Frans Kafka
Dünya ədəbiyyatının korifeylərindən sayılan, sağ ikən şöhrəti dadmayan Avstriya yazıçısı Frans Kafkanın insanın ruhuna, iliyinə qədər işləyən vahiməli və absurd bir üslubu var idi. "Başımın içində dəhşətli bir dünya var. Amma onun üzərimdəki əsarətindən qurtula bilmirəm. İçimdəki göz yaşlarını sanki dəfn etdilər" - belə deyərdi, "Çevrilmə" əsərinin talehsiz yazarı...
Özünü aciz və qapalı apardığına görə uşaqlıqda onu qeyri-adi uşaq və dəli kimi qəbul ediblər. Yazıçı deyirdi: "Ədəbiyyatdan başqa hər şeyə nifrət edirəm. Qonaq getmək mənim üçün darıxdırıcıdır. Doğmalarımın kədərini, sevincini paylaşmaq mənə dəhşətli dərəcədə cansıxıcı gəlir. Kiminləsə söhbət məni vacib, ciddi və orijinal şeylər düşünməkdən məhrum edir".
Həyatı boyu müxtəlif xroniki xəstəliklərə - vərəm, başağrısı, yuxusuzluq, qəbizlik və başqa xəstəliklərə mübtəla olan Kafkanın həm də, şizoid şəxsiyyət pozuntusuna malik olduğu söylənilir.
Uşaqlıqdan vegetarian olan yazıçı ət yeməklərini xoşlamazmış. Halbuki, babası Praqanın məşhur qəssablarından sayılıb. Deyilənə görə, uşaq vaxtı babasının yanına gedəndə heyvanın necə kəsilməsi, ətin necə hissələrə bölünməsini gördükcə pis olarmış. Gözünün qarşısında bir canlını yerə necə yıxıb kəsirlər, ətini necə qarmağa keçirirlər. Bütün bunlar onu diksindirib.
Xaraktercə melanxolik olmasına baxmayaraq, dostları Kafkanın qeyri-adi yumor hissini xüsusi qeyd ediblər. Hətta onlar Kafkanı "məclisin gözü" adlandırırdılar. Alman nəşrlərindən biri Kafkanın Çarli Çaplinə oxşarlığını qeyd edib. Yazıçı dostlarından birinə belə yazmışdı: "Mən şənlənməyi də bacarıram, buna şübhəniz olmasın".
Mürəkkəb ailə münasibətləri səbəbindən Kafka evlənməyib. Düzdür, o, bir neçə dəfə nişanlansa da, hər dəfə bir bəhanəylə qarşı tərəflə münasibətə son qoyub.
Həyatı boyu ölüm eşqi ilə yaşayan yazıçı qırx bir yaşında vərəmdən gözlərini yumdu. Daha çirkin bir dünyaya baxmağa cəsarət etmədi. İçindəki məsumluğu saxlamağa çalışdı. Yazmaq istədiklərini yazdı. Praqa meydanında muzeyi yaradıldı. Heykəlləri qoyuldu. Diqqətdən, gündəmdən heç vaxt uzaq düşmədi. Nə özü, nə etiraz etdiyi sinfi cəmiyyət, nə də bütün dünyadan böyük olan yalnızlığı unuduldu...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrkasından götürülmüşdür.