Eleonora Ruzvelt
"Eleonora Ruzveltin gəzdiyi yerlərdə qızıl izlər qalır"... Uinston Çörçill "dünyanın birinci ledisi" Eleonora Ruzvelt haqqında belə demişdi. Kifayət qədər imkanlı və tanınmış ailədə böyüyən bu xanım əmisi və həyat yoldaşının uzun illər ölkənin birinci kürsüsünün sahibi olmasına baxmayaraq, zənginliyin içərisində öz xoşbəxtliyini tapa bilmədi. O iş həyatında bütün istəklərinə nail olsa da, ərini məşuqəsinin əlindən almağı bacarmadı...
Xanım Ruzvelt Amerika tarixində ən tanınmış və ən populyar birinci ledi sayılıb. Hətta Franklin Ruzveltin artıq prezident olduğu dövrdə ABŞ-da keçirilən sorğu zamanı, o, ictimai fəallığına görə səslərin 68 faizini toplayaraq həyat yoldaşını qabaqlayıb.
Cütlük kənardan çox xoşbəxt görünüb. Rəsmi tədbirlər, ziyafətlər və səfərlərdə tərəflərin qarşılıqlı mehriban davranışı, Eleonora xanımın əlil arabasında gəzən prezidentə qayğı dolu münasibəti kənardakılara onlar haqqında ideal ailə təəssüratı bağışlayıb. Əslində isə heç də hər şey göründüyü kimi olmayıb. Ruzveltlər ailəsinin şəxsi cəbhəsində həmişə gərginlik hökm sürüb və onlar həyat yoldaşından daha çox, bir-biri üçün dost və həmfikir olublar.
Eleonora Ruzvelt Nyu-Yorkda dünyaya gəlib. Uşaqlıq dövründə hər iki valideynini itirib. 8 yaşı olanda, anası difteriya xəstəliyindən, 10 yaşı olanda isə atası alkoqola hədsiz aludəçilikdən vəfat edib. O, nənəsinin himayəsində böyüyüb. Ali təhsilini Londonda alıb. Gənclik illərindən fəallığı ilə fərqlənən Eleonora mətbuatdakı yazıları, radiodakı çıxışları ilə tanınmağa başlayıb.
Franklin Ruzvelt onun yaxın qohumu olub, onlar eyni soyadı daşıyıb və uşaqlıq illərindən bir-birini tanıyıblar. Eyni nəsildən olan bu iki gənc sonradan ailə həyatı qurub. Nikah mərasimində ata əvəzi qismində Eleonoranın xeyir-duasını əmisi, ABŞ-ın 26-cı prezidenti Teodor Ruzvelt verib. Cütlüyün 1 qızı, 5 oğlu dünyaya gəlib.
Ailə problemsiz yaşayıb. Övladların böyüməsi, normal təhsil alması üçün ən yüksək şərait yaradılıb. Franklin Ruzvelt siyasi karyerasında bir-birinin ardınca uğurlara imza atıb. Eleonora Ruzvelt isə ictimai xadim kimi tanınıb. Şəxsi münasibətlərdə isə vəziyyəti sabitləşdirmək mümkün olmayıb.
Franklin Ruzveltin qadınlara olan hədsiz meyilliliyi ailənin dağılması mövzusunu gündəmə gətirib. Məhz elə həmin ərəfələrdə, Franklin Ruzvelt poliomielit xəstəliyindən sonra əlil arabası ilə hərəkət etməyə başlayanda, ailə söz-söhbətləri qismən azalıb. Eleonora xanım bu hadisədən sonra həyat yoldaşının qadınlarla əlaqəsinin kəsiləcəyini düşünüb. O, Ruzveltin ən yaxın köməkçisinə çevrilib. Xanım Ruzvelt ərinin siyasi fəaliyyətini davam etdirməsi üçün bütün gücünü səfərbər edib. Prezident seçkiləri kampaniyasında o öz fəallığı ilə rəqiblərini təəccübləndirib. Franklin Ruzvelt sonralar yazdığı xatirələrində bu məsələni xüsusilə vurğulayıb: "Eleonora Ruzvelt olmasaydı, Amerikanın Franklin Ruzvelti olmayacaqdı...".
Ancaq baş verən hadisələr, siyasi müstəvidəki uğurlar Ruzveltin qadınlara münasibətinə heç bir mənada təsir göstərməyib. O, əvvəlki həvəsi ilə bu sahədəki "fəaliyyəti"ni uğurla davam etdirib. Xanım Ruzvelt ərinin xəyanətlərindən xəbər tutsa da, ona heç vaxt qara yaxmayıb.
Əqidəcə çox güclü olan bu xanım həyat yoldaşının vəfatından sonra da ictimai və siyasi fəaliyyətini davam etdirib, ABŞ-ın Ruzveltdən sonrakı prezidenti Harri Trumen onu "dünyanın birinci ledisi" adlandırıb. Bir neçə kitabın müəllifi olan bu xanım haqqında hətta kitablar da yazılıb. Həmçinin onun haqqında "Eleonora-dünyanın birinci ledisi" adlı film çəkilib. "Time" jurnalı tərəfindən isə XX əsrin ən nüfuzlu 100 şəxsi siyahısına salınıb.
Dünyanın birinci ledisi 78 yaşında vərəm xəstəliyindən vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.