Dəmiryolunda Heydər Əliyev izi…
“Mən indi Azərbaycan Dövlət Dəmir yolunda inkişaf hiss edirəm”. Bu sözləri Ulu öndər Heydər Əliyev 4 yanvar 1998-ci ildə Dübəndi terminalının və stansiyasının açılış mərasimindəki çıxışında deyib. Bu da təsadüfi sayılmır. Özünün qurduğunun dağıldığını görəndən sonrakı dirçəliş mərhəsəlinin də Heydər Əliyevin imzası ilə başlaması da tarixin Ulu öndərin çiyninə qoyduğu bir yük idi.
Azərbaycanın dirçəlişi üçün gecə-gündüz çalışan Heydər Əliyev bu işi də yüksək məharət və bacarıqla yerinə yetirə bilir. Azərbaycanda dəmir yollarının inkişaf mərhələsində Heydər Əliyev imzası dönəminə bir tarixi ekskursiya edək.
- Dəmiryolunda Heydər Əliyev izi…
Dəmiryol nəqliyyatının yaranması və sürətli inkişafı ilə Azərbaycan iqitsadiyyatında və sosial- mədəni həyatında bir sıra yeniliklər baş verdi. Dəmir yolunun çəkilişindən sonra stansiyalar ətrafında fəaliyyət göstərən ənənəvi yükdaşıyıcı vasitələrin yönü daxili daşımalara istiqamətləndi, ümumi yüklərin həcmi və çeşidi isə artdı.
Danılmaz faktdır ki, dəmir yolları şəbəkəsi şəhərlərin böyüməsində də əsas amillərdən biri olmaqla, sənayenin inkişafına geniş meydan açıb, ölkəmiz ərazisində mədəni həyatı canlandırıb. Dəmiryolunun işə düşməsi ilə Azərbaycan daxilindəki poçt stansiyaları və poçt yolları sıradan çıxmış və poçt rabitəsi qəza mərkəzlərini dəmir yolu stansiyası ilə birləşdirən və tədricən şoseləşən yollarla həyata keçirilibdir.
Məlumdur ki, respublikamızda dəmir yolunun inkişaf tarixinin mühüm bir hissəsi də qüdrətli siyasət və dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dönəmində dəmiryol şəbəkəsi daha da genişlənib, müasirləşib, respublikanın hərtərəfli inkişafının təmin edilməsinə layiqli töhfələr veribdir. Məhz ulu öndərin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz tərəqqisinin zirvəsinə çatıbdır.
- Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafı
Heydər Əliyev istər Azərbaycana rəhbərlik edərkən, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxladı və onun inkişafına xüsusi önəm veribdir.
Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra dövlətçiliyimizi faktiki olaraq qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başladı. 1995-ci ildən sabitləşməyə başlayan iqtisadi inkişafda, şübhəsiz ki, Azərbaycanın dəmir yolu infrastrukturunun inkişafının diqqət mərkəzində saxlanılması da öz müsbət təsirini göstərdi.
XX əsrin 70-ci illərində Heydər Əliyevin tövsiyəsi ilə Yevlax–Balakən dəmir yolu xəttinin tikintisi üzrə 6 yeni stansiya və vağzal binası (Balakən, Zaqatala, Qax, Şəki, Xanabad) istifadəyə verilib. Elə bu illərdə Sumqayıt, Sabunçu, Goran, Ağstafa, Əli Bayramlı (indiki Şirvan), Ucar, Gəncə, Tovuz, Qazax, Kürdəmir, Daşburun, Horadiz, Bərdə, Ağdam, Xankəndi stansiyalarında müasir vağzal binaları, Culfa stansiyasında xarici ölkələrdən gəlib-gedənlər üçün yeni vağzal binası və qonaq evi, Bakıda yeni sərnişin vağzalı inşa olunub. 1970-1982-ci illərdə dəmir yolunda yük dövriyyəsi 10 min 917 milyon ton artaraq 35 min 510 milyon ton, sərnişin dövriyyəsi isə 581 milyon sərnişin artaraq 2257 milyon sərnişin olub. O cümlədən avtomobil nəqliyyatının infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər sayəsində 1970-1982-ci illərdə avtomobillə yük dövriyyəsi 4824 milyon ton və ya 2,3 dəfə artıb. Oxşar mənzərə, hava və su nəqliyyatında da müşahidə edilib, hər iki növ üzrə sərnişin və yük daşınması, eləcə də dövriyyəsində ciddi artımlara nail olunub. Bütövlükdə XX əsrin 70-80-ci illərində Heydər Əliyev tərəfindən Azərbaycanda nəqliyyat xidmətlərinin təkmilləşdirilməsi və yol tikintisi sahəsində həyata keçirilən quruculuq işləri müstəqil Azərbaycan Respublikasının iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, ulu öndərin ölkəmizə rəhbərlik etdiyi 1969 – 2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı, 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə edibdir.
- Dəmir yolu sektorunun dinamik inkişafı…
O da məlumdur ki, Böyük İpək Yolunun bərpası istiqamətində davamlı işlər görən Azərbaycan Respublikası, nəhayət 2005-ci ildə Şimal-Cənub nəqliyyat dəhlizinə də qoşulub. Beləliklə də, ölkənin Şərq-Qərb (Böyük İpək Yolu) və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində Avropa və Asiyanın mühüm nəqliyyat qovşağına çevrilmək imkanları daha da artdı. Azərbaycan yeganə ölkədir ki, “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri layihələrinin ikisində də iştirak edir. Regionda reallaşan hər bir nəqliyyat layihəsində əsas aparıcı dövlət olan Azərbaycan beynəlxalq əhəmiyyətli dəmir yollarının tikintisi və yenidən qurulmasına da böyük əhəmiyyət verir. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və dəmir iradəsi ilə həyata keçirilib. Artıq 5 ildən çoxdur istifadəyə verilən BTQ qitələrarası daşınmalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edib. BTQ dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və rahat yol olub yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın da Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.
Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi “Bir kəmər, bir yol” iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. BTQ dəmir yolunu İpək Yolu iqtisadi kəmərinin tərkib hissəsi kimi nəzərdən keçirsək, onun başlıca vəzifəsi Çindən və Cənub-Şərqi Asiyanın digər ölkələrindən Avropaya yüklərin daşınmasıdır. İnamla deyə bilərik ki, bu dəmir yolu qitələrarası daşımalar üçün böyük imkanlar yaradır.
Avrasiyanın nəqliyyat xəritəsini yeniləşdirən, dəmir İpək Yolu adlandırılan Bakı-Tbilisi-Qars Azərbaycan Respublikasını əhəmiyyətli tranzit daşınmalar mərkəzinə çevirib və bu yol ilə gələcəkdə 15 milyon tonadək yük daşımaq mümkün olacaq.
- Zəngəzur dəhlizi reallaşacaq
Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son bu illər ərzində dəmir yolu sistemində də ardıcıl inkişaf və modernləşdirmə tədbirləri həyata keçirilibdir. Son illərdə Azərbaycan Dəmir Yollarının beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm tədbirlər dəmir yolu infrastrukturunun inkişafını sürətləndirib. Prezident İlham Əliyevin göstərdiyi xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaranıb.
Bakı-Tbilisi-Qars dəmir yolunun Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin etdiyini deyən dövlət başçısı bildirib: “Biz həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük”.
Azərbaycan dəmir yollarının hazırkı vəziyyəti, son dövr ərzində həyata keçirilən islahatlar gələcəyə ümidlə baxmağa əsas verir. Bununla belə, inkişaf etmiş dünya ölkələrinin səviyyəsinə çatmaq üçün modernləşmə baxımından daha çox iş görülməlidir. Respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq və regional layihələrdə fəal iştirakını reallaşdırmaqla öz infrastrukturunu qoruyub saxlayır, ölkənin irihəcmli daşımalara tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü kimi yadda qalıb. 1969-cu ildə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklər baş verdi, yeni stansiyalar inşa olundu, respublikamızın ittifaq ölkələri istiqamətində yeni hərəkət xətləri istifadəyə verildi: “Şirvan, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətlərinin və digər dəmir yolu stansiyalarının inşa edilərək istismara verilməsi dəmiryolu vasitəsilə daşınan yüklərin həcminin artmasına səbəb oldu. Ulu öndərin müstəqil Azərbaycana rəhbərliyi dövründə də dəmir yolu yenidən inkişaf yoluna daxil olsu, infrastrukturlar yeniləndi, 1996-cı ildən etibarən Azərbaycan dəmir yolu tranzit yol kimi bir neçə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak etməyə başladı. TRASEKA dəhlizinin yaradılması sayəsində Böyük İpək Yolunun Bakıdan Böyük-Kəsik stansiyası ilə xarici bazarlara çıxış təmin olundu. Bu nəqliyyat dəhlizi hazırda Yeni İpək Yoluna intqerasiya olunmaqdadır”.
A.Hüseynov onu da əlavə etdi ki, Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən H.Əliyev Qarabağ bölgələrinə dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətləndi, Qarabağın Bakı ilə əlaqələri daha da möhkəmləndi: “1990-cı illərin əvvəlində Ermənistanın təcavüzü nəticəsində dağıdılan Ağdam, Əsgəran və Xankəndi stansiyaları sıradan çıxsa da, Ulu öndərin yadigarı olan bu magistarllar Cənab İlham Əliyev tərəfindən yenidən qurulur, azad edilmiş ərazilərdəki ən böyük layihələr sırasında məhz dəmir yolu xətlərinin inşası xüsusi yer tutur. Zəngəzur dəhlizinin yaradılması reallaşmaqdadır. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən təməli qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir dövrün iqtisadi islahatları respublikamıza böyük uğurlar gətirib, ölkə iqtisadiyyatının sürətli inkişafına səbəb olubdur. Ümummilli Liderin rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi Prezident İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz “Bakı-Tbilisi-Qars" və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində aktiv iştirak edir”.
Son olaraq bildirək ki, ölkəmizdə dəmir yolu nəqliyyatının beynəlxalq standartlara uyğun qeyri-neft sektirunun mühüm bir qolu kimi inkişafı, bu sahədə islahatlar və yenidənqurma işlərinin uğurla həyata keçirilməsi həm də əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi deməkdir.
Günel Cəlilova
“Bakı Xəbər”