Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlunun “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının təqdimatı keçirildi.
Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Təqdimat mərasimini giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının Rusiya Federasiyasında hərbi xidmətini başa vurub Azərbaycana qayıdan kimi könüllü olaraq Qarabağ uğrunda gedən müharibəyə qoşulan, şəhid olduğu 7 iyun 1992-ci il tarixə qədər əsl qəhrəmanlıq yolu keçən Bayram Məmmədovun qısa, lakin şərəfli döyüş yolundan bəhz etməsindən danışdı. Həmçinin, qeyd etdi ki, Bayram Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 2005-ci il 30 iyun tarixli sərəncamı ilə ölümündən sonra Azərbaycan Respublikasının “Vətən uğrunda” medalı ilə təltif edilib. Şair-publisist Rauf İlyasoğlu çıxışında bildirdi ki, “Bayramsız Laçın, Laçınsız Bayram” əsəri 2008-ci ildə çap olunmuş “Heyf səndən, ay Laçın” kitabının davamı olaraq yenidən işlənmiş və əlavə materiallar da daxil edilməklə oxuculara təqdim edilmişdir. Kitaba Bayram Məmmədovun atasının xatirələri, nəsihətamiz kəlamları, eləcə də igid qəhrəman haqqında məqalələr, şerlər, döyüş dostlarının və doğmalarının xatirələri daxil edilmişdir. Bayram Məmmədovun atası Məhəmməd Məmmədov çıxışına oğlunun cəbhəyə gedərkən son dediyi “Əgər şəhid olsam bütün Azərbaycan sənin balan olacaq” sözləri ilə başladı. Birinci Qarabağ müharibəsində ön cəbhəyə yollanan Bayramın ilk döyüş yolunun Ağdam istiqamətindən düşməsindən və bu yolu şərəflə davam etdirməsindən danışandan sonra “Oğlumun şəhid olması mənim üçün baş ucalığıdır” dedi. Professor, yazıçı-publisist Ziyadxan Nəbibəyli, Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi ictimai birliyinin sədri Aygün Zamanlı, şairə Mərcan Şahbuzlu, “Şəhid ailələrinə Dəstək” ictimai birliyinin üzvü Almaz Zeynalova, “Bayramsız Laçın, Laçınsız Bayram” kitabının gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində çöx böyük əhəmiyyət kəsb etməsini, bu kitabın bütün orta məktəblərdə mütləq təbliğ olunmasının vacibliyini xüsusi vurğuladılr. Təqdimat mərasimində həmçinin, Azərbaycan Kooperasiya Universitetinin müəllimi, professor Zahid Məmmədov, professor Tofiq Seyidzadə, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri Miri Məmmədov, Əmək və Müharibə veteranı, daxili xidmət polkovniki Həmid Cəfərov, ehtiyatda olan polkovnik Sücəddin Abdullayev, fəlsəfə elmləri doktoru Əsədulla Qurbanov, əməkdar jurnalist Bəbir Yusifov, Bayram Məmmədov adına Minkənd orta məktəbin direktoru İlqar Şahverdiyev, şair-publisist Məmməd Qəhrəmanoğlu, türk şair-publisist Fəsi Alıoğlu, “Qarabağ Əlillər Cəmiyyəti”nin sədri Salman Xudaverdiyev, Nərimanov rayon “Şəhid ailələrinə Dəstək” ictimai birliyinin sədri Elçin Əzizov, şair Oqtay Rza, şairə Mənsurə Alışlı, Bayram Məmmədovun ailə üzvləri, döyüş yoldaşları da iştirak edirdilər. Təqdimat mərasimində orta məktəb şagirdləri Ayxan İmanov və Fatimə Fitayeva qəhrəmanlıq mövzusunda şerlər söylədilər, Minkənd məktəbinə həsr olunmuş film nümayiş etdirildi