COP29 – İqlim dəyişmələri ilə mübarizədə qlobal məsuliyyətə çağırış
Noyabr ayı yaxınlaşdıqca, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq prosesini intensivləşdirir. Ölkəmiz qlobal iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini vermək və Paris Sazişinə uyğun olaraq öhdəliklərini yerinə yetirmək məqsədilə müxtəlif addımlar atır. Hazırlıq çərçivəsində bərpaolunan enerji mənbələrindən istifadənin artırılması, karbon emissiyalarının azaldılması və ekoloji sahədə davamlı inkişafın təşviqi istiqamətində tədbirlər həyata keçirilir. Qeyd edək ki, iqlim dəyişmələri iqtisadiyyat, sosial rifah və ətraf mühitə mənfi təsir göstərərək, həm indiki, həm də gələcək nəsillərin həyatını təhlükə altına alır. Ekstremal hava hadisələri, su qıtlığı, quraqlıq, daşqınlar və dəniz səviyyəsinin yüksəlməsi kimi fəsadlar, kənd təsərrüfatında məhsuldarlığı azaldır, ərzaq təhlükəsizliyini təhdid edir və insan sağlamlığını risk altında qoyur. Təbii resursların tükənməsi və ekosistemlərin pozulması nəticəsində sənaye sahələri, xüsusən də kənd təsərrüfatı, turizm və balıqçılıq sahələri böyük zərbə alır. Atmosferdəki qazlar planetimizdə yaşamaq üçün zəruri olan istiliyi təmin edir. Günəş enerjisi yer səthinə çatır, oradan əks olunan istilik isə atmosferdəki qazlar tərəfindən yenidən geri qaytarılır. Bu proses planetin orta temperaturunu nizamlayaraq yaşamaq üçün əlverişli mühit yaradır. Lakin atmosferdə karbon dioksid (CO2), metan (CH4) və azot oksidi (N2O) kimi istixana qazlarının miqdarı artdıqca, daha çox istilik tutulur ki, bu da qlobal istiləşməyə səbəb olur. Bu isə öz növbəsində iqlim dəyişmələri, ekstremal hava hadisələri və digər ətraf mühit problemlərinə gətirib çıxarır.Neft-qaz sənayesi ölkə iqtisadiyyatının əsas dayaqlarından biridir. Lakin kömür və neft kimi ənənəvi enerji mənbələri qlobal istiləşmə və ətraf mühitin çirklənməsi kimi ciddi problemlərə səbəb olur. Məhz bu səbəbdən, ölkəmiz tükənməz və ekoloji cəhətdən təmiz enerji mənbələrinə keçidi ön plana çəkir ki, Paris Sazişinin əsas məqsədlərindən biri də məhz budur.
COP29 Azərbaycanın bu sahədəki səylərini beynəlxalq ictimaiyyətə təqdim etməsi üçün vacib bir platformadır. Ölkəmizin iqlim dəyişmələri ilə mübarizədəki rolu və bu sahədə həyata keçirdiyi islahatlar dünya ictimaiyyəti tərəfindən izlənilir.
Azərbaycan regional səviyyədə də digər ölkələrə nümunə olaraq iqlim dəyişmələri ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün səy göstərir. Artıq COP29-a qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib.
Avqustun 23-də COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən ekoloji həssas mövzulara ictimaiyyətin diqqətinin cəlb edilməsinə yönələn təşəbbüslərin davamı olaraq könüllülərin dəstəyi ilə "Ekoloji təmiz həyat tərzinə keçid" adlı tədbir keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə təşkil olunmuş aksiya plastik tullantılardan istifadənin azaldılması, təkrar emal və istifadənin ekoloji faydalarının cəmiyyətə aşılanmasına xidmət edib. Bakının Dənizkənarı bulvarında yerləşən COP29 Məlumat Mərkəzində baş tutan aksiya çərçivəsində paytaxt sakinləri plastik, kağız və batareya kimi istifadə edilmiş və istismardan çıxarılmış müxtəlif əşyaların toplanıb, təhvil verilməsinə dəvət ediliblər.
Avqustun 24-də isə "29 İqlim Söhbəti: COP29-a gedən yol" adlı tədbir keçirilib. COP29-un baş danışıqçısı Yalçın Rəfiyev tədbir çərçivəsində COP29 üçün effektiv kommunikasiya strategiyalarına dair media seminarında deyib ki, COP BMT çərçivəsində inklüziv tədbirlərdəndir. Kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer isə bildirib ki, son yüz ildə aparılan müşahidələr göstərir ki, iqlim dəyişmələrinin fəsadları özünü son dərəcə tez büruzə verir. Əvvəllər bu dəyişikliyə uyğunlaşmaq üçün ildə təxminən 100 milyard ABŞ dollarına ehtiyac olduğu müəyyən edilmişdi, lakin son illərdə əmin olduq ki, iqlim dəyişmələri və onun fəsadları özünü daha sürətlə göstərir və getdikcə daha çox investisiya tələb edir.
Bu baxımdan, iqlim dəyişikliyi ilə mübarizədə real nəticələr əldə etmək üçün maliyyə resursları vacibdir. Çünki iqlim dəyişmələrinin yaratdığı fəsadlar ekstremal hava hadisələri, dəniz səviyyəsinin yüksəlməsi, quraqlıq və ya daşqınlar iqtisadiyyata, infrastruktura və insanların həyatına ciddi ziyan vurur. Bu fəsadların qarşısını almaq, zərəri azaltmaq və iqlim dəyişmələrinə uyğunlaşmaq üçün böyük həcmdə maliyyə lazımdır. Bu investisiyalar, həmçinin tükənməz enerji mənbələrinə keçid, dayanıqlı infrastrukturun qurulması və ətraf mühitin qorunması kimi sahələrdə də tələb olunur. Maliyyə dəstəyinin olmaması ölkələrin iqlim dəyişmələrinin təsirlərinə qarşı mübarizə aparmasında ciddi maneələr yaradır. Buna görə də ölkələr iqlim dəyişmələri ilə mübarizədə həm yerli, həm də beynəlxalq səviyyədə maliyyə ayırmalıdır. Hazırda dünyada 230-dan çox ölkə var və hər bir ölkə hamımızın evi olan Yer kürəsinin qorunması istiqamətində müasir çağırışlara qoşulmalıdır.
Nurcan Süleymanova
“Respublika” qəzeti