Çarlz Bukovski
"Bir dəfə bir ruhi xəstəxanaya getdim, ziyarət üçün. Oradakı xəstələrdən biri məni tanıdı "Çarlz Bukovski sən deyilsənmi?", - deyə soruşdu. Kitablarımı oxumuşdu. Bəlkə də bu səbəbdən oradaydı". Bu sözlər amerikalı yazıçı Çarlz Bukovskiyə aid idi... Onu hər kəs bir cür tanıyır. Kimisi ona əyyaş, kimisi də guya mərhəmətlə yanaşaraq yaşlı avara deyir. Hər necə olur-olsun, bir çox insanın həyatında, xüsusilə də gənclik illərində onun önəmli bir yeri olduğu danılmazdır. Çünki o, dəbdəbəli təriflərdən uzaq olmuş, küçə ədəbiyyatını kökündən vurmuş, bəzən özünü içkiyə, bəzən qadınlara təslim etmiş, yazdıqlarını senzurasız yazmışdı.
Almaniyanın Andernax şəhərində anadan olan bu yazıçının əsl adı Henrix Bukovskidir. Atası Henri Çarlz Bukovski bir amerikan əsgəri, anası Katerina Fett isə qadın dərzisi olub. Uşaq ikən, ümumiyyətlə, səssiz olan və bu səbəblə də diqqətçəkən Bukovski bəzən dəli olmaq həddinə gəlib özündən asılı olmayaraq gözlənilmədən qoçuluqlar edib. Uşaqlıq dövründə atasından gördüyü zorakılıq və anasının bu işgəncələrə göz yumması onun ailəsinə və insanlara olan nifrətinə yol açıb. Bukovskinin çətin uşaqlıq keçirməsi sonralar onun "özünəxas üslubunda" da böyük rol oynayıb.
Həyatının çox hissəsini ABŞ-ın Los-Anceles şəhərində keçirən yazıçı liseyin məzunu olduqdan sonra sənət, jurnalistika və ədəbiyyat dərsləri alıb. Yazmağa başladığı gündən etibarən əsərlərini çap etdirmək üçün müxtəlif jurnallara göndərən Bukovskinin yazıları həmişə geri qaytarılıb. Ancaq 24 yaşındaykən "Aftermath of a Lenghty Rejection Slip" adlı qısa hekayəsi dərc edilib. Romanlarının bəziləri uydurma olan yazıçı onları başına gələn bir hekayə kimi təqdim edib.
İlk evliliyi Barbara Fray adlı qadınla olsa da, sonradan onunla yollarını ayırmışdı. Sonralar isə Francis Smith ilə qeyri-rəsmi yaşayan yazıçının bu qadından bir qızı dünyaya gəlib.
İçki düşkünü olan Bukovski, hətta bir dəfə bu səbəbdən ölümün ucundan da dönüb. Belə ki, spirtin təsirindən komaya düşən yazıçı xəstəxanalıq olubmuş. Tüfeyli həyat yaşadığı üçün bir neçə dəfə həbs olunmuş, döyülmüş, hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmişdir. "Avaraların yanında çox rahatam, çünki mən də avarayam. Qanunu sevmirəm, əxlaqı sevmirəm", - demişdi yazıçı... Bununla belə Bukovski həyatı və özünəməxsus yazı üslubu ilə Amerika ədəbiyyatına möhürünü vurmağı bacarıb.
Ömrünün sonuna qədər içkiyə aludə olan yazıçı 73 yaşında sümük iliyi xəstəliyi, leykoz səbəbindən vəfat edib.
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.