COP29 və qlobal təşəbbüslərin əhəmiyyəti
Hazırda bütün dünya iqlim dəyişmələrinə qarşı mübarizədə ciddi tədbirlər görür. Davamlı gələcəyin təmin edilməsi məqsədilə hər il müxtəlif şəhərlərdə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) bu ilin noyabrında Bakıda təşkil olunacaq.
Ölkəmizin belə nüfuzlu tədbirə ev sahibliyi etməsi, Azərbaycanın beynəlxalq səviyyədə məsuliyyətini daha da artırır. Dövlət tərəfindən bu tədbirə ciddi hazırlıqlar aparılır. Azərbaycan COP29-u yalnız tədbir kimi deyil, eyni zamanda davamlı inkişaf hədəflərinə çatmaq üçün bir imkan olaraq dəyərləndirir.
Enerji siyasətində əldə olunan uğurlar, bərpaolunan enerji mənbələrinə qoyulan sərmayələr və iqlim dəyişmələri ilə mübarizə istiqamətində göstərilən qətiyyət, Azərbaycanın dayanıqlı gələcək üçün atdığı mühüm addımları əks etdirir. Ümumilikdə, ölkəmiz yalnız Cənubi Qafqazda deyil, bütün dünyada önəmli mövqeyə yüksəlib. Respublikamızın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq layihələr nəticəsində ölkəmiz Avropanın güvənilən enerji təminatçılarından birinə çevrilib. Şərq və Qərbi birləşdirən mərkəzi marşrutun, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin işə düşməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun sürətlə artmasına səbəb olub. Belə nəhəng layihələri həyata keçirməklə iqtisadi və hərbi gücünü artıran dövlətimiz uzun müddət işğal altında olan torpaqlarını qısa müddətdə azad etdi. Bu prosesin ardından Azərbaycanın sürətli iqtisadi inkişafını müşahidə edənlər indi də ölkəmizin hərbi gücünün necə zirvəyə yüksəldiyini görürlər.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin siyasi əhəmiyyəti böyükdür.
Ölkəmiz bu tədbirlər vasitəsilə tarixi həqiqətləri dünyaya çatdırmaqla, Qərbin ikiüzlü siyasətinə cavab verərək haqlı mövqeyimizi göstərir. Bu il keçiriləcək COP29 isə Yer kürəsində baş verən iqlim dəyişmələri məsələlərini müzakirə etmək məqsədilə dünya liderlərini, hökumət nümayəndələrini, alimləri, qeyri-hökumət təşkilatlarını və digər maraqlı tərəfləri bir araya gətirən ən böyük beynəlxalq tədbirlərdən biri kimi tarixə düşəcək. Bakı bu tədbir müddətində dünyanın diqqət mərkəzində olacaq və şəhərimiz minlərlə xarici qonağı qəbul edəcək. Xatırladaq ki, 2015-ci ildə keçirilmiş 21-ci COP tədbirində Paris Razılaşması qəbul edildi və 171 ölkə bu sənədi imzaladı. Azərbaycan isə həmin sənədə 2016-cı ildə qoşuldu. COP tədbirlərinin əsas məqsədi karbon emissiyasını azaltmaq və sənayeləşmə dövründən əvvəlki 1,50C hədəfinə çatmaqdır. COP29 isə bu prosesin sürətləndirilməsi və Paris Sazişinin tələblərinin yerinə yetirilməsi üçün mühüm addım kimi qiymətləndirilir. Bu tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin iqlim dəyişmələri ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməsinin beynəlxalq səviyyədə təsdiqi hesab olunur. Bununla yanaşı, belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın ictimai-siyasi və iqtisadi sabitliyinin beynəlxalq arenada yüksək qiymətləndirildiyini göstərir. COP29-un Azərbaycana həvalə edilməsi təklifi COP28-də qəbul edilən qərarla təsdiqlənmiş və bu qərar müxtəlif ölkələrin, beynəlxalq təşkilatların birmənalı dəstəyi ilə qəbul edilmişdir. Eyni zamanda, bu qərar Azərbaycanın qlobal "yaşıl enerji" keçidində fəal iştirakçı olduğunu bir daha sübut edir. Ölkəmizin bərpaolunan enerji potensialı son illərdə daha da inkişaf etdirilir və bu sahədə atılan addımlar mühüm nəticələr verir. 2023-cü ilin oktyabrında istifadəyə verilən 230 meqavat gücündə günəş elektrik stansiyası buna əyani misaldır. Gələcəkdə ölkədə günəş və külək enerjisindən istifadə edən daha böyük enerji stansiyaları tikiləcək. 2027-ci ilə qədər 2 qiqavat gücündə, 2030-cu ilə qədər isə əlavə 5 qiqavatlıq stansiyalar fəaliyyətə başlayacaq. Azərbaycanın həm dənizdə, həm də quruda olan külək və günəş enerjisi potensialı bu sahədə dünya miqyasında önəmli nəticələrə yol açacaq.
İqlim dəyişmələri artıq bütün dövlətlərin qarşısında danılmaz bir reallıqdır. Mineral yanacaqlardan istifadə etmənin artması və istixana qazlarının miqdarının yüksəlməsi qlobal istiləşməyə səbəb olur. Temperaturun dünya miqyasında artması hava şəraitində dəyişikliklərə gətirib çıxarır - ekstremal hava hadisələri və təbii fəlakətlər daha tez-tez baş verir. Meşə yanğınları, sel, tufan, torpaq sürüşmələri, quraqlıq kimi hadisələr artıb. Bu sürətli iqlim dəyişmələri, eyni zamanda insanlar üçün sağlamlıq problemləri və çoxsaylı heyvan növlərinin yoxolma təhlükəsi yaradır. Bu səbəbdən COP-un keçirilməsi, dünyanın ən genişmiqyaslı tədbiri olaraq birtərəfli məsələ deyil. İqlim dəyişmələri məsələsində beynəlxalq ictimaiyyətin və dünya ölkələrinin üzərinə böyük məsuliyyət düşür. Qlobal problemlə bağlı danışan ölkələrin sayı çox olsa da, yalnız bir neçə ölkə bu istiqamətdə konkret addımlar atır. Bəzi dövlətlər, ümumiyyətlə, öhdəliklərini yerinə yetirmir.
Lakin Azərbaycan hər zamankı kimi, öz missiyasını yüksək səviyyədə yerinə yetirir və iqlim dəyişmələri ilə mübarizədə yeni model yaradır. Azərbaycan modeli iqtisadiyyatın düzxətli modelindən fərqli olaraq, təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emal yolu ilə faydalanmanı nəzərdə tutur. Bu, həmçinin ətraf mühitə təsir edən çirklənmə, resursların tükənməsi və biomüxtəlifliyin itirilməsi ilə mübarizə aparmaq, dayanıqlı istehsal və istehlak modelləri yaratmaq, iqlim dəyişmələri ilə mübarizədə BMT-nin dayanıqlı inkişaf göstəricilərini həyata keçirmək, innovasiyanı və yeni işgüzar fəallığı təşviq etmək imkanı verəcək. Ölkəmizin evsahibliyi edəcəyi COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmaların yaranmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığa da töhfə verəcək. Azərbaycan kimi, digər ölkələr də bu problemin həllinə həssas yanaşmalıdır.
İqlim dəyişmələri ilə mübarizədə maliyyənin əhəmiyyəti ildən-ilə artır. Uzunmüddətli danışıqlar zamanı ölkələr iqlim təsirlərinin azaldılması, uyğunlaşma üçün maliyyə dəstəyi tələb edirlər. İnkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər bu məqsədlə iqlim dəyişmələri probleminə maliyyə dəstəyi göstərməlidirlər. Bu baxımdan, COP29 inkişaf etmiş ölkələri bu maliyyə dəstəyi ilə bağlı dövlətlərə töhfə verməyə sövq edə bilər.
Nurlan Abdalov
“Respublika” qəzeti