Fətəli Xan Xoyski
Uzun illər adının çəkilməsi belə qadağan edilən, görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın ilk Baş naziri və yaradıcılarından biri, küçədə güllələnərək erməni terroruna qurban gedən Fətəli xan Xoyski... Yaxın dostu və məsləkdaşı M.Ə.Rəsulzadə sonralar onun haqqında yazırdı: "Fətəli xan Azərbaycan tarixinin təşəkkülündə mühüm rol oynamış simalardandır, cümhuriyyətin bolşeviklər tərəfindən istilası zamanı Tiflisə iltica eyləmiş, burada Azərbaycan davasını idarə etməkdə ikən xain bir qurşun qiymətdar həyatına faciəli bir surətdə xitam vermişdir. Fətəli xanın bu surətlə həyat səhnəsindən çəkilməsi Azərbaycan istiqlalının həsrəti ilə dağüdar olan könüllərdə silinməz bir təsir buraxmışdır"...
"Taxta parçalarından yaranmış gəmini fırtınalı bir gündə elə idarə etmək lazım idi ki, dağa-daşa çarpmadan onu fırtına yatanadək salamat saxlaya biləsən... Bax, Fətəli xan Xoylu bu işi görə bildi". Bu sözləri isə Üzeyir bəy söyləmişdi...
Fətəli xan İskəndər xan oğlu Xoyski Nuxada - indiki Şəki şəhərində dünyaya gəlib. Atası İskəndər xan Xoyski Rusiya İmperiyasının Kazak leyb-qvardiyasının general-leytenantı, anası Şərəbanı xanım isə Şəki xanları nəslindən olan Hacı Molla Zeynalın qızı olub. "Xoyski" soyadı ulu babası ilə bağlıdır. Onların əsli Cənubi Azərbaycanın Xoy şəhərindəndir. Ulu babası Cəfərqulu Xoy xanı olub. Bu nəsildən görkəmli sərkərdələr, dövlət xadimləri və ziyalılar çıxıb. Uşaqlığını Gəncədə keçirən Fətəli xan elə orada klassik gimnaziyanı, daha sonra isə Moskva Universitetinin hüquq fakültəsini bitirib və hüquqşünas kimi çalışıb.
Qeyd edək ki, Azərbaycanın bayrağındakı ağ rəngli aypara və səkkizguşəli ulduzla mavi, qırmızı və yaşıl rənglərdən ibarət olan milli rəmzimizin qəbul olunmasının səbəbkarı məhz Xoyski olub. Bundan əlavə, Azərbaycan Dövlət Universitetinin yaranmasının təşəbbüsü də ona məxsusdur. O, Azərbaycan üçün ən ağır və mürəkkəb dövrdə, sözün əsl mənasında, ölüm və ya olum məsələsinin həll olunduğu illərdə fəaliyyət göstərib.
Xoyskinin rəhbərliyilə ilk dəfə 1918-ci ildə iki diviziyanın yaradılması ilə Azərbaycan ordusunun formalaşdırılmasına başlanıldı, iyunun 27-də türk dili Azərbaycanın dövlət dili elan olundu, iyulun 2-də ilk polis bölümünün yaradılması haqqında əmr verildi, iyulun 15-də isə Güney Qafqaz ərazisində türklərə və müsəlmanlara qarşı törədilən vəhşilikləri, qətliamları, soyqırımları öyrənmək və günahkarları məsuliyyətə cəlb etmək üçün Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Məhz onun təşəbbüsü ilə 31 mart tarixinin "soyqırım"ı günü kimi qeyd olunmasına qərar verildi. Bakı vaxtının ölkə ərazisində saat vaxtı kimi götürülməsi, mətbuat üzərindən senzuranın qaldırılması məhz Xan Xoyskinin adı ilə bağlıdır...
Eyni zamanda Qaryagin qəzasının Cəbrayıl qəzası adı ilə əvəz edilməsi, çoxpartiyalı parlament sisteminin yaradılması, Azərbaycan Respublikasının pul və poçt markalarının buraxılması, ana dilində məktəb və seminariyaların açılması və digər mütərəqqi tədbirlərin həyata keçirilməsi də onun sayəsində mümkün olub.
Yüksək əxlaq sahibi və vicdanlı dövlət xadimi kimi tanınan Fətəli xan Xoyski hökumət kabinəsində çalışan bir şəxsin neftlə bağlı korrupsiyada iştirakını öyrənəndə Baş nazir vəzifəsindən istefa edib. Onun özünə qarşı heç bir şübhə olmasa da, vəzifədən getməyə üstünlük verib.
Dini etiqadına görə Fətəli xan şiə müsəlmanı idi. O, rus və Azərbaycan dillərini bilirdi. Lakin Azərbaycan dilində çətinlik çəkərək danışırdı. Xoyskinin həyat yoldaşı Yevgeniya adlı rus olub. Amma Yevgeniya Xoyskiyə ərə gələndən sonra İslamı qəbul edib və Ceyran adını götürüb. Cütlüyün bu izdivacdan üç övladı-bir qızı (Tamara) və iki oğlu (Murad və Ənvər) dünyaya gəlib.
Yəqin çox az adam bilir ki, Xoyskinin qızı Tamara xanım Azərbaycandakı ən fəal bolşevik liderlərindən biri, Azərbaycan SSR KP MK-nın sədri, Azərbaycan maliyyə xalq komissarı və Tacikistan SSR Kommunist Partiyası MK-nın birinci katibi postlarını tutan Mirzə Davud Hüseynovun həyat yoldaşı olub. Oğlu Murad Bakıda nəqliyyat idarəsində çalışıb. Kiçik oğlu Ənvər Moskvada əməliyyat zamanı diabet xəstəliyi səbəbindən narkozdan sonra ayılmayıb.
Sovet hakimiyyəti qurulduqdan sonra Xoyski Tiflisə köçüb. Burada ermənilər tərəfindən güllələnib. Tiflisdə İrəvan meydanından keçən 44 yaşlı dövlət xadimi "Daşnaksütyun" partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan tərəfindən atəş açılaraq qətlə yetirilib. Tiflis botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbiristanlığında torpağa tapşırılan Xoyski M.F.Axundovun yanında dəfn edilib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.