Cəfər Cabbarlının 125 illik yubiley tədbiri təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə tədbir təşkil edilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədov,Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd, Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı, Dövlət Tərcümə Mərkəzinin əməkdaşı, redaktor-tərcüməçi Bəhlul Abbasov, Cəfər Cabbarlının Xızıda yerləşən Ev Muzeyinin direktoru Həcər Rəsulova, Cəlil Məmmədquluzadənin Ev muzeyinin rəhbəri Yeganə Məmmədova, Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələri iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, kitabxananın görkəmli dramaturqun yubileyi ilə əlaqədara həyat keçirdiyi tədbirlər – kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazası, biblioqrafiya, ənənəvi və virtual kitab sərgiləri, videomaterial haqqında geniş məlumat verdi.
Professor Asif Rüstəmli 2019-cu ildə imzalanan "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidentinin sərəncamında böyük sənətkarın "Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq" kimi dəyərləndirildiyini, onun yaradıcılığının ideya-estetik əsasları və müasirliyi haqqında qiymətli mülahizələrin yer aldığını söylədi. Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq, görkəmli dramaturqun xatirəsinin onun ev muzeylərində və Gənclər Kitabxanasında yaşandığını söylədi.
Professor Tahirə Məmməd Cəfər Cabbarlının XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, “Türkləşmək, İslamlaşmaq, müasirləşmək” şuarı altında klassik ədəbi mühitdə yazıb-yaradan ədibin ədəbiyyatın milli ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, heç bir halda əqidəsindən, qarşısına qoyduğu məqsədlərindən, amalından dönmədiyini bildirdi. Dramaturqun “Qız qalası” əsərində türkçülük ideologiyasını təbliğ edərək, əfsanəsinin əsas məzmununa müdaxilə etmədən süjet xəttinə dramatik ünsürlər, obraz adlarına rəmzi çalarlar gətirməklə mifoloji təməl üzərində bədii sənət abidəsi ucaltdığını bildirdi.
Professor İsmayıl Məmmədov Cəfər Cabbarlının bədii, publisistik yaradıcılığının çoxşaxəli, mövzu etibarilə rəngarəng, əhatəli və dərin məzmunlu olduğunu bildirərək, onun özündən sonra zəngin ədəbi-bədii, elmi irs qoyub getdiyini, romantik bir yazıçı kimi koloritli, dolğun bədii üslubu əks etdirən bədii dil yaratdığını söylədi. Professor AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin əməkdaşları tərəfindən hazırlanan “Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti” kitabı haqqında məlumat verərək, luğətdə verilən hər bir sözün dramaturqun dilində əks etdiyi mənaların doğma dilimizin ifadə imkanlarını daha da genişləndirmək baxımından dəyərli olduğunu bildirdi.
Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri Qəmər Seyfəddinqızı Cəfər Cabbarlının 125 illik yubileyi çərçivəsində keçirilməsi nəzərdə tutulan yerli və beynəlxalq tədbirlər, layihələr, səhnələşdiriləcək tamaşalar haqqında məlumat verərək, “Cəfər Cabbarlı Mükafatı” nın verilməsinin bu ildən bərpa olunacağını söylədi.
Tədbirdə Bakı Dövlət Universitetinin “İnformasiya və sənəd menecmenti” fakültəsinin tələbələrinin Cəfər Cabbarlının şeirlərindən ibarət kompozisiyası və kitabxana əməkdaşları tərəfindən hazırlanan “Varlığında bir dünya çırpınan sənətkar” adlı videomaterial nümayiş etdirilib.
Sonda Qəmər xanım Seyfəddinqızı və Bəhlul Abbasov Cəfər Cabbarlının xatirəsinə həsr edilən tədbirin təşkilinə görə kitabxanaya dərin təşəkkürlərini bildirdilər.

















