Beynəlxalq Sülh günü münasibəti ilə “Biz sülhə səs veririk” adlı dəyirmi masa
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 17 sentyabr 2019-cu il tarixdə Beynəlxalq Sülh günü münasibəti ilə “Biz sülhə səs veririk” adlı dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb bildirdi ki, Beynəlxalq Sülh günü 1982-ci ildən keçirilir və həmin gün dünya ölkələrində bir dəqiqəlik sükutla, BMT-nin Nyu-Yorkdakı qərargahında sülh zəngi çalınmaqla qeyd olunur. Dünyada hər kəsin məramı sülh içində yaşamaqdır. Respublikamızın Prezidenti İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, Azərbaycan-Ermənistan münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür.
Yasamal rayon Ağsaqqallar Şurasının üzvü Rafiq Cavadov insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər çür zorakılığın dayandırılması mövzusunda çıxış etdi.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Şamil Məmmədov, Bakı Slavyan Universitetinin tələbəsi Ləman Bəylərova, Qərbi Azərbaycandan məcburi köçkün Samirə Bəylərova çıxışlarında Azərbaycanı sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, beynəlxalq hüququn prinsiplərinə sadiq olan hüquqi dövlət, azadlıq, bərabərlik, ədalət amalı daşıyan müstəqil ölkə adlandırdılar.
Tədbir boyu Beynəlxalq Sülh gününə həsr olunmuş video çarx nümayiş etdirildi.
Tədbirin sonunda “Dünya sülh istəyir” adlı kitab sərgisinə baxış keçirildi.