17 avqust, 2023
Paylaş:

Ernest Seton-Tompson

Onun roman və hekayələri ilə ilk dəfə tanış olanların çoxu onu uşaq yazıçısı hesab edirlər. Çünki əsərlərinin hamısı vəhşi təbiətə, ecazkar meşələrə və orada heyvanlara, quşlara həsr olunub. Həm romanları, həm də hekayələri meşə sakinlərinin həyatından, sirli davranışlarından, bir-biri və insanlarla münasibətlərindən, hiss və həyəcanlarından bəhs edir. Söhbət kanadalı yazıçı Ernest Seton-Tompsondan gedir...

Böyük Britaniyanın kiçik Saund-Şilds şəhərində İngiltərənin sonradan müflisləşən qədim zadəgan nəsillərindən birində - Seton ailəsində dünyaya göz açan Ernestin vəhşi təbiətlə, yaşıl meşələr, boz çöllərlə tanışlığı erkən yaşlarına təsadüf edir. İngiltərədə gəmiçi işləyən atasının maddi sıxıntıları yarandığı üçün Ernestin 6 yaşı olarkən ailəsi Kanadaya köçür. On uşaqlı ailənin başçısı burada fermerliklə məşğul olur. Balaca Ernest də daxil olmaqla bütün qardaşlar təsərrüfat işlərində atalarına kömək edirlər. Yazıçı romanında hər gün qulluq etməli olduğu inəklərdən danışır, təbiətlə ilk tanışlığını bu inəklərə bağlayır. Amma nədənsə, heç zaman onlara qarşı xüsusi sevgi bəsləmir. Əvəzində meşəni, xüsusən quşları sevir. Təsərrüfatdakı işlərindən artıq qalan zamanını qardaşları ilə birgə meşəni gəzməyə, burada müxtəlif oyunlar oynamağa sərf edən Ernest təbiətin dilini çox tez anlamağa başlayır. Bəlkə də onu təbiətə yönəldən məsələlərdən biri də ailədəki vəziyyətinin heç də normal olmaması idi. O, özünün də etiraf etdiyi kimi, atasıyla heç cürə dil tapa bilmir, yaxşı yola getmirdi. Buna görə də meşə həm də bir növ onun evdən qaçış məkanı idi. Getdikcə gününün daha çox hissəsini burada keçirir, buranı artıq özünün əsl evi hesab edirdi. Seton atası haqda sonralar belə deyirdi: "tarixdə və ya bədii ədəbiyyatda tanıdığım, yaxud eşitdiyim ən eqoist insandır". Hətta deyilənlərə görə, yazıçı atasının ona çəkdiyi bütün xərcləri, o cümlədən onun doğuşu üçün həkim haqqı da daxil olmaqla, müəyyən məbləğdə pul ödədikdən sonra onunla əlaqələri tamamilə kəsibmiş.

Tompsonun şəxsi həyatı da çox uğurlu olmayıb. Onun Qreys Qalli ilə qurduğu ilk ailəsindən qızı Enn doğulur. Sonralar atasının yazıçılıq yolunu nisbətən davam etdirən Enn, Ani Siton təxəllüsü ilə yazdığı hərbi bestsellərlə şöhrət qazanır. Lakin 40 illik izdivac boşanma ilə nəticələnir və yazıçı Culiya Batri ilə ailə qurur. Ədəbi fəaliyyətlə maraqlanan və ərinə bu yolda çox böyük dəstək göstərən Culiya ilə evlilikdən uşaqları olmur və cütlük sonralar Byula adlı yeddiyaşlı qız uşağını övladlığa götürür.

Xeyli ömür sürən yazıçı 86 yaşında Nyu Meksiko ştatının Seton kəndində qocalıq səbəbindən vəfat edib. Onun nəşi kremasiya edilmiş və illər sonra külü Nyu Meksiko təpələrinə səpilmişdir.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()