25 iyul, 2025
Paylaş:

Əsr yarımlıq şanlı yol

Görkəmli maarifçi Həsən bəy Zərdabi tərəfindən 1875-ci ilin 22 iyul tarixində "Əkinçi" qəzetinin nəşrə başlaması ilə təməli qoyulmuş Azərbaycan milli mətbuatı keçdiyi tarixi və şanlı bir yolun 150 illik mərhələsindədir.

Bu illər ərzində milli mətbuatımız çətin inkişaf yolu keçib. Lakin heç bir maneə mətbuatımızın zəmanəmizin əsl güzgüsünə çevrilməsinə əngəl ola bilməyib. Silahı qələm olan cəfakeş mətbuat işçiləri öz şərəfli missiyalarını uğurla icra edərək baş verən proseslərin ön sıralarında dayanıblar.

Təsadüfi deyil ki, hazırda respublikada onlarla müxtəlif qəzet, jurnal, agentlik və teleradio şirkətləri fəaliyyət göstərir. Müasir dövrdə mövcud texnologiyaların inkişafı isə Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib.

Hazırda müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. 1999-cu ildə "Kütləvi İnformasiya Vasitələri haqqında" beynəlxalq tələblərə cavab verən Qanun qəbul edilib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli Sərəncamı ilə Azərbaycanda senzura ləğv olunub. 2001-ci dekabrın 18-də ölkənin əsas kütləvi informasiya vasitələri və jurnalist təşkilatlarının rəhbərləri ilə görüşən Ulu Öndər mətbuatın problemlərini müzakirə edib. Həmin görüşdən sonra bəzi problemlər operativ şəkildə həllini tapıb, qəzetlər əlavə dəyər və mənfəət vergisindən azad edilib.

Ümummilli Liderin mətbuata bu münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirilmişdir. Heydər Əliyev 2002-ci il martın 22-də "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini tələb edirdi. Prezident İlham Əliyevin 2021-ci il 12 yanvar tarixli "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında"  Fərmanı ilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafında Dövlət dəstəyi Fondunun əsasında "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradıldı. MEDİA agentliyinin yaradılması və ötən illərdəki fəaliyyəti islahatların daha sürətlə aparılmasına və dərinləşdirilməsinə güclü təkan verdi.

Prezident İlham Əliyevin Azərbaycan Milli mətbuatının 150 illik yubileyinin qeyd olunması haqqında 25 aprel 2025-ci il tarixli sərəncamı milli mətbuata verilən yüksək qiymətin bariz nümunəsidir. Sərəncamda qeyd olunur ki, "Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafnı prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət-media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur…".

Həmçinin, "Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)" yubiley medalı təsis edilmişdir. Media sahəsinin inkişafında xüsusi xidmətləri olan, səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də bu medalla təltif ediləcəkdir.

Xalqımız milli mətbuatımızın 150 illik yubileyini Böyük Zəfərin 5 illiyi ilə bərabər qeyd edir. Bu şanlı qələbələrdə mətbuatımızın rolu danılmazdır. Sərəncamda deyildiyi kimi: "…Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifası üçün xüsusi səy göstərmiş, milli ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır".

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibəsində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirmiş, böyük Zəfərin müjdəçisi olmuşdur. Qırx dörd günlük Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti təqdirəlayiq idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə, o cümlədən Ermənistanın törətdiyi müharibə cinayətləri haqqında dolğun məlumatlar çatdırıldı. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandan reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasına müstəsna rol oynadı.

Azərbaycanda medianın inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olduğuna görə, birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin, milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi mətbuata və mətbuat işçilərinə dövlətin qayğısı kimi dəyərləndirilir. Dövlət başçısının mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmişdir.

Bugünkü baş verən hadisələrin mərkəzində olmaq - onları oxuculara olduğu kimi çatdırmaq hər bir mətbuat işçisindən yüksək peşəkarlıq, obyektivlik, bir sözlə, sənət yanğısı tələb edir.

 

Müşfiq Mirzə,

“Respublika” qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()