Fenomenal şəxsiyyətin əzəmətli obrazı
“Xalq qəzeti”
Ürəklərdə özünə əbədi abidə ucaltsa da, Heydər Əliyevin sağlığında heykəli olmayıb. Buna qanunla icazə verilmirdi. Amma ümummilli lider ikinci dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüləndə belə bir qərarın iki dəfə bu mükafatı alanların hamısına şamil edildiyinə görə büstünün qoyulmasına razılıq verdi. O zaman Heydər Əliyev abidəni yaratmağı mənə tapşırdı. Həmin dövrdə sevimli rəhbərimiz SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini idi, ittifaq miqyasında böyük nüfuz qazanmışdı.
Bir gün məni Bakıda Mərkəzi Komitəyə çağırdılar. Zəng edən şəxs həyəcanlı olduğumu duyaraq, əlavə etdi ki, "narahat olmayın". Birinci katibin kabinetinə girəndə gördüm Heydər Əliyev də orada əyləşib. Üzbəüz oturub söhbət elədik. Dedi ki, Moskvadan təkliflər çoxdur, ancaq istəmirəm mənim büstümü başqaları hazırlasın. Sənin işləməyini istəyirəm.
Büstün yaradılması üçün Moskvada müəyyən görüşlər təşkil olundu. Mənəvi və peşəkar dəstək üçün bu görüşlərdə Tahir Salahovun və Rasim Əliyevin də iştirakını xahiş etdim. Biz gündə iki-üç saat yaradıcı mühitdə çalışırdıq. Etüd çox yaxşı alındı və mən bunu Bakıya gətirdim. Əsər üzərində böyük məsuliyyətlə işlədim. Daha sonra Naxçıvan şəhərindəki böyük meydanda abidə üçün yer seçildi. Orada, həmçinin Azərbaycan memarlığının digər abidəsi – Möminə Xatun türbəsi yerləşir.
Heydər Əliyev iş zamanı da, işdən kənar vaxtlarda olduğu qədər sadə və səmimi insan idi. Zarafatlaşırdı, hər kəslə mehriban söhbət edirdi. Bir dəfə mənə demişdi ki, Naxçıvanda orta məktəbdə oxuyarkən rəsm çəkməyi xoşlayırdı. Öz rəsmlərini mənə göstərmişdi. Bu, o zaman rəssamlıq texnikasını öyrənməyən gənc oğlan üçün çox yaxşı şəkillər idi. Onun rəssam olmaq arzusu var idi.
Yeri gəlmişkən, xatırladım ki,1939-cu ildə Heydər Əliyev Bakıda Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil olub. Amma müharibə ona təhsilini başa çatdırmağa imkan verməyib. Faktiki olaraq planlar yarımçıq qalıb. O, xüsusi xidmətlərdə və təhlükəsizlik orqanlarında işə başlayıb.
Əliyevlər nəslində də rəssamlar olub. Ulu öndərin böyük qardaşı Hüseyn Əliyev Azərbaycanın məşhur Xalq rəssamı idi. Qardaşı oğlu Rasim Əliyev isə uzun illər Bakının baş memarı vəzifəsində işləyib. Əhatəsindəki yaradıcı mühit ulu öndərin xarakterinə və ruhuna çox yaxın olub.
Onu da deyim ki, bizim Heydər Əliyevlə dostluğumuz xeyli əvvəl başlamışdı. İlk dəfə onunla Leninqrad (indiki Sankt-Peterburq) şəhərində İlya Repin adına Rusiya Rəssamlıq Akademiyasında təhsil alarkən görüşmüşdüm. Sonra görüşlərimiz mütəmadi davam etdi. Bu əlaqələr dərin hörmət və ehtirama söykənən münasibətə çevirildi. Dərin nüfuzedici baxışları, ürəkdən gülməyi vardı.
Onu da deyim ki, 2001-ci ildə ölkəmizdən kənarda, qardaş Türkiyənin Qars şəhərində Heydər Əliyev adına parkda ucaldılmış büstü də mən yaratmışam. Bu, Heydər Əliyevin sağlığında xaricdə qoyulmuş ilk büstüdür.
Fikrimcə, Azərbaycan monumental heykəltəraşlığı sahəsində ulu öndərin obrazının ən layiqli nümunəsi hesab olunan əsərlərdən biri, böyük liderimizin dəfn edildiyi məkanda, I Fəxri xiyabanda qoyulmuşdur. Onun yaradılması da mənə həvalə olunmuşdu. Əsərin daha da möhtəşəm çıxmasının səbəblərindən biri də onun ölçülərinin həcmli olması və fonda iri qaya parçası üzərində Azərbaycan Respublikası xəritəsinin verilməsi idi. Bu əsəri bir il ərzində ərsəyə gətirə bildik. Ölkə Prezidenti İlham Əliyevin göstərişi ilə əsər tam olaraq tapşırıldığı müddətdə hazırlanmışdı.
Abidənin ucaldılacağı məkanı Prezident İlham Əliyev özü seçmişdi. Əsərə nəzər saldıqda bir sıra məqamları qeyd edə bilərik. Monumental əsərdə tam ölçüdə ayaq üstə dayanan vəziyyətdə yaradılmış Heydər Əliyev obrazının üz cizgiləri diqqət çəkir. Belə ki, bu obrazın üz ifadəsində qürurlu gülümsəmə vəziyyətini yarada bildik. Eyni zamanda, bu əsərdə ulu öndəri əlləri yanında, ciddi klassik geyimdə verməyə çalışdıq. Azərbaycan heykəltəraşlıq sənətinin qızıl fonduna düşmüş bu əsəri 2004-cü ildə tamamladıq.
Mən ulu öndərin obrazına 2007-ci ildə yenidən müraciət etdim. Ümummilli liderimizin Qobustandakı monumental abidəsini məhz həmin il yaratdım. Mərmər postament və bürünc heykəl kompozisiyasını özündə birləşdirən abidənin ölçüsü 6 metrə bərabərdir. Əsərdə Heydər Əliyev ciddi klassik geyimdə addımlayan tərzdə təsvir olunmuşdur .
2008-ci ildə ümummilli liderimizin yaşadığı ünvanın giriş divarına vurulmuş barelyefi də mən işləmişəm. 2011-ci ildə isə Quba şəhərində ulu öndərin abidəsini ucaltdıq. Ölkəmizin, demək olar ki, bütün şəhərlərində, müasir Azərbaycan Respublikasının banisi Heydər Əliyevin adını daşıyan mədəniyyət mərkəzləri var. Həmin məkanlar ulu öndərin əzəmətli abidələrinin ucaldılması üçün olduqca əlverişlidir. Qubadakı heykəl yaradıcılığımın ən iriölçülü nümunəsidir: postamentlə birlikdə heykəlin ölçüləri 11 metrə bərabərdir.
Fəxr edirəm ki, Azərbaycan və dünya tarixində, siyasətində böyük iz qoymuş Heydər Əliyev fenomeni bir sənət obrazı kimi mənim yaradıcılığımda xüsusi yer tutur.
Ulu öndər hər zaman sənətə və sənətkara yüksək qiymət verirdi. O, 1997-ci ildə məni ”İstiqlal” ordeninə layiq görüb. Daha sonra – 2009-cu ildə “Heydər Əliyev mükafatı, 2012-ci ildə ”Şərəf” ordeni, 2017-ci ildə isə “Heydər Əliyev” ordeni ilə təltif olunmuşam. Prezident İlham Əliyev məni təltif edərkən bildirdi ki, ulu öndərin və görkəmli alim, akademik Zərifə Əliyevanın, həmçinin bir sıra məşhur simaların abidələrinin müəllifisən. Bu sözləri minnətdarlıqla xatırlayıram.
Hər dəfə ulu öndərin işıqlı obrazını yaratdığım abidələrə baxanda həm kövrəlir, həm də tükənməz qürur hissi keçirirəm. Təmaslarımız zamanı dönə-dönə hiss etdiyim böyüklüyü, insanpərvərliyi, sənətə yüksək qiymət verməsi yadıma düşür. Heydər Əliyev olduqca həssas insan idi, eyni zamanda, prinsipial və qətiyyətli bir şəxsiyyət kimi xatirələrimizdə yaşayır. Fəxr edirəm ki, belə bir dahi insana aid monumental heykəltaraşlıq nümunələri yaratmaq xoşbəxtliyi mənə nəsib olub.
Ömər ELDAROV,
Xalq rəssamı, akademik, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru