Cəlil Məmmədquluzadə
"Poçt qutusu", "Qurbanəli bəy", "Ölülər", “Danabaş kəndinin əhvalatı" kimi məşhur əsərləri ilə oxucularının qəlbini fəth edən yazıçımız – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə... Şərqdə ilk satirik jurnal – “Molla Nəsrəddin”in banisi Cəlil Məmmədquluzadə yaradıcılığı ilə yanaşı, özünəməxsus xüsusiyyətləri, vərdişləri ilə də yaddaşlarda qalıb. Öləndə molla istəməyən, pinti adamları sevməyən, ilin hər fəslində soyuq suda çimən, ömrünün sonuna qədər bədənində güllə gəzdirən bu yazıçımız çox çətin və keşməkeşli həyat yaşayıb...
Naxçıvan şəhərində kiçik tacir ailəsində dünyaya gələn yazıçının doğum tarixi uzun müddət mübahisəli olub. Sonralar onun doğum şəhadətnaməsini professor, ailənin yaxın dostu Əziz Şərif tapıb və məlum olub ki, yazıçı 1866-cı ildə dünyaya göz açıb.
Yazıçı tək işləməyi sevərdi, ən xırda səs belə onun fikrini dağıdıb, işini yarımçıq qoya bilərdi. Təmizliyinə qarşı isə son dərəcə həssas olan Mirzə Cəlil tanımadığı adamlarla əl tutub görüşdükdən sonra mütləq gedib əllərini yuyurdu. Ən maraqlısı isə odur ki, hətta bunu hər kəsə elan etməkdən çəkinmədən redaksiyanın girəcəyindəki divara da yazıb vurmuşdu: "Əl verməmək və uzun danışıqlarla işdən ayırmamaq xahiş olunur”.
Adətən gecə saat 4-ə kimi işləyən, səhərlər yuxudan gec qalxan yazıçı pis yatanda əsəbi, yaxşı yatdıqda isə gülərüz, zarafatcıl olardı. Onun qeyri-adi vərdişlərindən biri isə ilin bütün fəsillərində soyuq suda çimməsi idi. Hətta qışda da otağının pəncələrini açıq qoymaq kimi adəti vardı. Qənaətcil idi, hər qəpiyinin qədrini bilirdi. Eyni zamanda çox xeyirxah, axırıncı tikəsini başqasına verməyə hazır adamıydı. Həmişə fikirli olurdu. Çox kəskin eşitmə və iybilmə qabiliyyəti vardı. Hər kəsi spesifik qoxusuna görə tanıya, qonşu otaqdakı pıçıltını belə eşidə bilirdi. Hər adama asanlıqla inanmaz, çox tez də inciyərdi. Bakının havasını, ümumilikdə şəhər həyatını heç sevməyən yazıçı hər zaman təbiətə, kənd mühitinə can atarmış.
Həyatı boyu 3 dəfə ailə həyatı quran Mirzə Cəlilin ilk evliliyi Nehrəmdə kənd qızlarından Həlimə adlı xanımla olub. Onların Münəvvər adında bir qızları doğulub. Həlimə xanım rəhmətə gedəndən bir neçə il sonra isə Mirzə Cəlil dostu Məmmədqulu bəy Kəngərlinin bacısı Nazlı xanıma vurulur, bir çox maneələri aşaraq onunla evlənir. Deyilənlərə görə, Mirzə Cəlil Nazlını çox sevirmiş. (Hətta öləndə də onun yanında dəfn olunmağı vəsiyyət edib). Nazlı xanım da ona dəlicəsinə aşiqmiş. Və Cəlilin vaxtının çoxunu işinə sərf etməsini qəbul etmirmiş. Onu qısqanır, aylarla danışdırmırmış. Lakin vaxtından əvvəl ölü uşaq dünyaya gətirən Nazlı xanım zaman keçdikcə psixoloji problemlər yaşayır və vəfat edir. Uzun müddət bundan çox böyük sarsıntı keçirən yazıçı sonralar Həmidə xanımla ailə qurur və bu evlilik ömrünün sonuna qədər davam edir.
Yazıçı gənc yaşından səhhətində problemlər yaşayıb. Belə ki, Mirzə Cəlilin səhhəti çox erkən, 35-40 yaşlarında pozulmağa başlayıb. O, ömrünün sonunacan revmatizm, hipertoniya, skleroz xəstəliklərindən, ürək və baş ağrılarından əziyyət çəkib. Eyni zamanda böyük ailəsini dolandırmaqda da hər zaman çətinliklərlə üzləşib, maddi problemlərdən xilas ola bilməyib. Bəlkə də çoxları bilmir ki, Mirzə Cəlil ömrünün sonunacan bədənindəki güllə ilə yaşayıb. Belə ki, yazıçı evdə tapançasını təmizləyib patronla doldurarkən silah əlində açılır və sol əlinin baş barmağı yaralanır. Qanı kəsmək mümkün olsa da, gülləni baş barmağın ətrafındakı toxumadan çıxarmaq mümkün olmur. O, 30 ildən artıq bədənindəki gülləylə yaşayır. Amma Mirzənin həyatındakı maraqlı detallar bununla bitmir. Bir dəfə kənddə atdan yıxılsa da xoşbəxtlikdən zədələnmir. Lakin sonradan məlum olur ki, onda skleroz xəstəliyi var. Günlərin birində tez-tez müayinədən keçən yazıçıya həkimi ağzı bağlı zərf verir ki, Bakıda onu müalicə edəcək digər həkimə çatdırsın. Mirzə səbir edə bilməyib məktubu oxuyur. Məktubda “Xəstənin kitabı bağlanmışdır. O, iki aydan artıq yaşamaz” yazılıbmış. Bu məktub Mirzə Cəlilə çox pis təsir edir. Dövrünün ən cəsarətli qələm sahibi ölümdən bərk qorxurmuş. Məlum məktubdan sonra bir il də yaşayır. Hadisədən on ay keçəndən sonra Mirzə Həmidə xanıma deyirmiş: “Həkim səhv edibmiş, mən onun müəyyən etdiyi vaxtdan 10 ay artıq yaşamışam”.
Deyilənlərə görə, Mirzə Cəlil ömrünün son günlərində Həmidə xanıma qəfil öləcəyini, heç kəsi narahat etməyəcəyini söyləyib, molla çağırmamağı tapşırıbmış. Ölümünün yaxınlaşdığını isə iki gün öncədən hiss edib. İki gün sonra beyninə qan sızan yazıçı 62 yaşında yaxınlarının əhatəsində həyata vida edib...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.