Boris Pasternak
Ömrü özünü və həqiqəti axtarmaqla keçən şair. 70 illik həyatında sovetlərin həm sevimlisi, həm də düşməni olmuş adam. Tarixdə Nobel mükafatından imtina etmiş müəmmalı bir sovet şairi kimi qaldı.
Ancaq "Doktor Jivaqo" romanına görə Nobel alan ilk sovet adamı idi. Söhbət XX əsr rus ədəbiyyatının unudulmaz simalarından olan yazıçı, şair, tərcüməçi Boris Leonidoviç Pasternakdan gedir... Ədəbiyyata olan sevgisi, yazdığı şeirlər onun necə bir insan olduğunu izah edirdi. Bəzən deyirlər qadın şeirə bəhanədir. Bəlkə də Pasternakın qadınları da onun şeirləri, onun ədəbiyyatı üçün idi. Ədəbiyyat isə onun üçün yalnız həqiqətdən keçirdi. Yaşadığı cəmiyyətdən haqqı olan diqqəti və dəyəri görmədi. Ancaq Boris Pasternak ömrünün sonunadək həqiqəti yazmaqdan çəkinmədi. Şairin həyat yolunu izlədikcə qarşımıza üç söz çıxacaq: sevgi... çarəsizlik... həqiqət...
Boris Leonidoviç Pasternak Moskvada rəssam və pianoçu ailəsində dünyaya gəlib. Uşaqlıqdan Pasternak öz evlərində məşhur insanlar görüb: doğulduğu evə musiqiçilər, rəssamlar, ədəbiyyatşünaslar təşrif buyurardı. Məhz buna görə, o, Rusiyanın ən məşhur incəsənət adamları ilə uşaqlıqdan tanış olmuşdu.
Pasternakın özü heç də pianoda pis ifa etmirdi, rəsm çəkməyi də yerindəydi. Beləcə, balaca Boris gördüklərini tətbiq edə-edə böyüdü. 18 yaşına çatanda Moskava İmperiya Universitetinin hüquq fakültəsinə daxil oldu, ancaq bir neçə il keçdikdən sonra fəlsəfə tarixi fakültəsinə köçürüldü. Bir neçə il fəlsəfəylə məşğul olan Pasternak anasının günlərlə yığdığı pulla Almaniyaya, ordakı tanınmış filosofların mühazirələrini dinləməyə gedir. Özünü bu sahədə yetişdirəcəyini düşünən Pasternak Almaniyada ümidsizliyə düşür. Geridə qalan pulla İtaliyaya getməyi qərara alır. Moskvaya geri qayıdanda isə Pasternak artıq fəlsəfənin içində bütövləşə bilməyəcəyini anlayır və poeziyaya atılır...
Şair Oktyabr inqilabı dönəmində yeni hökumətin qəddarlığını görsə də, onun inqilabı dəstəkləməkdən başqa çarəsi qalmır. Müasirləri, yaxın tanışları, dostları Pasternakın gözəl səsindən, yaraşığından danışmaqdan doymurdular. Deyilənə görə, Pasternakın görkəmində nəsə cazibəli bir şey vardı ki, o da insanı özünə cəlb edirdi. Onun əllərinin zərif, pianoçu əlləri kimi yumşaq olduğunu deyənlər də var. Pasternak qadınların daim diqqətindəydi. Bu adama vurulan çox qadın var idi. Pasternak öz tox duruşu, sakit təbiəti ilə digər kişilərdən seçilirdi. Bəlkə də qadınların ona vurğunluğu məhz bu səbəbdən idi. Onun ilk sevdiyi qadın rəssam olub. Adı Yevgeniya Lurye idi. Pasternak bu qadınla düz yeddi il yaşadı. Yeddi ildən sonra Zinaida adlı bir qadınla tanış olan şair Yevgeniyanı tərk edir. O, Luryedən, yəni ilk qadınından ayrılıb Zinaida ilə evləndi. Bu onun ikinci evliliyi idi. On altı il xoşbəxtliyin zirvəsinə qalxan cütlüyün gözəl günləri yeni bir qadının peyda olmasıyla yoxa çıxacaqdı... Olqa İvinskaya adlı qadın isə Pasternakın son seçimi idi. Ömrünün sonuna qədər şair bu qadının sevgisi ilə alışıb yandı...
Həyatının son günlərini sakit və xəstə bir şəkildə keçirən Boris Pasternak 70 yaşında xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişdi. Şairin tərəfdarları onun şeirlərini metro stansiyalarında adamlara paylayırdılar. Peredelkino bağındakı cənazə mərasiminə çoxlu adam gəlmişdi...
Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür.