10 aprel, 2023
Paylaş:

Ceyn Ostin

"Bu dünyada məhəbbətimdən faydalanan az adam var. Həqiqətən hörmət etdiklərim isə ondan da azdır. Dünyanı müşahidə etdikcə, ondan daha az xoşum gəlir". Bu sözlər çox gənc yaşda həyatını itirmiş tanınmış ingilis yazıçısı Ceyn Ostinin ona məşhurluq qazandıran "Qürur və qərəz" romanındandır. İngilis ədəbiyyatının "birinci xanımı" kimi tanınan yazıçıya milyonlarla oxucu kütləsi qazandıran bu əsəri barədə "bəzi kitabların yaşı yoxdur" ifadəsini işlətsək, lap yerinə düşər. Çünki illər keçsə də, əsər əvvəlki tək sevilməkdə davam edir...

Ceyn Ostinin həyatı haqqında salamat qalan məktublardan və ailə üzvlərinin yazdığı kiçik bioqrafik notlardan əlavə məlumat yoxdur. Bəzi mənbələrdəki məlumata görə, yazıçı Steventson, Hampshire bölgəsində valideynlərinin onu gözlədiyindən 1 ay daha gec doğulubmuş. Kənd keşişinin yeddinci uşağı olan Ceyn zəngin, nüfuzlu bir ailədən olub.

Öz dövrünə uyğun gözəl təsvirlər və obrazlar yaratdığına görə romanları ilə klassiklər sırasında yer almağı bacaran məşhur yazıçının özünəməxsus yazı üslubu var idi. Belə ki, o tək qalmağa üstünlük verirdi. Kiminsə yaxınlaşdığını və ya otağa daxil olduğunu gördükdə isə tələsik yazını dayandırır, kağız-kuğuzu yığışdırırdı. Deyilənlərə görə, Ceyn romanlarını lələk və mürəkkəblə yazırmış. Yazıçının mürəkkəbinin tərkibi isə bu cürdür: "8 yemək qaşığı qallium turşusu, 4 qaşıq dəmir sulfat, 3 qaşıq qatran və yarım litr boyat pivə. Bunlar qarışdırılır. İçinə də bir az şəkər qatılır. 14 gün müddətində bacanın yanında saxlamaq və hər gün iki dəfə möhkəmcə qarışdırmaq lazımdı...".

Ölümündən sonra daha çox populyarlıq qazanan bu yazıçı çox sayda romanların müəllifidir. Onun romanları əsasında bir neçə film də çəkilib. XIX əsrdə sosial hadisələrə ironik baxışı və yaratdığı güclü qadın obrazları ilə müasir roman dilini formalaşdıran yazar hesab edilir. Yazıçı heç vaxt evli olmasa da, romanlarında ən güclü qadın personajların çətin sevgi prosesini təsvir edib və demək olar ki, bütün romanlarını xoşbəxt sonluqla bitirib.

Həyatının son illərində Addison adlı çox nadir bir xəstəlikdən (böyrəküstü vəzinin qabıq maddəsinin hormonunun çatızmaşlığı olduqda yaranan xəstəlik, dərinin tunc rəng alması xəstəliyin spesifik əlamətidir) əziyyət çəkən yazıçı 41 yaşında dünya ilə əbədi olaraq vidalaşıb. Onun son sözləri isə belə olub: "Ölməkdən başqa heç nə istəmirəm...".

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()