Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirildi.
Tədbiri giriş sözü ilə kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, 12 yanvar 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncamda qeyd olunub ki, adının YUNESKO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsi Azərbaycanın çoxəsrlik zəngin ədəbiyyatı tarixində silinməz izlər qoymuş bu qüdrətli söz ustasının yaradıcılığındakı humanist dəyərlərə verilən yüksək qiymətin təzahürüdür. Molla Pənah Vaqif öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir.
Şair Şahlar Baba Vaqif yaradıcılığının əsas xüsusiyyətləri ətrafında çıxış etdi. Bildirdi ki, Vaqif qəzəl, təcnis, müxəmməs, müstəzad, müəşşərə, məsnəvi və mərsiyələr yazmaqla bərabər yaradıcılığının böyük bir qismini də aşıq poeziyasından götürülmüş qoşma növündə şerlər təşkil etmişdir. Çıxışını Vaqifin bir neçə qoşmasının oxumaqla bitirdi.
Bəstəkar, müğənni Elxan Rəsuloğlu bildirdi ki, Vaqif öz əsərlərində həyat eşqini, gözəli və gözəllikləri vəsf etmişdir. Onun şerləri oxucuda obrazın həm xarici görünüşünün, həm də daxili dünyasının canlı təsəvvürünü yaradır. Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan poeziyası tarixində mühüm mərhələlərdən birini təşkil edir. Bu yaradıcılıqla Azərbaycan şeri tarixində yeni bir dövr başlanır. E.Rəsuloğlu çıxışını Vaqifin sözlərinə bəstələnmiş mahnıların ifası ilə bitirdi.
Şöbə müdiri Səadət Şəfiyeva, baş kitabxanaçı İradə Kərimova, böyük kitabxanaçı Almaz Əhmədova kitabxanada Vaqif yaradıcılığının təbliğindən, oxucuların bu zəngin irsə maraq və tələbatından danışdılar.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Səməd Vurğunun “Vaqif” dramından kiçik səhnəciklə çıxış etdilər.
Tədbirin sonunda “Azərbaycan şairi, dövlət xadimi Molla Pənah Vaqif -300” adlı kitab sərgisinə baxış keçirildi.