Fidel Kastro
"Əgər sui-qəsdlərdən sağ çıxmaq üzrə olimpiada olsaydı, mən mütləq qızıl medal alardım". Belə deyərdi Kubanın xarizmatik lideri, öz tərəfdarları arasında xüsusi çəkiyə malik və müasir dünyada hamıdan uzun müddətdə hakimiyyətdə olan Fidel Kastro... Müxalifətə qarşı çox amansız davranan bu diktator yarıməsrlik hakimiyyəti dövründə dəqiq statistika olmasa da, 10 minlərlə insanın ölümünə səbəb olub...
Kuba lideri Fidel Kastro keçmiş SSRİ üçün Amerika qitəsindəki inqilab rəmzi idi. Onun haqqında bir çox əfsanələr dolaşsa da, şəxsi həyatı barədə o qədər çox məlumatlar yoxdur.
Məşhur lider varlı mülkədar ailəsində anadan olsa da, o öz həyatı ilə əksəriyyəti yoxsul olan kubalıların həyatları arasındakı fərqdən elə sarsılıb ki, inqilabçıya çevrilib. Tərəfdarlarının "Komandante" kimi müraciət etdikləri lider öz varlığı ilə Amerikaya xatırladıb ki, kommunizm bütün dünyada məğlubiyyətə uğrasa da, bəzi guşələrdə, lap elə onun qulağının dibində hələ də nəfəs alır. Birləşmiş Ştatlar ondan xilas olmağa çalışsalar da, Fidel Kastronun hakimiyyəti illərində 10 ABŞ prezidenti dəyişib. Fidel israr edirdi ki, onun ideologiyası, ilk növbədə, Kuba ideologiyasıdır. "Bu, nə kommunizm, nə də marksizmdir. Bir çox kubalılar Fideli açıq-aşkar xoşlamasa da, onu səmimi-qəlbdən sevənlər də az deyildi.
17 il Kastronun şəxsi cangüdəni işləmiş Xuan Reynaldo Sançesin dediyinə görə, lider ikili həyat tərzi sürürmüş. Belə ki, Kastro gizli ada Kayo-Pedra, "tropik cənnət" adlandırılan məkanda vaxtını öz məşuqələri ilə keçirirmiş. Bu qadınlar içərisində onun sevdiyi Daliya Soto del Valye adlı bir qadın da olub. Deyilənlərə görə, gizli adanı nəinki Fidel Kastro, onunla yanaşı, kubalı nazirlər, həmçinin CNN-in yaradıcısı Ted Törner və Alman Demokratik Respublikasının lideri Erix Honekker də ziyarət edib. Öz sevgi münasibətlərini və dəbdəbəli həyat tərzini məxfi saxlayan Kuba lideri "Aquarama II" yaxtasının olduğunu da xalqından gizlədib.
Fidel Kastronun rəsmən üç həyat yoldaşı olub. Hələ bu harasıdır, Kuba liderinin hətta vətəndaş nikahında yaşadığı qadınlar da az olmayıb. Bir sıra mənbələrin iddialarına görə, onun çox uşağı olub, ancaq Kastro rəsmən 7-sini qəbul edib. Arvadlarından biri intihar edib, o birisi isə "Komandante"dən qaçıb...
Fidelin birinci həyat yoldaşı Mirta Dias Ballartdı. O, Fidelin ilk qanuni nikahdakı arvadı olub. Tələbəlik illərində Fidellə tanış olan Mirta tezliklə ona ərə gedib. O, Kubada nadir hallarda rast gəlinən sarışın, zərif, gözəl xanım olub. Kastro onu görəndə dostlarına deyibmiş ki, o qız onun olacaq. Bu isə inandırıcı deyildi. Çünki Mirta Kubanın o zamankı rəhbəri Batistanın naziri olan generalın qızı idi. Amma Fidel istəyinə qovuşmağı bacarır… Fidelin bu nikahdan Fidelito adlı oğlu dünyaya gəlsə də, cütlük tezliklə boşanır.
Sonralar Kastro öz inqilabçı ideyalarını elan edərkən şəhər bohemasının ən gözəl qadınlarından biri Nati Revuelta ilə rastlaşır. Nati yaşlı Kuba həkimi ilə evil idi. Lakin bu, inqilabçıya həmin gözələ sahib olmağa maneçilik törətmədi. Kastro Mirtayla boşandıqdan sonra Nati onunla yaşamağa başladı. Bu evlilik qeyri-rəsmi nikah əsasında sürürdü. Bu münasibətlərdən isə liderin Alina adlı qızı dünyaya gəlib. Uzun müddət qeyri-rəsmi saxlanılan bu məsələ sonradan həll olunub. Alina ailə həyatı qurarkən Kastro onu qızı kimi qəbul etdi. Bundan başqa, Fidel Kastronun bir övladı da Kubada Amparo adlı qadından olan Xorxe Anxeldir.
Yorulmayan komandantenin digər qanuni arvadı isə katibə və köməkçi Seliya Sançes olub. Sonralar həyatına intiharla son qoyan bu qadını Fidel "qoruyucu mələk" adlandırırmış. Seliya Fideldən 5 yaş böyük olub. Komandante ilə tanış olanda Seliyanın 36 yaşı varmış. O, Fidel Kastroya təsir edə biləcək yeganə qadın olub. Rəsmi xəbərdə onun intihar etdiyi deyilsə də, bir sıra şayiələrə görə, onu qaynı Raul Kastro güllələyib. Fidelin qardaşı Seliyaya nifrətini heç vaxt gizlətmirmiş.
Ona qarşı olan saysız-hesabsız sui-qəsdlərə rəğmən kubalı lider 90 yaşına qədər yaşayıb və öz əcəli ilə vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.