Əzim Əzimzadə
Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açan Xalq rəssamı Əzim Əzimzadə... Bakının Novxanı kəndində dünyaya göz açan rəssamın babası Əbdüləzim kasıb bir bənna olub, atası Aslan kişi isə ailə peşəsini davam etdirərək bənnalıq edirmiş. Əbdüləzimin vəfatından sonra Aslan kişi ailəsi ilə birgə Bakıya köçməyə qərar verir. Kərbəlayı Aslanın beş övladı olsa da onlardan ancaq biri sağ qalmışdı. Ona da babasının adını qoyub, "Əzim" deyə çağırardılar. Yeddi yaşında ikən atası yeganə övladı Əzimi mollaxanaya yazdırıb. Balaca oğlan qısa müddətdə ərəb əlifbasını və "Quran"ı oxumağı öyrənib. Amma günlərin birində o mollaxanadan qovulub. Səbəb isə əlinə düşən rəngli karandaşlarla çəkdiyi rəsmlər olub. Bir neçə dəfə buna görə Əzimi tənbeh edən molla axırda təngə gəlib deyir, daha buralara gəlmə. Əzimin çəkdiyi rəsmlərdən təngə gələn tək molla deyildi. Bu balaca oğlanın məhəllədə bir parça kömürlə cızmaqara etmədiyi divar, səki qalmamışdı. Qonşular tez-tez ata-anasına şikayətə gələrdilər. Amma xeyri yox idi...
Atasından xəbərsiz daxil olduğu rus-tatar məktəbini əla qiymətlərlə başa vuranda müəllimlər onun istedadını görüb atasına məsləhət görmüşdülər ki, Əzim təhsilini yarımçıq qoymasın, onu başqa məktəbə də göndərsin. Kərbəlayı Aslan təklifi qəbul etməyib demişdi: "Mənim bir övladım var, razı olmaram ki, o, sabah gedib kafir cildinə girsin".
10 yaşından muzdlu əməklə məşğul olan balaca Əzim şəhərin varlılarından olan Ağabala Quliyevin tikdirdiyi evdə kuryerlik edib. Elə orada da Maslov soyadlı rus rəssamı ilə tanış olmuş, rəssama Ağabalanın evinin dekorativ şəkillərlə bəzəməsində yardımçı olmuşdur. Bir gün Ağabala Maslova dəyirmanın tarixi haqda rəsmlərini Parisdə Ümumdünya sərgisində nümayiş etdirməyi tapşırır. Maslov Əzimi də özünə yardımçı götürmək istəyir. Bunu eşidən Ağabala Əzimə bərk acıqlanır: "Ağlını başına yığ, sən müsəlman balasısan, fikrini ticarətə ver, rəssamlıq sənlik deyil". Amma Əzim Ağabalaya yox, öz ürəyinin səsinə qulaq asır...
Rəssam 23 yaşında ailə qurub. Həyat yoldaşı Səriyyə evdar qadın idi. Bu ailədə beş övlad böyüyüb: üçü oğlan - Abdulla, Həbib, Lətif, ikisi qız - Pəricahan, Sevda. Övladlardan yalnız Həbib atasının sənətini davam etdirib.
Rəssam həmişə lampa işığında işləməyi sevər, iş zamanı sakitliyə çox önəm verərmiş. Heyvan fiqurlarını çox xoşlayan rəssamın Qraf adlı bir iti olub. Təsəvvür edin, həmin it poçtdan Əzimzadənin qonorarını gətirərmiş. Poçtda o iti hamı tanıyırmış. Qonorarı gələn kimi zəng edib Əzimzadəyə məlumat verirdilər, o da sədaqətli iti göndərərmiş...
Qonorardan söhbət düşmüşkən, Emin Sabitoğlunun atası, məşhur komediya müəllifi Sabit Rəhman Əzimzadə ilə zarafat etməyi xoşlayırmış. Bir dəfə Əzimzadə qəfəsdə çəkdiyi meymunlarla bağlı şəklini alqı-satqı komissiyasına təqdim edir. Həmin komissiyanın üzvlərindən biri də Sabit Rəhman olur. Əsəri komissiyaya Kazım Kazımzadə gətirir. Bu əhvalatı da Kazım müəllim danışıb. Deyir, içəri girdim, əsəri təqdim etdim, birdən Sabit Rəhman dedi, bu üç şəklə 300 manat verərik. Bu, Əzimzadəyə pis təsir edir. Ondan sonra qəfəsdə iri meymun çəkib, altına "Sabir Rəhman" yazıb, Kazıma tərəf dönüb "apar bunu komissiyaya göstər" deyib. Kazım pərt halda içəri girir, deyir, çox üzr istəyirəm, amma bu şəkli Əzim müəllim göndərdi. Sabit Rəhman şəklə baxır, gülür və deyir bunun qiyməti yoxdur - 1 milyon. Sözünün üstündə də durur, bir milyon qonorar verir.
Əzimzadənin ürəyi çox yumşaq idi. Baxmayaraq ki, görkəmcə zəhmli adam təsiri bağışlayırdı. Görkəmli rəssam Kazım Kazımzadə onun tələbəsi olub. Həmişə danışardı ki, Əzimzadə dərsə gəlib, tələbələrin şəkillərinə baxıb az-maz gülümsənəndə başa düşürdük ki, onun xoşuna gəlib. Zəhmlə baxırdısa bilirdik ki, bəyənməyib.
Görkəmli rəssam 63 yaşında dünyasını dəyişib. O, müharibədə döyüşən oğlunun ölüm xəbərini eşidəndən sonra bu ağır itkiylə tablaşa bilməyərək xəstələnib. Rəssama böyük hörməti olan Mircəfər Bağırov Əzim Əzimzadənin döyüşdə olan digər oğlunun geri qayıtması haqqında göstəriş verib ki, qoy o, öz oğlunun çiynində son mənzilə getsin. Lakin oğlu özünü can üstə olan atasına yetirə bilməyib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.