya hücumundan sonra - 77 yaşında vəfat edib. Evinin ətrafına top mərmisi düşəndə xidmətçilərini sakitləşdirərkən dediyi sözlər onun son sözlərindən biri olub: "Övladlarım, heç qorxub eləməyin, çünki Haydn varsa, heç bir ziyan ola bilməz". Lakin iki həftə sonra Şotland monastırının kilsəsində onun cənazə duası oxunub...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.