“Çırpınırdı Qara dəniz” adlı tədbir

23 noyabr, 2022
Paylaş:

“Çırpınırdı Qara dəniz” adlı tədbir

23 noyabr tarixində Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Cəfər Cabbarlı adına Ev Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalqımızın milli istiqlal mübarizəsinə böyük töhfələr vermiş görkəmli vətənpərvər şair,  tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anadan olmasının 130 illik yubileyi münasibətilə “Çırpınırdı Qara dəniz” adlı tədbir və “Əhməd Cavad 130” adlı məlumat bazasının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə elm, ədəbiyyat, mədəniyyət xadimləri, təhsil işçiləri, muzey, kitabxana əməkdaşları, məktəbli və tələbələr iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov bütün həyatını milli istiqlal ideyalarının gerçəkləşməsinə həsr etmiş, bir əlində qələm, bir əlində silah əsarətə, zülmə, istismara qarşı daim mübarizə aparan, milli istiqlal şairi Əhməd Cavadın bütün həyatını, canını, varlığını türkçülük və turançılıq ideyalarına həsr etdiyini söylədi. O, Əhməd Cavadın vətənə, torpağa, Azərbaycan Türkiyə qardaşlığına, bayraqlarımıza ən çox şeir həsr etdiyini və onun, tək Azərbaycan şairi deyil, Turan dünyasının şairi  olduğunu vurğuladı. Şairin yaratdığı ədəbi-ictimai ənənələrin bu günün yaddaşına, müasir gəncliyin şüur və əqidəsinə ötürülürdüyünü, Əhməd Cavad ömrünün isə  xatirələrdə, xalqımızın rəşadətli tarixində bu gün də yaşadığını bildirdi. Onun sözlərinə bəstələnən Azərbaycan Himninin bu gün azad olunmuş Azərbaycan torpaqlarında, Qarabağda, Şuşada səsləndirildiyini böyük qurur hissi ilə dilə gətirdi.

İnformasiya xidməti və media ilə iş şöbəsinin müdiri Günay Həsənova ilk növbədə Əhməd Cavadın anadan olmasının 130 illiyi ilə əlaqədar olaraq Respublika Gənclər kitabxanasının həyata keçirdiyi silsilə tədbirlər haqqında məlumat verdi. Sonradan kitabxana əməkdaşları tərəfindən hazırlanan “Əhməd Cavad 130” adlı məlumat bazasını təqdim edərək, burada ədibin həyat və yaradıcılığını əks etdirən məlumatların, onun haqqında söylənilən dəyərli fikirlərin yer aldığını, bundan əlavə, Əhməd Cavadın müəllifi olduğu əsərlərin, dövrü mətbuatda çıxan məqalə və şeirlərinin, dünya klassiklərindən tərcümə etdiyi ədəbiyyat nümunələrini və digər məlumatların olması haqqında danışdı.

Cəfər Cabbarlı ev-muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı babasının adını daşıdığı Respublika Gənclər Kitabxanasının onun üçün çox doğma bir məkan olduğunu söyləyərək, bu tədbirin məhz mədəniyyət ocağında təşkilinə görə kitabxanaya dərin təşəkkürünü bildirdi. Qəmər xanım Əhməd Cavad yaradıcılığından bəhs edərək, Türkiyə və Azərbaycanın müstəqilliyi uğrunda yorulmaz fəaliyyət göstərən, çalışan istiqlal şairimizin əziz xatirəsinin bu gün də qəlblərdə yaşadığını söylədi.

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmaları İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə öz çıxışında Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin bir epoxanın inciləri olduğunu, lakin təəssüf ki “Qırmızı terror”un qurbanı olaraq öz yaradıcılıqlarına vaxtsız son qoymağa məcbur edildiklərini bildirdi. Əzizağa müəllim öz çıxışında Əhməd Cavadın Azərbaycan bayrağına, Turan və türkçülük ideyalarına əbədi sadəqətindən, misilsiz sevgisindən danışdı.

BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Məhbubə Qurbanova Əhməd Cavad yaradıcılığı haqqında qələmə aldığı məqalədən parçalar oxudu.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə rəisi İbrahim Əliyev çıxışında “Çırpınırdı Qara dəniz” şerinin yazılma tarixindən danışaraq, Əhməd Cavadın yaradıcılığında müstəsna əhəmiyyətə malik olan vətənpərvərlik mövzusunun əhəmiyyətini vurğuladı. Bu gün Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda vuruşan, qanı, canı bahasına doğma Vətənini qoruyan, Azərbaycana şanlı Zəfər tarixini yaşadan Azərbaycan əsgərinə Əhməd Cavad poeziyasının bir yürüş marşı, vətənpərvərlik çağırışı olduğunu söylədi.

AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmaları İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva öz çıxışında Azərbaycan milli ideyasının poeziyada ən fəal tərənnümçüsü olan Əhməd Cavadın dünyagörüşündə islamçılıq və türkçülüyün bir vəhdət təşkil etdiyini söyləyərək, görkəmli ədibin millət və dinə münasibətdə türk-islam sintezindən çıxış etməsini və ömrünün sonuna qədər də bu ideyasına sadiq qaldığını söylədi.

Tədbirdə BDU-nun hazırlıq kursunun Türkiyəli tələbələri “Çırpınırdı Qara dəniz”, “Can Azərbaycan”, “Şəhidlər” şeirlərini, “Çanaqqala türküsü” nəğməsini, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri isə Əhməd Cavadın “Səhər-səhər”, “Azərbaycan bayrağına”, “Qaldı”, “Dönür” və digər şeirlərini səsləndirdilər.

Tədbir boyunca Əhməd Cavadın sözlərinə yazılmış müsiqilər səsləndirilmiş, kitabxana əməkdaşları tərəfindən görkəmli ədibin həyat və yaradıcılığına həsr edilən video material nümayiş etdirilmişdir.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()