25 iyun, 2024
Paylaş:

COP29 ölkəmizin növbəti böyük uğuru olacaq

 Dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə evsahibliyi etmək üçün məhz ölkəmiz seçilib. Dünya birliyinə məlumdur ki, son illər bütün sahələrdə uğurlar qazanan, Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan indiyədək bir sıra qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil edib. Ölkəmizin müasir infrastruktura malik olması, eyni zamanda təhlükəsizlik baxımından sabitliyi əldə etməsi bizə bu üstünlüyü verib.

Bu ilin noyabrında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyinin ölkəmizə həvalə edilməsi digər tərəfdən yüksək etimadın və inamın növbəti göstəricisi, eyni zamanda, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir.

Prezident İlham Əliyev hələ ötən il dekabrın 15-də COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar təşkil olunan müşavirədə bildirdi: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Hazırda bu, qlobal tədbirin ölkəmizdə yüksək səviyyədə təşkil olunması üçün hazırlıq işləri uğurla davam etdirilir və həmin istiqamətdə ölkəmizdə görülən işlər xarici dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir.

Bütün dünyada "yaşıl enerji"yə keçidin zərurətə çevrildiyi  bir vaxtda Azərbaycan bu prosesə öz töhfələrini verir. "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" olmaq  növbəti onillikdə ölkəmizin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetdən biridır.

 Belə ki, dövlət başçısının 2021-ci il fevralın 2-də imzaladığı "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sərəncamında ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi qarşıya qoyulub.

Azərbaycan artıq neçə ildir ki, "yaşıl enerji"yə keçid istiqamətində nəhəng işlər həyata keçirir. Baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi müəyyənləşdirib.

Bütün dünya bilir ki, Ermənistan otuz ilə yaxın işğal altında saxladığı Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində yalnız tarixi və müasir tikililəri, infrastrukturları dağıdaraq yerlə yeksan etməyib, həm də həmin ərazilərin təbiətini məhv edib. Hazırda həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Qeyd edək ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan bölgələri Azərbaycanda "yaşıl enerji" zonaları elan olunub .

"Yaşıl enerji"yə keçid, qeyd etdiyimiz kimi iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə mühüm addımdır. Prezident İlham Əliyev iqlim dəyişikliklərinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ili ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edib. Dövlət başçısı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" 2021-ci il 3 may tarixli Sərəncam imzalayıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı Tədbirlər Planı" təsdiq edilib.

Azərbaycan kimi tarixən zəngin neft resursları ilə tanınan bir ölkənin hazırda "yaşıl enerji"yə keçid sahəsində də ön sırada dayanması, nümunə göstərməsi təqdirəlayiqdir. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir: "Dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək". 

Qlobal bəlaya çevrilən iqlim böhranının aradan qaldırılması istiqamətində bəşəriyyətin yubanmadan hərəkətə keçməsi, konkret addımlar atması labüddür. Bu mühüm məsələnin müzakirəyə çıxarıldığı Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxış edən Prezident İlham Əliyev respublikamızda bu istiqamətdə həyata keçirilən mühüm işləri qeyd etdi.  Dövlət başçısı COP29-a evsahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu diqqətə çatdırdı: "COP29-a evsahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən "yaşıl enerji" sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik.

Nəhayət, bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq".

                                                                                Zöhrə Fərəcova

                                                                                   “Azərbaycan”qəzeti

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()