Böyük milli ruh və düşüncə insanı
“Xalq qəzeti” redaksiyası 2023 – “Heydər Əliyev İli” ilə əlaqədar dahi şəxsiyyətin Azərbaycanın sürətli inkişafı və mədəni intibahı üçün uzun illər boyu gördüyü titanik işlər barədə görkəmli ziyalılarımızın xatirələrini dərc edir.
Əməkdaşımız görkəmli uroloq həkim, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, YAP Veteranlar Şurasının üzvü Südeif İmamverdiyev ilə görüşüb, ondan unudulmaz lider barədə fikir və düşüncələrini oxucularla bölüşməsini xahiş edib. Həmin söhbəti təqdim edirik.
…Südeif müəllimlə əvvəlcədən razılaşdığımız kimi, onun Mirqasımov adına Respublika Klinik Xəstəxanasındakı iş kabinetində görüşdük. Akademik qısa hal-əhval və tanışlıqdan sonra ümummili lider barədə böyük sevgi və heyranlıqla söz açmağa başladı:
– Mən 1969-cu ilin iyulunda Heydər Əliyevin respublikamızın rəhbəri seçilməsi barədə xəbəri Bolqarıstanın “Qızılqum” sanatoriyasında istirahət edərkən eşitmişəm və bu xəbərə çox sevinmişəm. O zaman gənc tibb elmləri namizədi idim, Respublika Həkimləri Təkmilləşdirmə İnstitutunda işləyirdim.
Sevinməyimin səbəbi var idi. Heydər Əliyev barədə hələ Tibb İnstitutunda tələbə olarkən məlumatlıydım. Belə ki, bu təhsil ocağındakı siyasi iqtisad kafedrasının müəllimi Aqil Əliyevin özündən böyük Heydər adlı qardaşının respublikanın dövlət təhlükəsizliyi orqanlarında böyük vəzifə tutduğu və xüsusilə onun vətənpərvər və yüksək peşəkar kadr olduğu barədə fikirlər yayılmışdı.
Sonrakı illərdə bir vətəndaş kimi, bu məsələ mənim diqqətimdə idi. Eşidirdim və bilirdim ki, Heydər Əliyevin karyera yüksəlişi təhlükəsizlik orqanlarında milli ruhlu kadrların yüksək vəzifələrə irəli çəkilməsi ilə müşayiət olunur. Bu, mənə və çevrəmdə dost və tanışlara böyük ümidlər bəxş edir, bizi xoşbəxt edirdi.
Xoşbəxtlikdən, Heydər Əliyev ilk gündən respublikanın rəhbəri kimi xalqımızın ona bəslədiyi böyük ümidləri doğrultdu. Onun siyasi hakimiyyətə gəlişilə respublikamızda mənəvi-psixoloji ab-hava müsbətə doğru dəyişdi. Ölkədə nizam-intizam, qanunçuluq möhkəmləndi, Ən başlıcası, bir çox özündənrazı rəhbərlər özlərini yığışdırdılar. Onlar artıq başa düşdülər ki, öz hərəkətlərinə cavabdeh olmağa borcludurlar. Bütün bunlar, əlbəttə, xalqı, sadə insanları razı salırdı.
Hamı gördü ki, respublikanın rəhbəri milli ruhlu insandır, yüksək əxlaq və mənəviyyat daşıyıcısıdır. Fikrimcə, dövlət idarəçiliyində mənəviyyat hər şeydən üstündür, mənəviyyat olmayan yerdə heç bir irəliləyiş mümkün deyil. Heydər Əliyev milli ruha, əxlaqa bütün varlığı ilə bağlı, saf şəxsiyyətdir. O, hər zaman xalqının yanında olub, onun sözünü deyib, cəsarətlə haqqı, ədaləti müdafiə edib.
Xalq hər şeyi yaxşı duyur, hiss edir və görür. Azərbaycan xalqı ulu və müdrikdir. O, hər bir siyasətçini əxlaqına, əməlinə görə qiymət verib dəyərləndirir. Xalqın gözündən heç nə yayınmır. Azərbaycan insanları öz sevimli rəhbərləri Heydər Əliyevə daim inanıblar, onun göstərdiyi müdrik yolla irəliləyiblər.
Bir məqamı xüsusi vurğulamaq istərdim. Belə ki, Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dönəmlərdə ölkəmizdə elə bir insan, elə bir ailə, elə bir ziyalı olmayıb ki, tutduqları vəzifə və səlahiyyət dairələrindən asılı olmayaraq, onların həyat və fəaliyyətlərində, üzləşdikləri çətinliklərin həll olunmasında, maddi rifahlarının yaxşılaşmasında Heydər Əliyevin birbaşa və ya dolayısı müsbət təsiri olmasın.
Ulu öndərin bir alim və ziyalı kimi şəxsən mənim taleyimdə oynadığı əvəzsiz roldan söz açmaya bilmərəm. Mən 1970-ci illərin əvvəllərində doktorluq dissertasiyasını müdafiə etməyə hazırlaşırdım. Bakıda bəzi səlahiyyətli şəxslər mənə müxtəlif yollarla maneçilik törədirdilər. Mən onlara dedim ki, siz məni incitməyin, mən mütləq yol tapıb bu barədə Heydər Əliyevə məlumat verəcəyəm.
Onlar Heydər Əliyevdən ehtiyatlanıb mənim yolumdan çəkildilər.
1972-ci ildə Moskvadakı Böyük Cərrahiyyə Mərkəzinə ezam olundum. İki il orada qalıb gərgin elmi tədiqatlarımı davam etdirdim. Orada çox məşhur həkimlər, alimlər çalışırdılar. Mənim elmi rəhbərim dünya şöhrətli həkim, akademik Boris Vasilyeviç Petrovski idi. O, həm də SSRİ səhiyyə naziri vəzifəsində işləyirdi.
Respublikamızın rəhbəri Heydər Əliyev ilə akademik Petrovski arasında bərk dostluq münasibətləri vardı. Akademik Heydər Əliyevin parlaq şəxsiyyətinə dərin inam və hörmət bəsləyir, Azərbaycandan olan istedadlı gənc həkim və mütəxəssislərə xüsusi rəğbətlə yanaşırdı. Bunu hər addımda hiss edir və dərin qürur hiss keçirirdik. Təbii ki, üzərimizə düşən məsuliyyəti anlayır, respublikamızın, onun liderinin adına layiq olmağa çalışırdıq. Mən orada 36 yaşımda böyük uğurla doktorluq dissertasiyasını müdafiə elədim.
Bakıya qayıdandan sonra Heydər Əliyevin ölkəmizin sürətli inkişafı üçün gördüyü işləri daha yaxından izləməyə başladım. Onun müdrik rəhbərliyinin qüdrəti hesabına Azərbaycan sürətlə inkişaf və tərəqqi edirdi. Heydər Əliyev Azərbaycanı güclü və qüdrətli görmək istəyirdi. Onun adı gələn yerdə bağlı qapılar açılır, haqq-ədalət öz yerini tapırdı. O, həqiqətən, yüksək xarizmaya malik görkəmli dövlət xadimi di.
Heydər Əliyev həyatda da, siyasətdə də hər zaman mənim idealım olub. Dəfələrlə özümə sual vermişəm: Heydər Əliyev bu qədər gücü və enerjini haradan alır? Gəldiyim sadə qənaət isə budur: dahi siyasətçi gücünü, enerjisini, qüvvətini xalqından alırdı. Bəli, o, bütün varlığı ilə xalqına inanır və ona güvənirdi. Əlahəzrət Zaman göstərdi ki, bu sevgi və inam qarşılıqlı olub!
Sonra Heydər Əliyev SSRİ kimi böyük bir dövlətin rəhbərlərindən biri oldu. Onun Moskvadakı parlaq fəaliyyəti yaxşı yadımdadır. O zaman çoxları etiraf edirdilər ki, Kremldə Heydər Əliyevə bərabər ikinci güclü siyasətçi yoxdur. Bütün dünya onun fəaliyyətilə yaxından maraqlanır, dərin ağıl və zəkasına, müdrikliyinə heyran qalırdı.
Təəssüf ki, Heydər Əliyev 1982-ci ilin payızında Moskvaya ali vəzifəyə irəli çəkiləndən sonra Bakıda kadr siyasətində və idarəetmədə aşkar boşluqlar yarandı. Yüksək vəzifələrdə çalışan dostlarım mənə deyirdilər ki, sonrakı rəhbərlər onun yerini verə bilmirlər. Artıq işlər o cür getmirdi. Çünki respublikanın sonrakı rəhbərlərinin heç biri xalqa Heydər Əliyev qədər yaxın deyildi. Onların heç birində o yüksək milli ruh və düşüncə dərinliyi yox idi. Onların bacardıqları bu qədər idi, gördükləri işlər isə ölkəyə xeyirdən çox ziyan gətirirdi.
Bir daha məxsusi olaraq vurğulayıram ki, onlarda Heydər Əliyevə xas olan milli ruha bağlılıq, o dərinlik yox idi. Bilirsinizmi, ruhun kökündə düşüncə dərinliyi olmalıdır. Məhz düşüncə dərinliyi insanın proseslərə yanaşma tərzini müəyyənləşdirir. Heydər Əliyev sözün həqiqi mənasında böyük milli ruh və düşüncə insanı idi!
Bu parlaq şəxsiyyəti Kremldən uzaqlaşdırmaqla, xain Qorbaçov Qarabağda erməni separatçılarının dəyirmanına su tökdü. Ermənilər xalqımızın əzəli və əbədi torpaqlarına göz dikmişdilər. Moskva onlara himayədarlıq edir, daxilimizdə isə siyasi çəkişmələr bitib-tükənmirdi. Bir sözlə, Vətən əldən gedirdi.
Millətin qarşısında taleyüklü bu sual vardı: nə etməli? Yeganə çıxış yolu Heydər Əliyevin varlığı idi. O, ağır, çətin günlərdə, xoşbəxtlikdən, bunu dərk edən insanlar çox idi ki, az deyildi. Bəli, Azərbaycanı parçalanıb yox olmaq fəlakətindən yalnız Heydər Əliyev dühası, qətiyyəti və müdrikliyi xilas edə bilərdi!
O, ağır dönəmdə bir qrup nüfuzlu ziyalı Heydər Əliyevə müraciət edərək, ondan yenidən siyasi hakimiyyətə qayıtmasını israrla xahiş etdi. Ulu öndər xalqının səsinə səs verdi. Bu, danılmaz bir həqiqətdir ki, Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəlib Vətənimizi üzləşdiyi ağır bəlalardan hifz edib qorudu.
Sonrakı proseslər hər birimizə yaxşı məlumdur. Mən sonsuz dərəcədə xoşbəxt insanam ki, həmin “91-lər”dən biriyəm.
Südeif müəllim bu sözləri deyəndə onun gözlərində sonsuz sevinc hissi gördüm. Çox həyəcanlı idi. Xarakter və təbiətcə sakit, təmkinli insan olan akademik Heydər Əliyevin böyük xilaskarlıq missiyası barədə sadəcə, sakit tərzdə heç vaxt danışa bilməyib. Bu dəfə də duyğu və hissləri onu kövrəltmişdi.
Həmsöhbətim bir neçə dəqiqədən sonra artıq sakit tərzdə dedi:
– Azərbaycan xalqı 19 il əvvəl ulu öndərin fiziki yoxluğundan sonra cənab İlham Əliyevi özünə yeni rəhbər seçməklə, bir daha öz büyüklüyünü, müdrikliyini nümayiş etdirdi. Heydər Əliyevin pak ocağında halal tərbiyə alaraq böyüyən Prezidentimiz öz dərin ağlı, zəkası və qətiyyəti ilə məni ilk gündən heyran edib. Mən bu gün hamı kimi qalib ölkənin qalib Prezidenti ilə fəxr edirəm!
Akademik danışır, mən isə onun ürək sözlərini bloknotuma qeyd edirdim:
– Üç dildə sərbəst danışan, xalqının milli maraqlarını göz bəbəyi kimi qoruyan, hər yerdə millətinin başını uca edən dövlətimizin başçısı ilə necə sonsuz bir fəxarət duymamaq olar?! Allah xalqımızı və dövlətimizi qorusun!
Südeif müəllimlə sağollaşıb kabinetindən çıxanda məni lütfkarcasına liftə qədər ötürüb qəlbindən dilinə axan bu sözləri dedi:
– Siz mənə nisbətən cavansınız, yadınızda saxlayın: Nə qədər ki, Heydər Əliyev ideyaları və idealları yaşayır, Azərbaycana heç bir zaval yoxdur, əksinə, məmləkətimiz gündən-günə daha da inkişaf və tərəqqi edəcək! İnşallah, hər zaman belə olacaq!
Söhbəti qələmə aldı:
Məsaim Abdullayev,
“Xalq qəzeti”