COP29 QƏRBLƏ ŞƏRQ ARASINDA "YAŞIL KÖRPÜ"
Ətraf mühitlə bağlı problemlər dünyanı ciddi narahat edən ən vacib, qlobal, prioritet məsələlər sırasındadır. İqlim dəyişmələri nəticəsində təbiətdə istiləşmə, kataklizmlər, digər çoxsaylı anomal hadisələr baş verir. Bəşəriyyətin ortaq problemi olan iqlim böhranı və onun fəsadları ölkələrin dayanıqlı inkişafına mane olur, insanların yaşam tərzinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Biomüxtəlifliyin itirilməsi, torpaqların eroziyası, meşələrin qanunsuz kəsilməsi, havanın, çayların, ümumilikdə ətraf mühitin çirklənməsi, tullantıların qeyri-rasional şəkildə idarə olunması kimi fəsadların qarşısının alınması ümümbəşəri səylər, dövlətlərarası həmrəylik, qarşılıqlı etimad və birlik tələb edir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev bu il may ayının 1-3-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışında deyib: "Biz bir-birimizi günahlandırmalı deyilik ki, kim planetə daha çox zərbə vurub. Yaxud da qlobal istiləşməyə görə kimin daha çox məsuliyyət daşıması ilə bağlı mübahisə etməməliyik. Əgər biz bu davranışı davam etdirsək, onda bunun sonu faciə olacaq. Mən bu yaxınlarda tərəfdaşlarımızla iqlim dəyişikliyi ilə bağlı danışdım. Bu, qaçılmazdır. Çünki biz neft hasil edən ölkəyik və dedim ki, neft-qazımızın olması bizim günahımız deyil. Başqalarının da belə təbii sərvətləri var və əlbəttə ki, onların öz təbii sərvətlərindən ölkələrinin faydası üçün istifadə etmək imkanı var. Azərbaycana gəldikdə, bu imkan nəinki Azərbaycana aiddir, biz təbii qazımızı 8 ölkəyə çatdıraraq onların enerji təhlükəsizliyinə töhfə veririk. Əgər biz bu gün məhz yol təchizatlarına, enerji təchizatlarına baxsaq, görərik ki, onlar çox müxtəlifdir. Ona görə bizim səylərimiz körpülərin salınmasına yönələcək".
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının hər il keçirilən sessiyalarında dünyanı bürümüş ekoloji böhran, "yaşıl iqtisadiyyat" istiqamətində müasir çağırışlar əsas müzakirə mövzusuna çevrilir, konfranslarda beynəlxalq əhəmiyyətli qərarlar qəbul olunur. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlaşır. Azərbaycan növbəti dəfə daha bir mötəbər tədbirə ev sahibliyi edəcək, dünyanın nəbzi Bakıda döyünəcək. Bu, hər birimizi sevindirir və qürurlandırır.
Konfransın Bakıda keçirilməsi ölkəmizin beynəlxalq təşəbbüsləri fəal şəkildə dəstəklədiyinin əyani nümunəsidir. Bu möhtəşəm tədbirin ölkəmiz üçün böyük siyasi və iqtisadi əhəmiyyəti var. Yüksək səviyyəli konfrans, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə birbaşa çatdırılmasına geniş imkanlar yaradacaq.
Müstəqil Azərbaycan "yaşıl", ədalətli, inklüziv, dayanıqlı dünya naminə həmrəyliyin gücləndirilməsi və planetimizin parlaq gələcəyi üçün səylərini əsirgəmir. Ölkəmiz "yaşıl iqtisadiyyat"a keçidə xüsusi önəm verməklə "yaşıl enerji" sektoruna sərmayə qoyur, bu istiqamətdə dünyanın digər ölkələri üçün nümunə rolunu oynayır. Təsadüfi deyil ki, 2024-cü il respublikamızda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. "Yaşıl enerji" iqtisadiyyatını formalaşdırmaq məqsədilə 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35, 2050-ci ilə qədər isə 40 faiz azaldılması nəzərdə tutulub.
Dövlətimizin başçısının qeyd etdiyi kimi "iqlim dəyişmələrinə aid məsələlərə gəldikdə, bizə maliyyə vəsaiti lazımdır. Bəli, maliyyə məsələsi öz növbəsində COP29-un əsas mövzusu olacaq". Çünki iqlim təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi amillər kifayət qədər maliyyə vəsaiti tələb edir.
İqlim dəyişmələrinin mənfi təsirlərinə ən çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlər də konfransda prioritet məsələlərdən olacaq. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr mövcud problemin həlli üçün 100 milyard dollarlıq fond yaratmağı vəd edirlər.
Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi coğrafi baxımdan Qərblə Şərq arasında körpü olacaq, planetimiz üçün həyati vacib qərarların qəbul edilməsinə, COP prosesinin irəli aparılmasına, iqlim dəyişmələrinə qarşı mübarizə işinə öz layiqli töhfələrini verəcək.
Xudabənd Əzimli “Respublika” qəzeti