Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 31 mart 2017-ci il tarixdə 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Soyqırım, milli faciə” mövzusunda tədbir keçirildi.
Tədbir vətənin azadlığı, suverenliyi uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb bildirdi ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları hələ1905-1907-ci illərdən azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirirdilər. 1918-ci ilin 30 mart 03 aprel tarixləri arasında əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlanmışdır. Nəticədə minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir. Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə azərbaycanlıların ermənilər tərəfindən soyqırım faktları ətrafında çıxışından sonra gənclərimizi tariximizi dərindən öyrənməyə səslədi. “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Mehriban Abdullayeva erməni vandalizmindən danışandan sonra “Qarabağ. Közərən xaç” filmi haqqında geniş məlumat verdi. Şair Oqtay Rza gənclərdə vətənpərvərlik hissini gücləndirməyə səslədi və Qarabağ mövzusunda yeni yazdığı şerlərini oxudu.
Azərbaycan Pedaqoji Kollecin tələbələri Xəyalə Əliyeva, Nailə Baxşəliyeva, Ləman Vəlixanlı Azərbaycana, Qarabağa həsr olunmuş şerlərdən ibarət ədəbi kompozisiya ilə çıxış etdilər. Tədbir boyu erməni vəhşiliklərinin sübutu olan sənədli film nümayiş etdirildi. Tədbirdə həmçinin, “Respublika Veteranlar və Ağsaqqallar Şurası”nın üzvü Sevil İsrafilova, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, AZƏR TAC-ın xüsusi müxbiri Zərəngiz Dəmirçiqayalı, “Qlobal Dünya Müasir Azərbaycan” birliyinin təsisçisi Səbinə Babayeva, Şəhid Ailələrə Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, 7 saylı Peşə Məktəbinin müəllimi Əkbər Rüstəmov, şairlər Zakir Ağdamlı və Şahlar Baba, müğənni, bəstəkar Elxan Rəsuloğlu, “Azad Qələm” cəmiyyətinin üzvü Şükür Müseyiboğlu, “Qarabağ Əlillər Cəmiyyəti”nin üzvü Salman Xudaverdiyev, Yasamal rayonu MKS-nin böyük metodisti İradə Hüseynova, “İnsan Hüquqları Müdafiə Mərkəzi”nin üzvü Səyyd Bayramov da iştirak edirdilər. Tədbirin sonunda “Milli soyqırım” adlı kitab sərgisinə baxış keçirildi.