Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 02 fevral 2017-ci il tarixdə “Gənclər gələcəyimizdir” mövzusunda görüş keçirildi.
Görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra başladı. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb 2 fevral tarixinin Gənclər Günü kimi elan edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirdi. Qeyd etdi ki, məhz ulu öndərin ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyulmuş, prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim hiss etmişlər. 1996-cı il 2 fevral tarixində məhz dahi rəhbər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilmiş, 1997-ci ildən isə verdiyi sərəncama əsasən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlamışdır. Tahir Sadıqov həmçinin, çıxışında Azərbaycan gənclərinin inkişafımızın hər sahəsində uğurlarından və torpaqlarımızın toxunulmazlığı naminə göstərdikləri qəhrəmanlıqlardan da danışdı. Yasamal Rayonu İcra Hakimiyyətinin nümayəndəsi Vaqif Məmmədov bildirdi ki, bu günün gəncliyinin hərbi-vətənpərvərlik tərbiyəsi çox yüksəkdir. Gənclərimiz öz uğurları ilə dünyanın hər yerində Azərbaycan bayrağını qaldırırlar. Əgər Rusiya Federasiyasında Vladimir Putinin sərəncamı ilə bir Azərbaycan gənci İqtisadi İnkişaf Nazirinin müavini təyin olunursa, bu yalnız respublikamız üçün böyük fəxrdir. Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva çıxışında qeyd etdi ki, bu günün gəncliyi Azərbaycanın sabahı, gələcəyidir. Azərbaycanın öz gəncləri ilə fəxr etməyə sözün əsl mənasında haqqı vardır. Çünkü, bu günkü gənclik Azərbaycanı hər bir sahədə dünya miqyasında təmsil etməyə qadirdir. Bakı Dövlət Universitetinin tələbəsi Ədilə Ramazanova, Pedaqoji Universitetin tələbəsi Çinarə Nağıyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Leyla Əsədullayeva 2 fevral Gənclər Gününün elan olunma tarixindən danışandan sonra bu günkü Azərbaycan gənclərinin idman, elm, incəsənət və digər sahələrdə respublikamızın adına uğur, qələbə yazmalarından, himnimizi səsləndirib bayrağımızı qaldırmalarından söhbət açdılar. Tədbirdə həmçinin, “Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə Dəstək” ictimai birliyinin sədri Tofiq Əlizadə, Respublika Qadınlar Cəmiyyəti Nərimanov rayon şöbəsinin üzvləri Rəna Xudiyeva, Təranə Qasımova, Yeganə Ələkbərova, psixoloq, psixoterapevt Şəfəq Qurbanova, şair-publisist Şahlar Baba, şairə Mərcan Şahbuzlu, AMEA-nın əməkdaşı Cahangir Qocayev, Azərbaycan Radiosunun diktoru Eldost Bayramov, “Şəhid Ailələrə Sosial Dəstək” ictimai birliyinin sədri Almaz Zeynalova, “Ədalət.az” saytının rəhbəri Yasəmən Qəyyumlu, Bakı milyonçusu Ağamusa Nağıyevin nəvəsi Dilarə Ağamusa, BDU-nun, Azərbaycan Dillər Universitetinin tələbələri də iştirak edirdilər. Bədii hissədə aktyor Əli Nur şer söylədi, “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyinin üzvü, müğənni, bəstəkar Elxan Rəsuloğlu və Asəf Zeynallı adına Kollecin tələbə ansamblı musiqi proqramı ilə Ceyhun Qənbərovun ifasında bir neçə mahnıyla çıxış etdilər. Tədbirin sonunda “Azərbaycan gəncliyi, Azərbaycanın gələcəyi” adlı kitab sərgisinə baxış keçirildi.