“Cəbrayılın ilk şəhidi” adlı kitabının təqdimat mərasimi

04 mart, 2024
Paylaş:

“Cəbrayılın ilk şəhidi” adlı kitabının təqdimat mərasimi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı - publisist Dürdanə Qaraşovanın Cəbrayılın ilk şəhidi Çingiz Musa oğlu Qasımova həsr edilmiş "Cəbrayılın ilk şəhidi" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Cəbrayıl rayon icra hakimiyyətinin nümayəndəsi, qazi Abbas Abbaslı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Tariyel Abbasov, filologiya üzrə fəlsəfə doktoru, jurnalist Şakir Əlif oğlu, Cəbrayıl rayon 5 nömrəli tam orta məktəbin direktoru Faiq Qurbanov, Cəbrayıl rayon Tarix diyarşünaslıq muzeyinin direktoru Fətullayeva Aytən, Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru Savalan İman, şair - publisist Fəxrəddin Meydanlı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika-Elmi Texniki Kitabxananın şöbə müdiri Amaliya Qənbərova, media nümayəndələri, tələbə-gənclər və şəhidin ailə üzvləri iştirak edib.

Tədbir Azərbaycan dövlətinin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov  Şanlı Zəfər tarixinə nəzər salaraq, böyük Sərkərdə,  Ali Baş Komandan cənab Prezident İlham Əliyevin müdrik siyasəti, rəşadət göstərən əsgər və zabitlərimizin qəhrəmanlığı, arxa cəbhədə çalışan xalqımızın əzm və iradə, birlik və həmrəyliyi sayəsində düşmənə sarsıdıcı zərbələr endirildiyini və bununla da, tariximizə yeni bir səhifənin yazıldığını, şəhidlərimizin qisasının alındığını söylədi. Vətənin mərd oğulları ilə tanındığını bildirərək, bu oğulları Vətən üçün yetişdirən mərd anaların fədakarlığının və şəhidlərimizin əziz xatirəsinin daim diqqətdə və qəlblərdə yaşayacağını söylədi. Azərbaycan  Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Azərbaycan oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə bir örnək olduğunu bildirərək, bu mövzuda qələmə alınan əsərlərin əhəmiyyətindən danışdı.

Kitabın müəllifi Dürdanə Qaraşova kitabın yazılmasında iştirak edən şahidin ailə üzvlərinə, cəbhə yoldaşlarına dərin hörmət və ehtiramını bildirərək, kitabın məhz şəhid Çingiz Qasımovun ailə üzvlərinin və özünün şəhid ilə şəxsi tanışlığı, birlikdə keçən uşaqlıq və məktəb illərinin  xatirələri əsasında qələmə alındığını söylədi.

Tədbir iştirakçıları Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin yaşadılması üçün vətənpərvərlik mövzusunda əsərlərin qələmə alınması ilə yanaşı, bu mövzuda filmlərin, rəsmlərin çəkilməsi, şəhidlərin şəxsi eksponatlarından ibarət muzeylərdə guşələrin yaradılması əhəmiyyətindən danışdılar.

Şəhidin ailə üzvləri qardaşları şəhid Çingiz Qasımov ilə bağlı xatirələri bölüşərək,   tədbirin məhz mədəniyyət ocağı olan Gənclər  Kitabxanasında təşkil olunmasından böyük məmnunluq hissi duyduqlarını qeyd etdilər.

Tədbirin sonunda Dürdanə Qaraşovanın müəllifi olduğu “Cəbrayılın ilk şəhidi” kitabı kitabxanaya hədiyyə edilib.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()