Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Ana dilimizi sevək” adlı musiqili ədəbi-bədii gecə.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 21 fevral 2019-cu il tarixdə “Ana dilimizi sevək” adlı musiqili ədəbi-bədii gecə keçirildi.
Kitabxananın direktoru Oruc Quliyev tədbiri giriş sözü ilə ümummilli lider Heydər Əliyevin “Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” sözləri ilə açdı. Qeyd etdi ki, dil insanın, millətin varlığının təcəssümüdür. Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi ana dilimizin gözəl bilicisi, mahir natiq olan ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva çıxışında bildirdi ki, Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana dili günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.
175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev dövlət dili olan Azərbaycan dilinin zənginliyindən, ifadə imkanlarından danışıb, öz ana dilini bilməyən insanları “şikəst insanlar” adlandırdı.
“Həkəri” qəzetinin baş redaktoru, şair, publisist Rauf İlyasoğlu yetmiş il Sovetlər birliyində yaşamağımıza baxmayaraq doğma dilimizi qoruyub saxlamağımızdan, Azərbaycan dilinin çox mükəmməl bir dil olmasından, bu mövzuda şerlər yazmasından danışdı.
Yazıçı-publisist, tərcüməçi Azər Hacıbəyli dilimizin qorunmasını ulu öndər Heydər Əliyevin dil siyasətinin bariz nümunəsi kimi adlandırdı. Çıxışının sonunda “Vətən saatı” silsiləsindən “Ana dünyası” poeması olan kitabını kitabxanaya hədiyyə verdi.
Bakı İslam Universitetinin kafedra müdiri, “Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski 1978-ci ildə ana dilimizin “Dövlət dili” statusu alması, müasir gəncliyin öz doğma dilindən savayı digər dilləri də öyrənib sərbəst danışmaları ətrafında çıxış etdi.
“Milli Mənəvi Dəyərlərimizə Dəstək” ictimai birliyinin üzvü Lalə Baxşıyeva, mətbuat rəhbəri Xədicə Azad, ictimaiyyətlə əlaqələr deportamentinin sədri Ziya Yaqubzadə “Oğuz” qrupuna daxil olan Azərbaycan dilinin tarixinin on üçüncü əsrdən başlamasından, hər zaman inkişaf etdirilməsindən, milli dəyərimiz, milli sərvətimiz olmasından danışdılar.
175 saylı orta məktəbin şagirdləri Xəlil Rza Ulutürkün “Ana dilim”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə” şerləri əsasında və saitlərə həsr olunmuş ədəbi kompozisiyalarla çıxış etdilər. “Ana dilim”, “Bayrağım”, “Şirin dilim”, “Azərbaycan dili” şerlərini söyləyəndən sonra Abbasqulu ağa Bakıxanovun “Hikmətin fəziləti”, Səməd Vurğunun “Vaqif” dramından səhnələr göstərdilər, “Sənsən” mahnısını, “Azərbaycan” rəqsini təqdim etdilər.
Musiqili ədəbi-bədii gecənin sonunda “Ana dilim, doğma dilim” adlı kitab sərgisinə baxış keçirildi.






















