25 iyun, 2024
Paylaş:

COP29-un daha bir müzakirə mövzusu - iqlim dəyişikliyi və insan sağlamlığı

COP29-un daha bir müzakirə mövzusu - iqlim dəyişikliyi və insan sağlamlığı

Müşahidələr göstərir ki, faciəli metereoloji hadisələr, ərzaq və su ehtiyatlarına təsir edən qeyri-sabit iqlim şəraiti, infeksion xəstəliklərin baş verməsinin yeni modelləri və ekosistemin dəyişməsi nəticəsində bir sıra xəstəliklərin yaranması insan sağlamlığı üçün böyük təhlükələr yaradır.

Məsələn, yüksək hərarətin buzlaqların əriməsinə təsiri daşqın fəlakətlərinin daha da çoxalmasına yol açır. Tibb mütəxəssilərinin qənaətinə görə, bu, malyariya kimi həyat üçün təhlükəli olan transmissiv (ötürücü) xəstəliklərin modellərini dəyişir. Ağcaqanad kimi həşəratlar vasitəsilə yayılan xəstəliklər iqlimə həssas olan insanlara öldürücü təsir göstərir. Havanın qısamüddətli intensiv dəyişməsi ürək və respirator (nəfəs yolları) xəstəliklərin ölüm hallarını artıra bilən istilik stressini artırır (hipertoniya) və sağlamlığı təhlükə altına alır. Astmaya səbəb olan bitki tozcuqları kimi antropogen və təbii mənşəli bərk zərrəciklərin havada mövsümi yayılmasına təsir edir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqlar çərçivəsində keçirilən "İqlim dəyişikiyi və insan sağlamlığı" adlı tədbirdə bu və bənzər məsələlər müzakirə olundu. Azərbaycan Tibb Universitetinin İctimai səhiyyə fakültəsinin Qidalanma və tibbi ekologiya kafedrasında düzənlənən yığıncaq iştirakçıları tələbələri bu məsələlərə daha həssas yanaşmağa, iqlim dəyişiklikləri ilə əlaqədar yaranan fəsadların aradan qaldırılması yollarını öyrənməyə çağırdılar. Kafedranın müdiri dosent Fəridə Əli antrogen amillərin iqlim dəyişikliyinə olan təsirlərindən danışaraq qeyd etdi ki, bu, yer kürəsində iqlimin zaman-zaman dəyişməsinə səbəb olur.

 

 

XX əsrin sonu və XXI əsrin əvvəllərində baş verən iqlim dəyişikliyi əsasən qazıntı yanacaqları olan kömür, neft və qazın evlərdə, fabrik və zavodlarda, eləcə də nəqliyyatda, xüsusən də hava nəqliyyatında geniş istifadə edilməsinə görə baş verir. Karbon qazının (CO2) atmosferə buraxılması yer səthinə yaxın atmosferdə artıq enerjinin saxlanmasına səbəb olur ki, bu da planetdə istiləşməni sürətləndirir.

Sənaye inqilabı nəticəsində atmosferdə CO2-nin miqdarı 50 faiz artıb. Yarana biləcək daha böyük faciələrdən xilas olmağın bir yolu "yaşıl enerji" istehsalıdır: "Yaşıl enerji"nin uğuru insanların elmi-texniki tərəqqini, texnologiyanı mənimsəmək istəyindən çox asılıdır. Biz uzun illərdir neft, qaz, kömür kimi faydalı qazıntılara "qara qızıl" adı qoyub arxayınlaşmışıq. Halbuki bunlara alternativ olan "yaşıl enerji" daha çox rahatlıq, sürət və qənaət, ən əsası isə, təhlükəsizlik deməkdir. Ona görə də günəş panelləri, külək və su-elektrik stansiyalarının gücündən istifadə etmək sağlamlığı qoruyur. Zərərli qidalardan əziyyət çəkən insan təmiz ekologiya mühitində yaşamaq üçün bunu etməlidir. Məhz bu zərurətdən yaranan COP-un noyabrda doğma şəhərimizdə baş tutacaq 29-cu sessiyası həmin məsələlərin həlli istiqamətində də yollar aramağa cəhd edəcək".

İctimai səhiyyə fakültəsinin dekanı dosent Qalina Qəniyeva iqlim dəyişikliyinin qlobal qida təhlükəsizliyinə olan təsirindən danışaraq tələbələri COP29-da fəal iştirak edərək müzakirə olunan məsələnin həllinə fərdi yanaşmalarını tövsiyə etdi. Hər bir gənc təhsil aldığı elm ocağında əldə etdiyi biliklərdən istifadə edərək qlobal tədbirə fayda vermiş olar. Bu gün "yaşıl enerji"nin tətbiqi tibbi ekologiyanı öyrənən gənclərin gələcək fəaliyyətlərində əllərindən tutacaq. ATU-nun müəllimi, universitetin İctimai Nəzarət Şurasının sədr müavini Aida Bəndəliyeva COP-un yaranma tarixindən danışaraq tələbələri məlumatlandırdı və noyabrda Bakıda keçiriləcək qlobal tədbirin Azərbaycana gətirəcəyi dividendləri sadaladı. İxtisasca əczaçı olan Aida xanım elmi işi üzərində çalışarkən iqlim dəyişikliyindən dolayı Azərbaycanda dərman bitkilərinin nə qədər azaldığının diqqət çəkdiyini ürəkağrısı ilə söylədi: "Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada floraya vurulan zərbədir. Qarşısı alınmasa, təbii tərkibli dərmanları tamamilə kimyəvi tərkibli dərmanlar əvəzləyəcək".

Universitetin Epidemiologiya və biostatistika kafedrasının müdiri professor, Əməkdar elm xadimi İbadulla Ağayev "yaşıl enerji" siyasətinin nə qədər gərəkli olduğundan bəhs edərək, ölkədə yaşıllıqların artırılmasının, bu yönümdə ağacəkmə kampaniyasının faydalarını diqqətə çatdırdı. Şəxsən özünün tələbəliyindən üzü bəri universitet həyətində yetişdiriyi ağacdan tutmuş, Azərbaycanın müxtəlif yerlərində, Bakının küçələrində əkdiyi ağacların insanlara verdiyi faydadan dolayı xoşbəxt olduğunu dilə gətirdi: "Bu da mənim "yaşıl enerji"yə verdiyim kiçik bir töhfədir". Universitetin "Təbib" qəzetinin baş redaktoru Məğrur Əliyev, Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Babayeva, ATU Elmi Araşdırmalar Mərkəzinin baş elmi işçisiləri dosent Tariyel Eyvazov və dosent Fatma Rəcəbova, mərkəzin kiçik elmi işçisi İlhamə Nuriyeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı İlahə Əhmədova, İctimai səhiyyə fakültəsi həmkarlar təşkilatının sədri Səidə Hacıyeva, Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı Akif Əli, "Azərpambıq" Aqrar Sənaye Kompleksi MMC-nin mətbuat katibi Yusif Mədətov, Beynəlxaq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev iqlim dəyişikliyinin fəsadlarından, COP29-un əhəmiyyətindən, qida təhlükəsiziyini qorumağın zərurətindən, tibbi ekologiyanı öyrənən tələbələrin gələcək fəaliyyət istiqamətlərindən söz açaraq ətraf mühitin sağlamlaşdırılmasında hər kəsin iştirak etməsinin vacibliyini vurğuladılar.

                                                                                                                                         Züleyxa Əliyeva

                                                                                                  “Azərbaycan”qəzeti

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()