14 mart, 2024
Paylaş:

COP29 Təşkilat Komitəsi - gender balansı tam təmin olunub

Azərbaycan bu il ev sahibliyi edəcəyi dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan COP-29-la bağlı geniş hazırlıq işlərini davam etdirir. Bu, müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük tədbirdir. Ölkəmizə COP29 günlərində çoxsaylı ölkələrin dövlət başçıları və digər rəsmiləri, 10 minlərlə xarici qonağın gələcəyi gözlənilir. Eyni zamanda tədbirin gedişində qlobal əhəmiyyətli, bütün dünya üçün son dərəcədə aktual olan məsələlər müzakirə ediləcək. Məlumdur ki, bu gün dünyanın qarşısında duran əsas problemlərdən biri məhz iqlim dəyişiklikləri ilə bağlıdır. Bu, bütün dünyanı narahat edir və beynəlxalq birlik həll yollarını tapmaq üçün bir araya gəlirlər. Bu mənada Bakı görüşü də problemin müzakirəsi, həll yollarının tapılmasında və konkret fəaliyyət istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayacaq. COP-29-la bağlı Azərbaycandan böyük gözləntilər var, bu mənada həm hazırlıq prosesinin, həm tədbirin özünün yüksək səviyyədə təşkili üçün cəmiyyətin müxtəlif seqmentlərinin səfərbər olunması zəruridir. Buna görə də Prezident İlham Əliyevin müvafiq

sərəncamı ilə Təşkilat Komitəsinin (TŞ) tərkibi bir qədər də genişləndirilib.

Dövlət başçısının fevralın 22-də imzaladığı sərəncamla "Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli sərəncamında dəyişiklik edilib. Faktiki olaraq dəyişikliklərdə Təşkilat Komitəsində gender balansı tam təmin olunub. Dəyişikliklə Təşkilat Komitəsinin üzvləri sırasına "Qadın, İnkişaf, Gələcək" ictimai birliyinin sədri Gülşən Axundova, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva, Azərbaycan Elm Fondunun İcraçı direktoru Mehriban İmanova, Gənclərin Gender Bərabərliyi Mərkəzi "Gender Hub" ictimai birliyinin sədri Məryəm Məcidova, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Natəvan Məmmədova, "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nigar Məmmədova, "SmartNation" platformasının təsisçisi" Şəbnəm Məmmədova, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva, Milli Məclisin deputatı Könül Nurullayeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri İnarə Vəliyeva, "Sağlamlığa Xidmət" ictimai birliyinin icraçı direktoru, "Environmental Protection First" Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva, Milli Məclisin deputatı Fatma Yıldırım əlavə edilib. Bu, Prezidentin qadınların cəmiyyətdəki roluna verdiyi önəmin, onlara etimad və hörmətin göstəricisidir. Ümumiyyətlə, Azərbaycan cəmiyyətində, dövlət siyasətində qadınların rolu, iştirakçılığı hər zaman nəzərə alınıb. Bu gün qadınlarımız ən müxtəlif sahələrdə təmsil olunurlar, gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi cəhətdən inkişaf edib, bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb, uğurlu nəticələr əldə edib.

Qeyd edək ki, iqlim dəyişmələri ilə bağlı proseslərdə dünyada vətəndaş cəmiyyəti də çox aktiv fəaliyyət göstərir. Ona görə də COP29 Təşkilat Komitəsinə vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib. Təbii ki, onlar da bu işə öz töhfələrini verəcəklər.

COP-29-da müasir çağırışların, innovasiya məsələlərinin geniş müzakirə olunacağı nəzərə alınaraq, TK-da iqtisadiyyat, innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. Ümumən əsas ideya Təşkilat Komitəsinin maksimum inklüzivliyin təmin edilməsidir. Bu inklüzivliyin təmin edilməsi, yüksək səviyyəli hazırlıq, Azərbaycanın şəxsi təşəbbüslər irəli sürməsi ilə COP29-un dünya üçün daha faydalı, nəticəli olacağını birmənalı şəkildə söyləmək olar. Çünki indiyə kimi Bakının ev sahibliyi etdiyi dünya üçün əhəmiyyət kəsb edən bütün beynəlxalq tədbirlər yüksək səviyyədə təşkilatçılığı, səmərəliliyi, effektivliyi ilə yadda qalıb.  

Prezident İlham Əliyev fevralın 14-də keçirilən andiçmə mərasimində bu məqama diqqət çəkərək deyib ki, biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən, iqlim dəyişikliyi ilə əlaqədar: "Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq. Neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün öz dəstəyimizi göstəririk və göstərəcəyik".

                                                                                    Pərvanə Sultanova

                                                                                       “525-ci qəzet”

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()