01 avqust, 2024
Paylaş:

Elza İbrahimova

Musiqi savadı olmayan insanlar belə onun mahnılarını dinləməmiş, sevməmiş, zümzümə etməmiş deyillər. "Bilməzdim", "Gecələr bulaq başı", "Ey Vətən", "Qurban verərdim", "Gəl barışaq", "Mehribanım", "Yoxluğunu bilə-bilə", "Sən yadıma düşəndə" kimi dillər əzbəri olan əsərləri hər birimizə xalq mahnıları qədər doğmadır. Söhbət Azərbaycanın və Dağıstanın xalq artisti, qəlbləri fəth etsə də, öz arzusu ürəyində qalan bəstəkar Elza İbrahimovadan gedir...

Elza İbrahimova Hacıqabulda anadan olub. Atası İmaməddin İbrahimov Azərbaycan dəmir yolunun məsul şəxslərindən, anası Sona İbrahimova isə ölkədə tanınmış genikoloqlardan biri olub. Elzanın musiqiyə olan həvəsini ilk dəfə anası hiss edir. Musiqi məktəbini bitirdikdən sonra onun dəstəyi ilə sənədlərini ali məktəbə verir. İmtahan verdiyi ilk ildə ixtisas fənlərindən əla qiymətlər alsa da, bir fəndən kəsilir. Həvəsdən düşən Elza İbrahimova yenidən imtahan vermək istəmir və anasına dərzi olmaq istədiyini bildirir. Lakin anası ona "Mən sənə çit paltar tikdirəcəm" deyib Elzanı fikrindən daşındırır. O, ikinci dəfə ali məktəbə imtahan verir və Cövdət Hacıyevin sinifinə daxil olur. Daha sonra isə anasının istəyi ilə Qara Qarayevin sinfində təhsilini davam etdirir. Elza İbrahimova Qara Qarayevin sinfində təhsil aldığı beş il müddətində bir mahnı belə yazmır, simfonik musiqiylə məşğul olur.

Bəstəkarın ən çox bir yerdə çalışdığı şair Ramiz Heydər olub. Belə ki, E.İbrahimova şairin 300-ə yaxın şeirinə mahnı bəstələyib. Mahnılarının əksəriyyətini isə müğənni Flora Kərimova üçün yazıb. Qarmonda gözəl ifa etməyi bacaran Elza xanım hətta Maykl Ceksona da mahnı verib. 24 yaşında özündən yaşca xeyli böyük olan professor Adil Ələkbərovla ailə qursa da bu evliliyin ömrü uzun sürməyib. Cəmi bir il davam edən ailə həyatından cütlüyün Zəhra adlı qızları dünyaya gəlib. Qızlarının 1 yaşı olmamış Adil Ələkbərov naməlum səbəbdən Elza İbrahimovanı tərk edir. Hətta qızının üzünü belə görmək istəmir. Yaşadığı bu uğursuz ailə həyatından sonra sənətkar bir daha ailə qurmur. Onun ən böyük arzusu ürəyində qalır...

Təbiətcə sakit, azdanışan və sadəliyi sevən Elza xanım heç vaxt zinət əşyalarına maraq göstərməz və istifadə etməzdi. Hətta onun bir qızıl üzüyü belə olmayıb. Deyilənə görə, yaxşı plov və borş bişirməyi bacarırmış. Hətta Flora Kərimova həmişə onlara gedəndə ondan borş bişirməsini xahiş edərmiş. Uzun illər şəxsi mənzili olmayan bəstəkara 70 yaşında Xalq artisti adı və ev verilsə də, orada yaşamaq ona qismət olmayıb. Ömrünün sonlarına yaxın depressiyaya düşən sənətkar heç kimi görmək və danışmaq istəməyib. Hətta o ərəfədə yemək içməkdən də imtina edib. 74 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()