02 dekabr, 2024
Paylaş:

Emin Sabitoğlu

Evli ola-ola sevdiyi qızın pəncərəsi altında gecələyən Xalq artisti, təkrarolunmaz melodiyalar ustası, Azərbaycan filmlərinin əsrarəngiz fon musiqilərinin mahir yaradıcısı bəstəkar Emin Sabitoğlu...

Bəstəkar Bakıda, yazıçı Sabit Rəhmanın ailəsində dünyaya göz açıb. Yazıçı ailəsində böyüməsi onun gələcəkdə bir sənətkar kimi yetişməsində böyük rol oynayıb. Orta təhsilini musiqi məktəbində bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə - dahi bəstəkar Qara Qarayevin sinfinə qəbul olunub. İki ildən sonra isə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirərək görkəmli rus bəstəkarı, professor Y.Şaporinin sinfini müvəffəqiyyətlə bitirib. Hələ gənc ikən çalışmağa başladığı ilk müğənnilərdən biri Şövkət Ələkbərova olub. Şövkət xanıma mahnılar bəstələyib. Həmin mahnılara görə "Komsomol mükafatı"na layiq görülüb.Emin Sabitoğlu iki dəfə ailə həyatı qurub. İlk həyat yoldaşı Cəmilə xanımla Bülbül adına məktəbdə sinif yoldaşı olublar. Dostluqları tezliklə sevgiyə çevrilib. Cütlük məktəbi bitirəndən sonra konservatoriyaya daxil olub və ailə qurub. Bu evlilikdən bir qızları dünyaya gəlib. Adını Ceyran qoyublar. Bəstəkar qızını öz sənəti, peşəkarlığı, musiqiyə münasibəti və həyata baxışı ilə tərbiyə edib. İkinci dəfə isə tanınmış müğənni Xədicə Abbasova ilə evlənib. Elə Cəmilə xanımdan ayrılmasına səbəb də Xədicə xanım olub. Emin Sabitoğlu birinci həyat yoldaşından ayrılsa da, qızı ilə heç vaxt əlaqəni kəsməyib.

Xədicə Abbasova ilə evlənəndə bəstəkarın 50, xanımın 30 yaşı vardı. Aralarında 20 yaş fərq olub.

İkinci evliliyindən uşaqları olmur. Daha doğrusu, iki oğlan uşaqları dünyaya gəlir, ancaq hər ikisi körpə vaxtı vəfat edirlər. Xədicə xanım Eminlə tanışlığını belə xatırlayır: "Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. Emin məni görəndə, Rəşid müəllimə dedi, budu sənin ifaçın?! Bu, nədi, qara-mara bir qızdı. Bundan müğənni olar?" Aradan vaxt keçir Xədicə xanım sənətdə özünü göstərir və tanınır. Tədbirlərin birində görüşürlər. Emin Sabitoğlu ona vurulur. Bəstəkar Xədicə xanımı sevəndən sonra teatra içkili gəlirmiş. Tez-tez sevdiyi qadının pəncərəsinin altındakı skamyada oturub gözləyirmiş. Bir gün Xədicə xanımın anası onun bu hərəkətindən təngə gəlir və bəstəkara deyir: "Qızım haqqında müxtəlif fikirlər yaranacaq, ailəli adamsınız, evinizə gedin". Emin söz altında qalmır və dilə gəlir: "Xədicə kimi həyat yoldaşım olsaydı, heç vaxt evdən çıxmazdım".

Bəstəkarın özünəməxsus yumor hissi olub. Rəsmilərin iştirak etdiyi bir toplantıya gələndə polislərin necə ora-bura vurnuxduğunu görən Emin onlardan birinə yanaşır. Ağlına gələn bir soyadı - Kərimovu soruşur. Soruşur ki, "yoldaş Kərimov gəlib?". Polis maddım-maddım ona baxanda Emin Sabitoğlu eyni ciddiliklə: - Gözdə-qulaqda olun, indilərdə gələcək - deyib uzaqlaşır. Polislər də bu müəmmalı "göstərişi" bir-birilərinə yetirirlər.

Böyük bəstəkar Arif Məlikovla həm çox yaxın dost, həm də qonşu olub. Arif Məlikov həmkarı və dostu barəsində belə deyib: "Eminlə bir vaxtlar bəstəkarlara verilən binada qonşu idik, özü də eyvan qonşusu. Hər ikimiz ailəmizlə beşinci mərtəbədə yaşayırdıq. Eyvana çıxırdıq; o, öz eyvanına, mən öz eyvanıma. Arada bir şkaf var idi. Hərdənbir çay içirdik. Əgər həqiqəti desəm, arada bir "vodka" da içirdik. Eyvanlardan bir-birimizə badələri toxundurub xəlvəti içirdik. Yoldaşı Cəmilə xanım hərdən Eminə deyərdi: "Emin, sən balkona çıxıb içəri girəndə səndən araq iyi gəlir". Amma xəbəri yox idi ki, balkonda Eminə arağı mən verirdim".

Bəstəkar solaxay idi. Ancaq əsərlərini həm sağ, həm sol əllə yaza bilirdi. Siqaret qutularının üzərində, vərəqlərin kənarında melodiyalar yazırdı. Emin Sabitoğlu əsərlərini piano olmayanda da bəstələyirdi. Bədahətən, çox tez yazırdı musiqilərini. Əsərlərinin üzərində çox da işləmirdi. Emin Sabitoğlunun qəribə bir xasiyyəti vardı. Məsələn, jurnalistlərə heç vaxt telefon nömrəsini düzgün vermirdi. Ömrünün son illərini Türkiyədə keçirmişdi və həmişə Bakının həsrətini çəkirdi. Qaldığı mənzilin birini Bakıya aid əşyalarla bəzəmiş, saatı da Bakı vaxtına qoymuşdu. Taleh elə gətirir ki, uzun müddət qan təzyiqindən əziyyət çəkən bəstəkar 63 yaşında elə Bakıda da vəfat edir. Türkiyədən Bakıya gəlişinin səbəbi isə atası Sabit Rəhmanın 90 illik yubileyi ilə əlaqədar olur. Lakin gözlənilmədən bəstəkarın halı pisləşir və trombun ürəyinə tıxanması səbəbindən dünyadan köçür.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()