Daniel Defo
Elə yazıçılar var ki, onların yaratdıqları obrazlar, qəhrəmanlar müəllifin öz adından, imzasından daha məşhurdur. İnsanlar Don Kixotu Servantesdən, Ovodu Voyniçdən daha çox tanıyırlar. Jan Valjan, Qvazimoda Viktor Hüqonun özündən məşhurdur. "Robinzon Kruzo" nun müəllifi Daniel Defo da qəhrəmanı özündən məşhur olan yazıçılardandır...
Daniel İngiltərədə - Kriplqeytdə anadan olub. Onun atası Ceyms Fo (yazıçı sonralar familyasının əvvəlinə "de" artıraraq "Defo" etmişdir) həmin dövrlər üçün yaxşı gəlirli iş hesab olunan qəssablıqla məşğul idi. Və çox istəyirdi ki, gələcəkdə oğlu ya tacirlik etsin, ya da ilahiyyatla məşğul olsun. Bundan ötrü çalışırdı da. Amma balaca Danielin anası ərinin fikirləri ilə razı deyildi. Çünki qadın oğlunun hələ kiçik yaşlarından başlayaraq oxumağa nə qədər həvəsli olduğunu görürdü. Həqiqətən də Daniel böyük acgözlüklə tarixdən, səyahətlərdən, macəralardan bəhs edən kitablarla çox maraqlanırdı. On iki yaşı olanda onu "Nyuinqton akademiyası" adlanan məktəbə qoyurlar və Daniel burada 4 il oxuyur. O, məktəbi bitirdikdən sonra bir müddət corabların topdansatış ticarətiylə məşğul olur və bu iş ona həyatın ən müxtəlif üzləri, xarakterləri ilə tanış olmasına şərait yaradır. Elə bu ərəfədə də varlı bir çəlləkçinin qızı ilə evlənir və bir neçə il yenə ticarətdə çalışır. Təbiətən özünə qarşı çox tələbkar olan Daniel üzərinə düşən bütün işləri tənbəllik etmədən yerinə yetirirdi. O, bir müddət kərpic zavodunda yüksək vəzifədə də çalışdı. Amma bütün bu illər ərzində Daniel hiss edirdi ki, çalışdığı yer onun ürəyincə deyil. Təxminən üç ildən sonra yazıçı özünü maraqlandığı işə həsr etməyə qərar verir. Və siyasi jurnalların birində jurnalistik fəaliyyətinə başlayır. Çox çəkmir ki, özünü və ümumiyyətlə cəmiyyəti narahat edən problemləri kəskin şəkildə qələmə almaqla gündəmə gəlir.
İlk vaxtlar yazıları ilə şöhrət qazanır və bu arada gedən siyasi proseslərə də qoşulur. Lakin yazıçı yüksək məbləğdə cərimələndikdən və iki il həbs həyatı keçirdikdən sonra siyasətdən həmişəlik getməyə qərar verir. "Robinzon Kruzo"nun müəllifi Daniel Defonun həm də kəşfiyyatçı olduğunu bilirdinizmi? Bəli, Defo nəinki adi kəşfiyyatçı hətta İngiltərə kəşfiyyatının yaradıcısı hesab olunur.
O, həbsxana həyatı ilə vidalaşandan sonra, dünyanı fəth edən ən məşhur əsərini - "Robinzon Kruzo"nu yazdı. Əslində Daniel Defo bədii yaradıcılığa çox gec başlayıb. Yazıçı bu əsərini yazanda onun təxminən 58 yaşı var idi. Lakin bu roman Defoya inanılmaz şöhrət gətirdi. Əsər işıq üzü görəndən ta indiyədək dünyanın elə bir ölkəsi yoxdur ki, orada çap olunmasın. Məhz yüksək bədii keyfiyyətlərinə, hadisələrin ustalıqla, şirin dillə təsvir edilməsinə, süjet xəttinin çox maraqlı qurulmasına, ümumiyyətlə gözəl qələmə alınmasına görədir ki, "Robinzon Kruzo" ən çox tərcümə olunan, ən çox tirajla çap olunan əsərlərin ön cərgəsindədir. Daniel Defo bu əsəri ilə Avropada həm də roman janrına yeni keyfiyyətlər gətirdi, köhnə stereotipləri dağıtdı. Ustalıqla yazılmış bu əsərlə bağlı ən maraqlı cəhətlərdən biri də budur ki, roman dəniz səyahətindən bəhs etsə belə, Daniel Defo yalnız bircə dəfə - gənclik illərində gəmiylə Portuqaliyaya səfər edib, yerdə qalan bütün ömrünü yalnız öz vətənində keçirib. Defo əsərin süjetini həyatdan götürüb.
İngilislər uzun illər Defonu İngiltərənin sərvəti adlandırıblar, onun istedadı ilə fəxr ediblər. Amma İngiltərə siyasətində qısa da olsa öz sözünü deyən bu istedadlı yazıçı, böyük maddi sıxıntılar içərisində yaşamış, pulsuzluqdan əziyyət çəkmiş, elə yoxsulluq içərisində də 70 yaşında bu dünya ilə vidalaşmışdır. Ən acınacaqlı fakt isə budur ki, əsərləri ilə dünyanı fəth edən yazıçının qəbri üzərinə üç-dörd kəlmə yazısı olan başdaşı yalnız XVIII əsrlərin axırlarında qoyulub. Çox sadə qəbir lövhəsində isə bunlar yazılıb: "Daniel Defo, "Robinzon Kruzo"nun müəllifi. Doğumundan 70 il sonra 1731-ci il 24 apreldə ölüb"...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.