Con Devidson Rokfeller
Adı zənginlik sözünün "sinoniminə" çevrilən Con Devidson Rokfeller bəşər tarixinin ilk milyarderi olub. O, uğurlarının sirrini zəhmətkeşliyində, xərclərinin hesabatının düzgün aparılmasında və qənaət etmək vərdişində görürdü. Bəzən isə onun praktikliyi və ağlasığmaz simicliyi həddini aşırdı.
Conun atası özünü "Botanik həkim" adlandıraraq bizim dillə desək, türkəçarəylə müalicələr edirdi. Belə ki, "ölümsüzlük iksiri" adı altında mənşəyi bilinməyən müxtəlif cür cövhərlər satırdı. Lakin bu fırıldaqçı adam oğluna pullarla necə davranmalı olduğunu öyrədə bilmişdi.
Hələ 7 yaşında ikən satmaq məqsədilə hinq quşu saxlayan Con, hətta pul qarşılığında qonşular üçün kartof da qazıb çıxarırdı. Qazandığı bütün pulları isə yalnız öz pul kisəsində saxlayan gələcəyin milyarderi, qeyd dəftərçəsində hesabat aparırdı.
Rokfeller kolleci sona qədər bitirmir: o belə hesab edir ki, 3 aylıq mühasibatlıq kursu ona bəs edir. Doğrudan da bu, ona kifayət edir. Belə ki, 16 yaşından kiçik bir şirkətdə mühasib assistenti olaraq çalışmağa başlayan milyarderin bu, ilk və son maaşlı işi olur. Bundan sonra öz tanışları ilə birgə şəxsi biznesini quran Rokfeller taxıl, ət, ot və digər məhsulların satışını təşkil edən "Klark və Roçester" ticarət evini açır.
Tezliklə Rokfeller kerosin istehsal etmək üçün neft axtarışlarına başlayır. Beləliklə, onu qısa müddətdə dünyanın ən zəngin adamına çevirən "Standard Oil" şirkətinin əsası qoyulur. Rokfellerin partnyoru Moris Klark deyirdi: "Con dünyada yalnız iki şeyə inanır - kilsədə ibadətə və neftə"...
Con Rokfeller hələ təhsil alarkən tanış olduğu dindar bir qızla evlənir. Toy kifayət qədər sadə təşkil edilir, gənclər ucuz ailə mənzilində yerləşir və xidmətçilərdən imtina edirlər. Bu zaman Con artıq neft emal edən zavodun sahibi idi. Rokfeller övladlarına da pula qənaət etməyi aşılayırdı. Conun ən maraqlı tərbiyə üsullarından biri isə uşaqları nahara gecikdikdə onları cərimə etməsi idi. Maraqlıdır ki, bu cərimələri uşaqları hansı pulla ödəyirdi? Yəqin milyarder ailənin kiçik yaşlı üzvlərini də pul qazanmağa sövq edirmiş...
Qida rejiminə böyük əhəmiyyət verən milyarder spirtli içki içmir, siqaret çəkmir, geyimə biganə yanaşır, nadir hallarda kostyumlarını dəyişir, hətta teatr və klublara da getməzdi. Onun sevimli yeməyi isə süd və çörək idi. Rokfellerin həyat yoldaşı özündən də betərdi- qadın yamaqlı paltarlarda gəzər, simiclikdə isə tayı-bərabəri yox idi. Belə yerdə deyiblər ki, ərlə arvadın torpağı bir yerdən götürülür. Rokfeller xanımına uşaqların hər birinə velosiped almağı təklif etdikdə o, 4 uşağa 1 velosipedin bəs etdiyini və beləliklə onların paylaşmağı öyrənəcəklərini demişdi.
Con Rokfeller 100 milyon dollar qazanmağı və 100 yaşına qədər yaşamağı arzu edirdi. Onun ilk arzusu tez bir zamanda reallaşdı. Lakin 97 yaşına qədər yaşayan milyarderə cəmi üçcə il kifayət etmədi ki, ikinci arzusu da reallaşsın...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.