COP29: İqlim dəyişmələrinə yeni yanaşmalar və əməkdaşlıq imkanları
Bu gün Azərbaycan qlobal problemlərin həllinə mühüm töhfələr verən ölkə kimi tanınır. Beynəlxalq tədbirlərin ev sahibi olmaqla ölkəmiz dünyadakı mövqeyini daha da möhkəmləndirmişdir. Son illərdə Azərbaycanın regionda lider ölkə kimi artan nüfuzu əhəmiyyətli addımlar atmasına səbəb olub. Dünya dövlətləri rəsmi Bakını etibarlı və strateji tərəfdaş olaraq qəbul edirlər. Azərbaycanın imzası, sözün həqiqi mənasında, dəyərli bir zəmanət kimi qəbul edilir. Bu, yalnız iqtisadi əməkdaşlıqla bağlı deyil, həm də Azərbaycanın regional və qlobal məsələlərdəki aktivliyi ilə xarakterizə edilir. BMT, NATO, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir çox beynəlxalq qurumlarda sadəcə üzv dövlət olaraq iştirak etmir, eyni zamanda mühüm qərarların qəbulunda və icrasında fəal rol oynayır. Bu, onun dünyada sabit inkişaf edən ölkələr arasında öncüllərdən biri olmasını təmin edir. Azərbaycanın uğurla irəliləməsi müstəqillik illərində ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan daxili və xarici siyasətin nəticəsidir. Ölkəmizin beynəlxalq aləmdəki dinamik rolu qlobal məsələlərə yanaşması ilə sıx bağlıdır. Bu yanaşma Azərbaycanın beynəlxalq münasibətlərdəki yerini möhkəmləndirərək onu dünya birliyinin etibarlı üzvü halına gətirir.
Ölkəmizin gün keçdikcə artan nüfuzu onu beynəlxalq tədbirlər üçün unikal məkana çevirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar bunu bir daha təsdiq edir. Azərbaycanın belə prestijli tədbirə - COP29-a ev sahibi seçilməsi təsadüfi deyil. İqlim dəyişmələri ilə mübarizə atmosferə istixana qazlarının buraxılmasının sıfıra endirilməsi və ya əhəmiyyətli dərəcədə azaldılmasını tələb edir. Bu kontekstdə işğaldan azad edilmiş Qarabağ, Şərqi Zəngəzur "yaşıl enerji zonası" elan edilib. Həmin ərazilərdə "yaşıl enerji" layihələrinin həyata keçirilməsi və bu enerjinin digər dünya ölkələrinə ixracı Azərbaycanın enerji siyasətinin prioritet istiqamətlərindən biridir. COP29 iqlim dəyişmələri ilə mübarizədə dünya üçün əhəmiyyətli bir platformadır. Bu tədbir Azərbaycanın neft və qaz istehsal edən bir ölkə olmasına baxmayaraq, "yaşıl iqtisadiyyat"ı nə qədər önəmli gördüyünü dünya ictimaiyyətinə nümayiş etdirəcək. Bununla yanaşı, COP29 Cənubi Qafqaz ölkələri arasında dialoq və əməkdaşlıq üçün unikal fürsət təqdim edir. Konfrans, eyni zamanda bölgədə yeni münasibətlərin formalaşmasına və tərəfdaşlığın inkişafına yol açacaq.
Hazırda bölgədəki vəziyyət tamamilə yeni bir mərhələyə qədəm qoyur. Ermənistan köhnə militarist və separatçı düşüncələrini aradan qaldırmaq üçün konkret addımlar atmayıb. Revanşist və separatçı stereotiplərin cəmiyyətdən silinməsi əlbəttə ki, çətin bir prosesdir, lakin COP29 Cənubi Qafqazda müharibə əvəzinə, inteqrasiya və sülhyönümlü təşəbbüsləri daha da gücləndirəcək. Bu, bölgənin ən çox ehtiyacı olan, yeni düşüncə və sülh prosesinin reallaşması üçün böyük bir imkandır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycanın COP29-a ev sahibi seçilməsindən sonra bəzi ənənəvi azərbaycanafob dairələrin qərəzli yanaşmalara başladığı da faktdır. Xüsusilə Fransa Azərbaycanın bu uğurunu qəbul edə bilmir, COP29-un ölkəmizdə keçirilməsindən ciddi narahatdır. Hər kəs bilir ki, Azərbaycan 20 faiz torpağını Ermənistanın işğalından azad etməklə tarixi ədaləti bərpa edib. Bu, beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun şəkildə baş verib. Bütün bunlar bir daha Cənubi Qafqazdakı yeni reallığın müəllifinin məhz rəsmi Bakı olduğunu təsdiqləyir. COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi ilə bağlı qəbul olunmuş qərar həm də bu reallıqların qlobal səviyyədə tanınmasıdır. Bu, yalnız Azərbaycanın deyil, bütün regionun gələcəyi üçün əhəmiyyətlidir. İndi daha aydındır ki, COP29 sadəcə bir iqlim konfransı deyil, eyni zamanda Cənubi Qafqazın yeni bir dönüm nöqtəsinə, sülh və əməkdaşlıq prosesinə mühüm yanaşmadır.
Bir məqamı da vurğulayaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla Azərbaycan qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə fəal iştirak etməyə qərar verib. Ölkəmiz istixana qazlarının miqdarını 1990-cı illə müqayisədə 2030-cu ilə qədər 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləyir. İqlim dəyişmələri ilə mübarizədə müsbət nəticələr əldə etmək məqsədilə Azərbaycan bütün resurslarını "yaşıl keçid" istiqamətində səfərbər edir. Azərbaycan "yaşıl enerji"yə keçid prosesində uğurlu irəliləyişlər əldə edərək bəşəriyyətin qarşısında duran ən ciddi problemi, yəni iqlim dəyişmələrinin qarşısını almağa töhfə verir.
Azərbaycan yalnız "yaşıl enerji" sahəsində deyil, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan bir tərəfdaşdır. Bu, regionda müsbət dəyişikliklərə, inteqrasiya proseslərinə və sülhə dəstək verəcək. Azərbaycanın irəliləyişləri qlobal enerji bazarında yeni dinamizm yaratmaqla dünya ölkələrinin iqlim dəyişmələri ilə mübarizədə daha aktiv iştirak etmələrini təşviq edəcək. Nəticə etibarilə Azərbaycan "yaşıl iqtisadiyyat"ı prioritet seçməklə qlobal iqlim dəyişmələrinə qarşı mübarizədə öz öhdəliklərini yerinə yetirir, bəşəriyyətin daha sağlam bir gələcəyə doğru irəliləməsinə çalışır. Bu yolda atılan hər bir addım Azərbaycanın qlobal enerji təhlükəsizliyi və iqlim siyasətindəki əhəmiyyətini artırır.
Hazırda COP29-a hazırlıq işləri sürətlə davam edir, bu istiqamətdə müxtəlif sessiyalar keçirilir. Sentyabrın 20-də ADA Universitetində BMT-nin Qaçqınlar üzrə Ali Komissarının iqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi Endryu Harperin iştirakı ilə "İqlim böhranının təsirləri: Didərginlik və artan risklər" mövzusunda bir sessiya keçirildi. Tədbir "29 İqlim Söhbətləri: COP29-a gedən yol" təşəbbüsü çərçivəsində təşkil olunub və iqlimlə bağlı didərgin düşmüş icmaların müdafiəsinin və onların qlobal iqlim siyasətinə daxil edilməsinin vacibliyini vurğuladı. Sessiya qlobal iqlim siyasətinin formalaşmasında didərgin icmaların səsinin yüksəldilməsinin vacib olduğunu bir daha ortaya qoydu. İqlim dəyişmələri yalnız ekoloji problem deyil, o, eyni zamanda insanların yaşam tərzinə, sosial ədalətə və insan hüquqlarına təsir edən amildir. Tədbirdə müzakirə olunan məsələlər ölkələr arasında əməkdaşlığın, həmçinin beynəlxalq təşkilatların bu çətinliklərin aradan qaldırılmasında oynadığı rolun artırılmasının zəruriliyini bir daha vurğuladı. Çünki iqlim böhranı birgə tədbirlər görmədikdə daha geniş münaqişələrə, sosial narazılıqlara və ciddi insan hüquqları pozuntularına səbəb ola bilər.
Qeyd edək ki, ölkəmizin ev sahibliyi edəcəyi COP29 iqlim dəyişmələri ilə bağlı yeni yanaşmaların formalaşmasına və müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın dərinləşməsinə geniş imkanlar yaradacaq. İqlim dəyişmələri yalnız ekoloji problem deyil, bu, sosial, iqtisadi və siyasi sahələri əhatə edən bir çağırışdır. Azərbaycanın bu prosesi irəlilətməsi yalnız öz maraqlarına deyil, həm də bəşəriyyətin ümumi rifahına yönəlmiş bir məsuliyyətdir. Digər ölkələr də xüsusilə inkişaf edən dövlətlər iqlim dəyişmələrinin təsirlərinin aradan qaldırılmasında öz töhfələrini verməlidirlər.
Maliyyə məsələsi iqlim dəyişmələri ilə mübarizədə mühüm əhəmiyyət kəsb edir. Uzunmüddətli danışıqlar zamanı ölkələr iqlim dəyişmələrinin təsirlərinin azaldılması, uyğunlaşma və iqlimin möhkəmləndirilməsi kimi müxtəlif sahələrdə maliyyə dəstəyi tələb edirlər. COP29 maliyyə resurslarının daha effektiv istifadəsi, yeni investisiya imkanlarının axtarılması və beynəlxalq müstəvidə daha güclü əməkdaşlıq üçün bir şansdır. Belə ki, "yaşıl enerji" layihələrinə yatırılan investisiyalar yalnız müvafiq ölkələrin iqtisadiyyatını deyil, həm də qlobal iqlim balansını müsbət yöndə dəyişə bilər.
COP29 yalnız Azərbaycanın deyil, bütün dünya ölkələrinin, eləcə də qeyri-hökumət təşkilatlarının, iş adamlarının və yerli icmaların bir araya gəlməsi üçün unikal platformadır. İqlim dəyişmələri ilə mübarizənin effektiv olması üçün kollektiv iradə və əməkdaşlıq vacibdir, çünki bu bəşəriyyətin gələcəyinə məsuliyyətdir.
Nurlan Abdalov
“Respublika” qəzeti