“El harayına can deyən şəhid Elcan” kitabının təqdimatı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 28 oktyabr tarixində Respublika Xatirə Kitabı Redaksiyasının hazırladığı, Elvin Arifoğlunun şəhid Elcan Muradovun həyat yolundan bəhs edən “El harayına can deyən şəhid Elcan” kitabının təqdimat mərasimi keçirildi. Təqdimat mərasimində “Xatirə kitabı”nın təmsilçisi, jurnalist Kəmalə Mirzəzadə, Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova, Əməkdar jurnalist Zemfira Məhərrəmli, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, kitabın müəllifi Elvin Arifoğlu, şair, publisist Rəfael Tağızadə, şair Fikmət Məlikzadə, zabit Ramin Hacıyev, müəllim, tərcüməçi Aliyə Səmədova, şəhid Elcan Muradovun qohumları, dostları və başqaları iştirak edirdilər.
Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov öz çıxışında Müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı, ulu öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi dövlətçilik ənənələrini, siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi, rəşadətli ordumuzun şücaəti, döyüş meydanında nümayiş etdirdiyi misilsiz qəhrəmanlığı ilə mənfur düşməni diz çökdürərək, şanlı Zəfər qazandığını və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdiyini söylədi. 200 ilə yaxın bir zaman kəsiyində torpaqlarını parça-parşa itirən Azərbaycanın bu gün öz ərazi bütövlüyünü bərpa etməsi, əzəli torpaqlarını geri qaytarması Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu, uzaqgörən diplomatik siyasətinin bariz nümunəsi olduğunu diqqətə çatdırdı. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətli olduğunu söylədi. Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımızın daim Azərbaycan xalqının qəlbində yaşayacağını, onların göstərdikləri qəhrəmanlığın isə tarixdə əbədi qalacağını söyləyərək, Elvin Arifoğlunun müəllifi olduğu “El harayına can deyən şəhid Elcan” kitabı kimi nəşrlərin gələcək nəsillər üçün çox dəyərli bir vətənpərvərlik nümunəsi olduğunu qeyd etdi. Aslan Cəfərov Bu işdə Ulu Öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Respublika Xatirə Kitabı Redaksiyasının müstəsna əməyini qeyd edərək, Vətənimizin bu müharibələrdə olan itkilərini, xalqımızın qəhrəman övladlarının xatirəsini əbədiləşdirmək kimi bir şərəfli missiyanı yerinə yetirdiyinə görə redaksiyanın bütün heyətinə öz dərin təşəkkürünü bildirdi.
Respublika Xatirə Kitabı Redaksiyasının Baş redaktoru Nəzakət Məmmədova 2017-ci ildən başlayaraq “Bakı-Xəbər” qəzeti ilə Respublika Xatirə Kitabı redaksiyasının birlikdə Azərbaycan oğullarının qəhrəmanlıq salnaməsindən bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsini həyata keçirdiklərini və layihə çərçivəsində 10-a yaxın kitabın işıq üzü gördüyünü tədbir iştirakçılarının diqqətinə çatdırdı. İşığına toplaşdığımız bu kitabın isə cəmi 19 il ömür sürmüş, lakin öz qəhrəmanlığı, Vətən sevgisi ilə müasir gəncliyə örnək ola biləcək Elcan Muradovun həyat yolundan bəhs etdiyini söyləyərək, gələcəkdə də bu layihələrin davam etdirəcəklərini söylədi. Nəzakət xanım bu tədbirin məhz mədəniyyət ocağı olan Gənclər Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduğunu qeyd etdi, tədbirin təşkilinə görə kitabxanaya öz dərin minnətdarlığını bildirdi.
Tədbirdə iştirak edən Əməkdar jurnalistlər Zemfira Məhərrəmli gənc müəllifin qələmə aldığı əsərdə müşahidə edilən yazı üslubu, hadisələrin canlı təsviri, oxucuları riqqətə gətirən səhnələr haqqında danışdı. Kitabın böyük sevgi ilə yazıldığını və çox maraqlı üsluba malik olduğunu bildirdi.
Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova da çıxış edərək, 44 günlük Zəfər tarixini tərənnüm edən istənilən layihənin, kitabın və ya tədbirin böyük şərəfli bir missiya olduğunu bildirdi. Bu əsərlərin xarici dillərə tərcümə olunması və daha geniş oxucu auditoriyasında təbliğ olunması zəruriyyətini vurğuladı. Şəhla xanım gələcəkdə “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından olan kitabların elektron variantlarının hazırlanaraq əsas fəaliyyət istiqaməti gənclərlə iş olan Respublika Gənclər Kitabxanasının elektron kitabxanasına verilməsini də təklif etdi.
Kitabın müəllifi Elvin Arifoğlu da çıxış edərək kitabın ərsəyə gəlməsində ona dəstək olan Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və kollektivə təşəkkürünü bildirdi, bu çətin və məsuliyyətli yolda onlara uğurlar arzu etdi. “El harayına can deyən şəhid Elcan” kitabının yaranma tarixindən danışaraq, Azərbaycanın bütövlüyü uğrunda canını fəda etmiş bütün oğulların bu gün ruhunun şad olduğunu bildirdi, tədbirin təşkilinə görə kitabxana rəhbərliyinə təşəkkür etdi.
Tədbirin sonunda müəllifin kitabları kitabxanaya və qonaqlara hədiyyə edildi, xatirə şəkli çəkdirildi.








